Ağalar Vəliyev Milli Məclisdə nə üçün danışmır? - 1-ci versiya

8-05-2015, 11:56           
Ağalar Vəliyev Milli Məclisdə nə üçün danışmır? - 1-ci versiya
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Ağalar Vəliyevin təxminən son 5 il ərzində Milli Məclisin neçə iclasında iştirakı bizim üçün təəssüf ki, qaranlıq qalıb. Lakin bizi maraqlandıran məsələlərdən bəzilərinə parlamentimizin stenoqramlarından cavab tapa bilmişik. Yəni, "Azəraqrartikinti" ASC sədrinin parlament müzakirələrində iştirakının statistikasını müəyyənləşdirə bilmişik. Həmin statistikaya diqqət yetirib uyğun nəticəyə gəlmək heç də çətin deyil. Elə buradaca qeyd edək ki, bu açıqlamalarla heç də Ağalar müəllimin işgüzar nüfuzunu aşağılamaq fikrində deyilik.

Lakin əlahəzrət həqiqətdən də qaçmaq olmur. Burada söhbət deputatın Azərbaycan parlamentinə sayğısının güzgüsünə çevrilmiş fəaliyyətindən gedir. Milli Məclisin iclaslarında demək olar ki, danışmayan millət vəkilinin sessiya və iclaslarda iştirakının nə mənası var? Bu barədə ciddi düşünməyin vaxtıdır. Axı, qarşıdan yeni parlament seçkiləri gəlir. Ağalar Vəliyevin YAP üzvü olduğunu nəzərə alaraq hakim partiyanın Milli Məclisdəki danışmayan deputatlardan imtina edəcəyini gözləmək olar. Təcrübəli, saf, vətənsevər və yüksək səviyyəli intellektual YAP-çı gənclər məgər azmıdır? Onları irəli çəkin, qoy bədxahlara tənqid və irad yeri qalmasın. "Azəraqrartikinti" ASC-nin rəhbəri və onun kimi danişmayanları isə qoy öz rəhbərliyindəki qurumun işləri ilə məşğul olsun. Bu gün "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin görüləsi o qədər işləri var ki...Hələ 2011-ci ildən tikintisi yarımçıq qalmış xeyli sayda sosial obyektlərə, o cümlədən məktəb və xəstəxanalara bir əncam çəkilməlidir. Qeyd edək ki, belə obyektlərdən bir çoxunun smeta dəyəri podratçıya çoxdan ödənilsə də, gərəkli işlər görülməməsi səbəbindən istifadəyə verilməyib. "Əlinin papağı vəlinin başına" deyimi burda yerinə düşür. Ağalar Vəliyev özünə sərfəli obyektlərə asanlıqla sərmayələr axtarıb tapa bilir. Beləliklə, Milli Məclisin deputatı Ağalar Vəliyevin adı Dördüncü çağırış AR MM-nin 29 noyabr 2010-cu il tarixli I sessiyasında və 7 dekabr 2010-cu il tarixli iclasında çəkilib. A.Vəliyev IV çağırış MM-in 2010-2015-ci illər ərzində keçirilən ümumilikdə 103 iclasından yalnız 2-də danışıb. Dördüncü çağırış MM-in 23 dekabr 2011-ci il tarixli IV sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında müzakirələrdə çıxış edib. Deputat 2-ci çıxışını 12 iyun 2012-ci il tarixli VI növbədənkənar sessiyada Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş) müzakirələrə qatılarkən irad edib. Hər iki çıxışında təkliflər verən deputatın işgüzar imici formalaşa bilərdi. Lakin qazancı danışmaqdan üstün tutan Ağalar Vəliyev gerçəkdən oliqarx imici formalaşdırmağa nail oldu. Dövlət sifarişləri əsasında ucaltdığı obyektlərlə həm özü ucaldı (ordenlə), oliqarxa çevrildi, həm də özünə milyonlarla manat dəyərində möhtəşəm və dünyada analoqu olmayan saray kompleksi ucaltdı. Unutmayın, bu ucalıqlarda gündə 10-15 manata bir qarnı ac-biri tox qeyri-rəsmi çalışan yüzlərlə, bəlkə də minlərlə qara fəhlənin alın təri var. Vergi orqanlarında və dövlət əmək müfəttişliyində çalışan mütəxəssislər "Azəraqrartikinti" ASC-nin hesabatlarına nəzər saldıqda, bu qurumun dövlət sifarişləri əsasında yerinə yetirdiyi çoxsaylı tikinti və təmir işlərinin belə deyək, bir ovuc inşaatçının əli ilə reallaşdırılmasını az qala möcüzə kimi qəbul ediblər. Əlbəttə. bizə çatan məlumata görə dəfələrlə bu məsələ ilə bağlı Ağalar Vəliyevə ciddi iradlar da olub. Lakin...Buradan da deputatlığın ona nə üçün lazım olduğunu ehtimal etmək çox da çətin deyil. Hər halda, büdcə yeyintilərinin zığ verdiyi işin içindən iş çıxanda millət vəkilliyinin sanbalı ortaya çıxır. "Azəraqrartikinti" ASC-nin sədri belə situasiyalarla az üzləşməyib. Onun dövlət vergi orqanları ilə uzun sürən çəkişmələrini xatırlayın. Sonda nə baş verdi? Millət vəkili öz əvvəlki əzəmətini isbatlaya bildi. Nə isə, qayıdaq Ağalar müəllimin parlamentdəki 2 (tarixi) çıxışına. Bu çıxışları tarixi adlandırmağımıza gözucu baxmayın. Nə bilmək olar, ola bilsin, gələcəyin araşdırmaçıları bu çıxışları dönə-dönə tədqiq edərək neçə-neçə elmi tədqiqat əsəri ortaya qoydu. Bilirsiniz də, belə "hobbilər" xüsusən bəzi millət vəkillərində çoox adi hala çevrilib. Yeri gəlmişkən, bu gün Azərbaycan cəmiyyətində bizim bir sıra millət vəkillərinin hesabına özünə dolanışıq tapan o qədər istedadlı qələm sahiblərimiz və alimlərimiz var ki!!! Təəssüf ki, belə istedadlar qazanc dalınca qaçaraq həqiqi elmdən bir qədər ayrı düşüblər. Parlamentdəki bəzi yazıçı, şair və alim deputatların bəzilərinin dosyesinə diqqət yetirsəniz, bu titulların maddi ekvivalenti barədə müəyyən təsəvvürlər əldə etmiş olarsınız. Ağalar Vəlyev isə yaxşı ki,belə həvəskarlardan deyil. O, iş adamıdır. Düşünürük ki, öz sahəsində müəyyən təcrübəyə malik insandır. Millət vəkili I (tarixi) çıxışında da bu təcrübəsini işə salaraq öz tövsiyələrini verib:Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsini çox mükəmməl və peşəkarlıqla hazırlanmış sənəd kimi qiymətləndirir, bu layihəni hazırlayanlara minnnətdarlığını və təşəkkürünü bildirir. Təqdim olunmuş layihədə bəzi məqamlara diqqət yetirilməsini məqsədəuyğun hesab edən deputatın daha sonra söylədikləri ilə siz də tanış olun: "VII fəslin 37.2-ci maddəsində (söhbət sözügedən Qanunun 8-ci fəsil, 47.2-ci maddəsindən gedir-müəllif) deyilir ki, "ixtisası, peşəkarlığı və maddi-texniki bazası imkan verdiyi hallarda sifarişçi layihəçinin və ya podratçının funksiyalarını tam və ya qismən öz üzərinə götürə bilər"...Fikrimcə, bu maddə podratçı təşkilatların hüquqlarının pozulmasına gətirib çıxarar, tikintinin keyfiyyətinin aşağı düşməsinə və büdcə vəsaitinin qeyri-səmərəli xərclənməsinə səbəb olar.Sual edirəm ki, sifarişçi təşkilat dövlət büdcəsindən maliyyələşdirilən obyektlərdə həm sifarişçi, həm layihəçi, həm də podratçı funksiyasını necə yerinə yetirə bilər? Hesab edirəm ki, bu maddə ciddi ziddiyyət təşkil edir. Bu maddənin tamamilə çıxarılmasını və yaxud sifarişçinin öz vəsaiti hesabına inşa etdiyi obyektlər üçün saxlanılmasını mümkün hesab edirəm". Ağalar Vəliyev 2-ci (tarixi) çıxışında Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsini (2-ci oxunuş) yenə çox mükəmməl və peşəkarcasına hazırlanmış sənəd adlandırır və "bu layihəni hazırlayanlara öz minnətdarlığımı və təşəkkürümü bildirirəm" deyir. Daha sonra çıxışında respublikamızda çox böyük miqyaslı tikinti-quraşdırma və abadlıq işlərinin aparıldığını deyən deputat bər-bəzəkli çıxışında "mən də bu layihənin lehinə səs verəcəyəm" söyləyir. Ağalar Vəliyevin 2-ci (tarixi) çıxışı Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsinə verdiyi xırda düzəlişlər təklifilə sonuclanır. Buyurub baxa blərsiniz: 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə seçilmiş bu deputatın "fəaliyyəti" vur-tut 2 (tarixi) çıxışdan ibarətdir. Əlbəttə. soruşa bilərsiniz ki, Ağalar Vəliyev Milli Məclisdə nə üçün danışmır. Biz də bilirik ki, ona danışmağı yasaq edən hələ ki yoxdur. Buyurub danışsın...\\gundelik-bakı.com\\

2-ci versiyanı gözləyin...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.