Naxçıvanda içməli suyu kəsib, iməcilik ağaclarını sulayırlar...

1-05-2022, 16:11           
Naxçıvanda içməli suyu kəsib, iməcilik ağaclarını sulayırlar...
Naxçıvanın bir çox kənd və qəsəbələrində həyətlərə çəkilmiş içməli suyun verilişi dayandırılıb. Teref.az xəbər verir ki,bu haqda "Gündəlik Naxçıvan"a sakinlərin özləri məlumat verib. Şikayətçilər bildirir ki, onlardan alınan su, iməciliklərdə yol kənarlarına əkilmiş ağaclara verilir.
Şahbuz rayon Sələsüz kənd sakini B. Xanayev deyir ki, bununla bağlı şikayət edəndə, onlara polislə hədə-qorxu gəlirlər:
"Dövlət vəsaiti hesabına 2014-cü ildə kəndimizdə hər həyətə kaptaj üsulu ilə su çəkdilər. Bu suyu həm içməyə, həm çimməyə, həm də əkinə istifadə edirdik. Havalar qızan kimi, yay boyu suyumuzu kəsib, rayon boyuca əkilmiş ağaclara verirlər. Bu səbəbdən içmək və çimmək üçün suyu kilometrlərlə məsafədən əlimizdə daşımalı oluruq. Əkinimiz isə yanıb, məhv olur. Çünki, həyəti də bu suyla suvarırıq. Belə ədalətsizlik olmaz axı. İcra hakimiyyətinə müraciət edirik, bizi polislə hədələyirlər. Deyirlər ki, iməcilikdə əkilən ağaclar hər kəsdən vacibdi. Vacibdirsə, gedin onlara ayrıca su çəkin dağlardan. Bizim suyumuzu niyə kəsirsiz? Təkcə Sələsüz deyil, Şahbuz kəndlərinin əksəriyyəti bu gündədir".
Şərur rayon sakini Faxrəddin Əliyev deyir ki, onların da içməli suyu tez-tez kəsilir:
"İnsanları zorla, qul kimi iməciliyə aparıb, ağac əkdirirlər. O ağacları suvarmaq üçün isə su tapa bilmirlər. Bunu da bizim canımızdan çıxırlar. Bütün yay həyətlərin suyunu kəsib, ağaclara verirlər. Elə olur ki, içməyə su tapa bilmirik. Biz ağac əkilməsi in əleyhinə deyilik, əksinə. Ancaq öncə suvarmaq üçün mənbə tapsınlar, sonra. Həyətlərə gələn suyu, həm də əkin üçün istifadə edirik. Şərur camaatı həyətdə əkdiyi əkin-biçinlə dolanır. Ona da imkan vermirlər".
Məsələyə münasibət öyrənmək üçün Şahbuz rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan, bununla bağlı onlarda informasiya olmadığını, iddiaları araşdıracaqlarını bildirdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.