Müəllimlər İnstitutunun Qazax filialı da bağlanmalıdır

8-05-2015, 16:39           
Müəllimlər İnstitutunun Qazax filialı da bağlanmalıdır
Məlum olduğu kimi Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialına rəhbərlik artıq 3 ildən artıq müddətdir ki, Afaq Qasımovaya tapşırılıb. Afaq xanımın bu vəzifəyə təyinatı filialın keçmiş direktoru tərəfindən çoxsaylı korrupsiya hallarına yol verilməsi və məhz bu səbəbdən həbsə düşməsindən sonra baş tutsa da, bu hadisələrin yeni direktor üçün bir ibrət olduğunu söyləmək qətiyyən mümkün deyil. Yeni təyinatdan bir müddət sonra yerli mənbələrin təqdim etdikləri məlumatlarda isə AMİ-nin Qazax filialında müəyyən dəyişiklikləri yalnız binanın görünüşündə müşahidə etməyin mümkün olduğu bildirilirdi. Bu xüsusda redaksiyamıxa daxil olan şikayət məktublarında bu ali təhsil müəssisəsində yer almış neqativ hallar, filialın direktoru Afaq Qasımovanın işindəki ciddi nöqsanlar barədə məlumatlar indi də öz əksini tapmaqdadır. Həmin məlumatlarda filial direktorunun yol verdiyi özbaşınalıq və qanun pozuntularının son həddə çatması xüsusi qeyd olunur. Bildirilir ki, bir müddət əvvəl başa çatmış qış imtahan sessiyası ilə bağlı ali məktəbdə növbəti dəfə gərginlik yaşanmışdı. Səbəb isə bu olmuşdu ki, hər bir imtahana görə hər tələbədən 50 manat rüşvət alınması barədə göstəriş verən direktor müəllimləri də olduqca pis vəziyyətdə qoyub. Belə ki, bir çox müəllimlər imtahanlara məsuliyyətlə yanaşaraq hazırlıqlı gələn və biliklərinə güvənən tələbələrdən pul istəyə bilmirlər. Lakin Afaq Qasımova bu amili qətiyyən hesaba almır. Onun sərt tələblərinə əsasən pul hamıdan yığılmalıdır. AMİ-nin Qazax filialında təhsil alan tələbələrin təqdim etdikləri məlumatlarda isə bu yığımların hansı fəsadlara yol aça biləcəyinə dair ehtimallar öz əksini tapmaqdadır. Artıq ötən saylarımızdan birində dərc etdiyimiz materialda da bildirmişdik ki, özünü Gülnar Məmmədli kimi təqdim etmiş bir xanım bu filialda baş verənlərə dair ilginc faktlar təqdim etmişdi. Oxucunun verdiyi açıqlamalarda deyilir: “Bu institutda anormallıq bas alib gedir. İmtahan vaxtı tələbələrin fəryadı göyə qalxır. İmtahan biletində olan beş sualın beşini də cavablandırmış tələbəni də “kəsirlər” ki, Afaq xanım qiymət yazmağa icazə vermir, yoxsa bizə (müəllimlərə) tohmet veriləcək. Hər imtahana görə 50 manatdan 1 qəpik də yenmirlər, açıq bazardı. Hətta müəllim tələbəyə obyektiv qiymət yazsa da, dekanlıq imkan verməyəcək. Hər sessiya öncəsi pul vermək istəməyən tələbələrə öz dilləri ilə deyirlər ki, imtahanda “sürünəcəksiniz”. Allah eləsin, bu filial bağlansın, amma tələbələr başqa təhsil müəssisəsinə köçürülsün...” Daha sonra redaksiyamıza daxil olan məlumatlarda Afaq Qasımovanın qeyri-qanuni gəlirlərinə dair maraqlı açıqlamalar da təqdim olunmuşdu. Bu xüsusda mənbə bildirirdi ki, Afaq xanım işə gəlmək üçün hər gün özünün şəxsi “Mersedes - GL” markalı avtomobilində Gəncədən Qazaxa qədər olan məsafəni qət etməli olur. Təbii ki, eyni yol da hər axşam evə qayıtmaq üçün gedilir. Avtomobilin markası nəzərə alınsa, təkcə yanacağa sərf olunan pulun gündəlik 50 manat civarında olduğunu müəyyən etmək olar. Amma bu da var ki, bahalı avtomobillər müvafiq olaraq bahalı texniki xidmət də tələb edirlər. Bundan başqa da Afaq xanım öz avtomobilini şəxsən özü idarə etmir. Bunun üçün filial direktorunun personal sürücüsü də var. Deməli, sürücünün də əmək haqqı nəzərə alınmaqla Afaq xanım hər ay təkcə avtomobilinin saxlanmasına 2000 manatdan artıq vəsait xərcləməlidir. Həm də bu xərclər filial direktorunun aldığı aylıq 400 manat məbləğində məvacibindən ödənilməlidir. Təbii ki, bütün bu hallar ölkənin təhsil sahəsində həyata keşirilən proqressiv islahatlara və ilk növbədə Azərbaycan Müəllimlər İnstitutunun bütünlükdə fəaliyyətinə kölgə salır. Lakin Azərbaycan Müəllimlər İnstitutunun və Təhsil Nazirliyinin rəhbərliyi hələ də Qazax filialında baş verənlərə münasibət bildirməyə tələsmirlər...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.