Nurəddin Zülfüqarlı: “Onlar buna görə cavab verəcəklər”- İttiham edilən portal cavab verdi
8-05-2015, 16:42
Bu günlərdə bir sıra aztirajlı KİV-lərdə belə məlumat yayıldı ki, biznesmen Zülfüqarlı qardaşları Azərbaycandakı biznes və mülklərini satıb gedirlər.
Bundan əlavə, belə bir informasiya da yayılmışdı ki, Zülfüqarlı qardaşları Türkiyədə yeni restoran biznesi qururlar, bu şəbəkədə 50 restoran olacaq.
Qeyd edək ki, Zülfüqarlı qardaşları 2000-ci illərin əvvəllərində Azərbaycanda metaləritmə sənayesinə və metallurgiya biznesinin bir hissəsinə nəzarət edirdilər. Onlar “Baku Steel Company” şirkətinin, habelə nəhəng “Xəzər-boru” boru zavodunun, digər iri müəssisələrin yaradıcısı və sahibi idilər.
Lakin Zülfüqarlı qardaşları, o cümlədən Nurəddin və Loğman Zülfüqarlılar 2005-ci ildə həbs edildilər. Bundan sonra onlar Azərbaycandakı bizneslərinin böyük hissəsini itirdilər. Bundan sonra Zülfüqarlılar klanının başçısı Nurəddin Zülfüqarlı Türkiyəyə köçdü.
Bir çox yerli KİV-lər adını açıqlamadığı mənbələrinə istinadən qeyd edirlər ki, Zülfüqarlı qardaşları Azərbaycan məmurlarından böyük maliyyə dəstəyi almaqda davam edirlər. Bu sırada Sabirabad Rayon İcra Hakimiyyəti maliyyə şöbəsinin rəisi Hüseynağa Gülüşovun, digər sabirabadlı məmur Miralif Əzizovun adları çəkilir, bildirilir ki, həmin şəxslər Zülfüqarlı qardaşları ilə guya qohumdur.
Virtualaz.org saytı bütün bu iddialara aydınlıq gətirmək üçün Nurəddin Zülfüqarlıya müraciət edib.
-Azərbaycan mətbuatı haqqınızda uzun müddət heç bir xəbər yazmırdı. Birdən mətbuat sizi yada saldı. Niyə?
-Mən Azərbaycanın hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət edərək bildirmişəm ki, yüksək rütbəli himayədarlarına arxalanan kriminal qruplaşma Azərbaycan sahibkarlarının biznesini qanunsuz yollarla qəsb edir. Həmin bu qruplaşma dövlətin balansında olan əmlakı da qanunsuz yollarla mənimsəyir.
Yerli mətbuatda haqqımızda zaman-zaman dərc edilən böhtan dolu bütün yazılarda bir məqsəd var: bizi ləkələmək və öz hüquqlarımız uğrunda mübarizədən uzaqlaşdırmaq. Mən bu kriminal qruplaşmanı ifşa etmək üçün 2013-cü il, aprelin 10-da müvafiq hüquq-mühafizə orqanlarına həm birbaşa, həm də KİV vasitəsilə müraciət etmişəm. Bütün cəhdlərimə baxmayaraq bu müraciətlərim gedib ünvanına çatmadı. Bu kriminal qruplaşmanın nümayəndələri də gözəl bilirlər ki, sözüm gec-tez ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına çatacaq. Həmin şəxslər onu da gözəl bilirlər ki, əgər mənim təqdim etdiyim informasiyalar araşdırılsa, onların axırı çatacaq. Ona görə də onlar var gücləri ilə mənimlə mübarizə aparmağa çalışırlar. Onlar zaman-zaman iftira-böhtan dolu belə məqalələr yazdırmaqla ictimai rəyi və hüquq-mühafizə orqanları rəhbərlərinin diqqətini başqa tərəfə yönəltməyə cəhd edirlər. Lakin onların hamısı öz hərəkətlərinə görə gec-tez cavab verməli olacaqlar.
Bu klanın nümayəndələri anlamalıdırlar ki, biz əmlakımızın qəsb olunmasından əldə edilən pulların bu gün Türkiyə, Dubay və Türkiyədə müxtəlif layihələrə sərmayə kimi yatırılması barədə məlumatlıyıq. Əlimizdən alınan pullar hesabına satın alınmış torpaq sahələrinin, daşınmaz əmlakın və restoranların ünvanları bizə məlumdur. Bu məlumatlar gec-tez müvafiq orqanlara da təqdim olunacaq.
-Bəzi KİV-lər yazır ki, siz Azərbaycandakı biznesinizi, əmlakınızı sataraq birdəfəlik Türkiyəyə köçmüşünüz...
-Doğru deyil. Bu, bizim Bakıdakı biznesimizi ələ keçirənlərin və onların himayədarlarının xam xəyalıdır. Bu arzuları çin olmayacaq. Biz Azərbaycanı və Azərbaycan dövlətçiliyini sevirik. Həmişə də belə olacaq.
-Yəni siz Türkiyədə 50 restorandan ibarət şəbəkə yaratdığınızı təkzib edirsiniz...
-Biz hələlik yalnız balaca bir bina kirayələyib orada gənclər üçün kafe açmışıq. Həmin kafedə spirtli içki satışı qadağandır. Gələcəkdə təkcə Türkiyədə yox, Azərbaycanda da belə obyektlər açmaq istəyirik. Biz həmçinin metallurgiya sahəsinə də bir qədər pul qoymuşuq. Öz zəhmətimizlə qazandığımız pulla yaratdığımız hər bir müəssisə gəlir gətirir və gətirəcək.
-Həmin məqalələrdə o da deyilir ki, siz Səbayel rayonundakı və Bakı kəndlərindəki böyük torpaq sahələrinizi də sataraq əldə olunan pulları Türkiyədəki yeni biznesinizə yatırmışınız...
-Bu da növbəti yalandır. Biz həmişə istehsalçı olmuşuq. Zavod və fabriklərimiz olub, onları da əlimizdən alıblar. Biz daşınmaz əmlaka pul qoymamışıq. Biz məhsul istehsal edir və qazandığımız pulları qəpiyinə qədər zabodlarımızın modernləşdirilməsinə xərcləyirdik.
-Belə məqalələrdə o da iddia olunur ki, Azərbaycanda qalan qohumlarınız sizə maddi dəstək verməkdə davam edir...
-Biz indiyədək heç kimi maddi dəstəyinə ehtiyac duymamışıq və duymayacağıq. Bizi ciddi adam kimi tanıyırlar. Banklar bizə əlverişli şərtlərə kredit verməyə həmişə hazırdır. Təzə kafemizi də bankdan götürdüyümüz kreditlə açmışıq. Bədxahlarımız heç nədən çəkinməyərək qohumlarımızla aramızı vurmağa çalışır. Buna da nail olmayacaqlar. Məhkəməyə müraciət edib bizə qarşı belə çirkin metodlarla mübarizə aparan şəxslərin cəzalandırılmasını tələb edəcəyik.
-Həmin müəlliflər onu da deyir ki, siz Azərbaycan hakimiyyətinin ünvanına dəfələrlə tənqidlər səsləndirmisiniz. Bu ittihama münasibətiniz necədir?
-Bu da ağ yalan və böhtandır. Biz öz vətənimizi və dövlətimizi sevirik. Biz Azərbaycana bəzi “biznesmenlər” kimi qazanc yeri kimi baxmırıq. Biz əmlakımızı qəsb edən adamlara qarşı mübarizə aparırıq. Bu adamlar qarətlə məşğuldur və bu əməllərinə görə dövlət və vətəndaşlar qarşısında gec-tez cavab verməli olacaqlar. Bu adamlar iki nəhəng zavodu ayağı qaloşlu bir ticarətçinin adına üç gün ərzində necə sənədləşdirmələrinə görə də cavab verəcəklər. Onlar minlərlə adamı işsiz qoyduqlarına görə də cavab verməli olacaqlar. Mən Zülfüqarlılar ailəsi adından sizi əmin edirəm ki, zavodlarımızı gec-tez qaytaracağıq, iş yerlərini yenidən açacağıq, dövlətə yenidən vergi ödəyəcəyik. Bizsə yenə də ölkənin ən aparıcı biznesmenlərindən olacağıq.
Saytın şikayt etdiyi yazı aşağıdakı linkdə oxuya bilərsiniz.
http://teref.az/karusel/2088-zulfuqarli-qardashlarina-bakidan-turkiyeye-pul-oturen-memurlar-kimlerdir.html
Zəruri qeyd: Bildirək ki, Zülfüqarlı qardaşlarını narahat edən material Vertikal.az portalında yayılıb. Portaldan bununla bağlı teref.azya bildirdilər ki, Azərbaycan qanunları ilə təqib olunan Zülfüqarlı qardaşları bu gün hədə ilə danışırlarsa, özlərinin əsl simalarını ortaya qoymuş olurlar: "Biz dövlətimizə söykənən adamlarıq. Onun pulu çoxdir. Amma bizim pulumuz olmasa da, arxamızda Azərbaycan dövləti, cənab prezidentimiz var".