Mərkəzi Neftçilər Xəstəxanasında dövlətin milyonları hara xərclənir? iddia
8-05-2015, 17:19
Dövlət Neft Şirkətində çalışan və məlum səbəbdən adlarının açıqlanmasını istəməyən bir qrup şəxs Gunxeber.com saytına müraciət ediblər.
Şikayətçilər Mərkəzi Neftçilər Xəstəxanasında baş alıb gedən özbaşınalıqlardan və onlara qarşı ögey münasibətdən şikayətçidirlər. Belə ki, şikayətçilər bildirirlər ki, onların müəlicə haqqı sığorta müqaviləsi əsasında SOCAR tərəfindən ödənilməsinə baxmayaraq, Mərkəzi Neftçilər Xəstəxanasında onlara gəlir mənbəyi kimi baxırlar. Hər şeydən əvvəl onların arzu etdikləri tibbi xidməti və müalicəni ala bilmirlər və normal müalicə olunmaq üçün əlavə «ödəniş» şərtdir.
Şikayətçilərin bildirildiyinə görə, Mərkəzi Neftçilər Xəstəxanasında faktiki olaraq bütün yaxşı həkimlər və tibb personalı xəstəxananın ödənişli sektorunda fəaliyyət göstərirlər. Bir qayda olaraq pulsuz müalicə sektorunda nisbətən təcrübəsiz həkimlər , həmçinin tibbi personal çalışır. Ona görə də burda normal müalicə olunmaq mümkün deyil. Normal müalicə almaq üçün ödənişli sektora müracitət etmək qaçınılmazıdır. Burda isə müalicə qiymətləri özəl klinikalardan heç bir şeylə fərqlənmir. Halbuki SOCAR-ın xətti ilə müalicəyə gələn xəstələr heç də pulsuz müalicə almırlar. Onların müalicəsi üçün SOCAR Mərkəzi Neftçilər Xəstəxanasına kifayət qədər ödəniş edir. Buna baxmayaraq, Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyi onları pullu müalicə almaq məcburiyyətində qoyur.
Ən əsası isə şikayətçilər xəstəxanada dərmanların və tibbi ləvazimatların onlara pulla satıldığını iddia edirlər. Qeyd edək ki, ötən il Mərkəzi Neftçilər Xəstəxanasına dərman və tibbi ləvazimatların alınması üçün 1 milyon 300 min manatdan artıq vəsait ayırıb. Bu il isə Mərkəzi Neftçilər Xəstəxanasına dövlət tərəfindən 2 milyon yüz min manatdan artıq vəsait dərman və tibbi ləvazimatların alınması üçün ayrılıb. Sual olunur, xəstəxananın rəhbərliyi bu qədər vəsaiti hara sərf edir? Bu barədə Gunxeber.com saytının araşdırmasını yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdıracağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.