“Sovetski”də general ailəsinin şirkəti tikinti aparacaq

24-05-2022, 12:44           
“Sovetski”də general ailəsinin şirkəti tikinti aparacaq
Keçmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin generalı Sabir Nağıyevin ailəsinə məxsus inşaat qrupu tikinti üçün icazə alıb

Teref.az yazır ki, “Fed.az” məlumat yayıb ki, Yasamalda yerləşən, «Sovetski» adı ilə tanınan ərazidə böyük tikinti layihələri planlaşdırılır. Ərazidə yeni yaşayış kompleksinin salınacağı gözlənilir.

Tikinti işləri Abdulla Şaiq küçəsi boyunca, «Nizami» metro stansiyasının arxası və ona bitişik əraziləri əhatə edəcək.
İlkin layihəyə görə, yaşayış kompleksi Qış Parkı ilə Mərkəzi Parkın arasında yerləşəcək və buradakı inzibati binalara toxunulmayacaq.

“Baku Master Plan” layihəsinin müəllifi “SP Architects” öz saytında şəhərin bu hissəsinin gələcək görüntülərini də paylaşıb. Lakin şirkət layihə sifarişçisinin kimliyini açıqlamayıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “ToplumTV”-yə bu ərazidə hər hansı tikintinin aparılması üçün quruma müraciət olunmadığını bildiriblər. Amma müxbirimiz reyestrin online portalında həmin ərazidə inşa ediləcək üç yaşayış binası və bir ticarət müəssisənin inşasına icazə sənədinin olduğunu aşkarlayıb.

Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə inşasına icazə alınmış tikinti layihələrinin sifarişçisi “SR Construction” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Üç ədəd bir girişli, 16 mərtəbəli yaşayış binasının tikinisinə icazə sənədi 2020-ci ilin sentyabrında verilib, Abdulla Şaiq küçəsi 245A ünvanında ticarət müəssisənin inşasına icazə isə bu ilin fevralında alınıb.

“SR Construction” ölkədə tikinti sektorunda mühüm paya sahibdir. Teras Park, Əhmədli Park, Nizami Park yaşayış komplekslərinin inşası da bu şirkətə məxsusdur.

Şirkət “SR” Şirkətlər Qrupunun müəssisələrindən biridir. “SR” qrupun tərkibinə daxil olan törəmə şirkətlər inşaat, tibb, məişət kimyası, avtomobil, elektronika satışı və satışdan sonra xidmət sahələrində fəaliyyət göstərir.

Şirkətin 2020-ci ildə ləğv edilən Xüsusi Dövlət Mühafizə Xidmətinin generalı Sabir Nağıyevə məxsus olduğu bildirilir. “SR Group”un adının da generalın oğlanları – Sahil və Rahilin adlarının baş hərfləri olduğu güman edilir.

Elə generalın oğlu Sahil Nağıyev də “Linkedin” sosial şəbəkəsində şirkətin həmtəsisçisi olduğunu qeyd edib.

2014-cü ildə Sovetskidəki yaşayış evlərinin sökülməsi sakinlərin etirazı ilə qarşılanmışdı. Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov o zaman həmin ərazilərin abadlaşacağını, geniş yolların, istirahət zonalarının salınacağını söyləmişdi.

Keçmiş başçı sakinləri əmin etmişdi ki, bu ərazidə heç bir tikinti işləri aparılmayacaq.

SR GROUP şirkətinin mövqeyini öyrənmək üçün quruma müraciət etsək də, jurnalist olduğumuzu öyrəndikdən sonra məşğul olduqlarını deyib, daha sonra zəng vurmağımızı istədilər, lakin gün ərzində etdiyimiz zənglərə cavab verilmədi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.