QARAYAZI QORUĞUNA QƏNIM KƏSILƏNLƏR VİDEO

25-05-2022, 09:03           
QARAYAZI QORUĞUNA QƏNIM KƏSILƏNLƏR  VİDEO
Kürdə balıqlara qənim kəsilən brokonyerlərlə bağlı ölçü götürülməlidir

“Könlü balıq istəyinin quyruğu suda gərək” məsəli Kür çayında işə yaramır. Çünki ən azı işbazların çaya buraxdığı cərəyanın vurmaq təhlükəsi var. Burda brokonyerlər açıq-aydın şəkildə balıq ovuna çıxırlar və buna göz yumanlar var. Hətta onların suya elektrik cərəyanı buraxmaqla təhlükəli şəkildə ov etdiklərini deyirlər. Həvəskar balıqçılar isə tilovu suda, nə vaxt balıq düşəcəyini gözləyirlər. O da çox vaxt alınmır.


Günün günorta çağı çayda balıqlar cərəyanla kütləvi şəkildə məhv edilir. Kustar üsulla hazırlanmış elektrik cərəyanı verən aparatla 250-400 volt cərəyanı suya buraxmaqla kütləvi surətdə suda olan canlıları məhv edirlər. Qanunu pozanlar öz işlərindədi. Ard-arda düzülən qayıqlar sanki yarışa çıxıb.

“Space” televiziyasının bu yaxında apardığı çəkilişdən görünr ki, brokonyerlər video-kameranı görəndə kimisi paltarını başına keçirir, kimisi üzünü əks tərəfə çevirərək gizlənməyə çalışır. Müşahidələr göstərir ki, Kürə qənim kəsilən brokonyerlərin əksəriyyəti eyni adamlardı. Hər gün səhər saat 7 radələrində çaya düşən bu qrup günortaya kimi cərəyanla məhv etdikləri balıqları toplayır. Sonra növbəni digər qrupa verirlər. Onlar da eyni ssenari ilə fəaliyyətlərinə davam edirlər.

Balıq həvəskarı Elşad Salifov deyir: “Tez-tez gəlirik, balıq qabaqlar çıxırdı, indi balığın tamamilə kökü kəsilib. Səbəbi odu ki, qayıqlar, tok, tor…”

Qazax sakini Elçin Fuadoğlu : “Gün ərzində bura bəlkə 30-40 qayıq düşür. Kütləvi surətdə balığı tokla qırırlar. Aidiyyəti orqanlardan biri də nəzarət eləmir. Bunun qarşısını almaq lazımdı”.

Su nəqliyyatında polis idarəsi də baş verənlərdən xəbərdardır. Müvafiq monitorinqlərin keçirildiyi bildirilir. Amma təəssüf ki, reallıq göz önündədir. Televiziyada işləyən həmkarlarımız DİN-nin sözçüsü Eşqin Qasımovun münasibətini öyrəniblər: “Balıqların kütləvi şəkildə ovlanması, elektrik və digər vasitələrlə qırılması qanunla qadağan edilir və bununla da bağlı Nəqliyyatda Su Polisi İdarəsinin əməkdaşları ilin bütün fəsillərində, bütün aylarında monitrinq xarakterli tədbirlər həyata keçirir və bu tip yolla balıq ovlayan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində qanunamüvafiq tədbirlər həyata keçirirlər. Qeyd olunan görüntülərlə bağlı Nəqliyyatda Su Polis İdarəsinin Şəmkir xətt polis məntəqəsində müvafiq araşdırmalar başlanılıb”.

Onu da qeyd edək ki, may ayında balıqlar kürü verdiyindən, indilərdə ovlanması qadağandır.

Yeri gəlmişkən bu mövzuda məlumatlar sosial mediada yayılanda şərh yazan internet istifadəçiləri brokonyerlərin elə aidiyyəti qurumların vəzifəli şəxsləri ilə əlbir işlədiklərini, insan üçün vacib oksigen, karbon, azotun və başqa elementlərin artmasında su faunasının əhəmiyyətini qeyd edirlər.

“Dəryaz” qəzetinin sadiq oxucuları bəlkə də xatırlayarlar, yarım il əvvəl “Deryaz.az” saytında 24.12.2021-ci il tarixli “QARAYAZI DÖVLƏT TƏBİƏT QORUĞUNDA QANUNSUZ OVA NAZİRLİK NİYƏ GÖZ YUMUR?” başlıqlı, “Könlü balıq istəyənin quyruğu Vüqar Tağıyevin və Yaşar Mustafayevin cibində gərək!” yarımbaşlıqlı tənqidi məqalə dərc etmişdik. Redaksiyamıza Qarayazı Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Qaragöldən “qara balıq” deyilən balıq cinsinin ovu ilə məşğul olan brakonyerlərin əməllərinə rüşvət qarşılığında göz yumulması barədə daxil olmuş məlumatda bildirilirdi ki, brakonyerlərdən aylıq 1000 manat pul alıb qanunsuz əməllərinə göz yumurlar. Həmçinin qeyd olunurdu ki, Qazax ətrafındakı bütün kafe və restoranlarda qara balıqdan hazırlanmış xörəklər müştərilərə təklif olunur.

Məqalədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin əmri ilə 2021-ci ilin sentyabr ayından Tağıyev Vüqar Əziz oğlu Qarayazı Dövlət Təbiət Qoruğuna yeni rəis təyin edilən Vüqar Tağıyev qınanılır, eləcə də onun daha əvvəl Ağstafa rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olduğu xatırlanırdı.

Yada salaq ki, məsələ ilə bağlı ilk müraciət etdiyimiz 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy) məsuliyyəti Qoruq rəhbərliyinin, Qoruğun rəisi Vüqar Tağıyev isə suçu su polisinin üstünə atmağa çalışmışdı. Su polisi isə cavabdeh qurumun məhz Qoruq olduğunu bildirmişdi.

Qeyd etmişdik ki, Qoruqda brakonyerlərin zavalına təkcə qara balıq deyil, həm də yerli və köçəri quşlar (qırqovul, qaratoyuq), çöl donuzu, qunduz və başqa məməli heyvanlar da gəlir. Ümumiyyətlə, “Dəryaz” qəzetinin redaksiyasına göndərilən məlumatlara görə, Qarayazı Dövlət Qoruğunun ərazisində ov edənlər əsasən polis və digər güc strukturları əməkdaşları, icra hakimiyyətinin vəzifəli şəxsləridir. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyini (ETSN) də məlumatlandırmışıq. Nazirliyin mətbuat xidmətindən redaksiyamıza bildiriblər ki, video-materialda qeydə alınan faktlarla bağlı araşdırma aparılır. Nəticəsi hələ bəlli deyil, ya da bizə bildirməyi məqsədəuyğun saymırlar. Yəqin, dürüst təxmin etmişik ki, ETSN-nin özünün də könlünə qara balıq düşən, quyruğu Qaragöldə olan iştahlılar var.

Deryaz.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.