Naxçıvanda haqsızlığa etirazın nəticəsi - 30 sutka həbs VİDEO

25-05-2022, 08:51           
Naxçıvanda haqsızlığa etirazın nəticəsi -
Şərur rayon Aralıq kənd sakini Səma Quliyeva bu günlərdə Sədərək gömrüyündə üzləşdiyi haqsızlığı telefonla çəkərək, sosial şəbəkələrdə yaymışdı. Bundan sonra Sədərək rayon Məhkəməsi onun və qardaşı Şəfi Quliyevin haqqında 30 sutkalıq həbs qərarı çıxarıb. Teref.az yazır ki, bu haqda "Gündəlik Naxçıvan"a həbs olunanların qohumları məlumat verib. Həbs olunanlar Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun həmkəndliləridir.
Səma Quliyevanın adını çəkilməsini istəməyən qohumlarından biri deyir ki, bacı və qardaş məhz Vasif Talıbovun sifarişi ilə həbs olunub:
"Hadisədən sonra gömrük məntəqəsinə polis çağrılıb, onların izahatını alıblar. Bu zaman onlara mənəvi və psixoloji təzyiqlər olub. Hadisə ilə bağlı dərhal ali məclisə xəbər verilib. Həmkəndlilərinin haqqını tələb eləməsi Vasif Talıbovu qəzəbləndirib. Məhz onun sifarişi ilə Səma və Şəfi gömrükdən birbaşa Sədərək rayon Məhkəməsinə aparılıblar. Gömrük qaydalarını pozma səbəbi ilə Məhkəmə onların hər birinə 30 sutka həbs cəzası çıxarıb".
Qohumları deyir ki, onlarla görüşməyə imkan verilmir:
"Həbs qərarı çıxarılandan sonra Kəngərli rayonundakı Böyükdüz təcridxanasına aparılıblar. Ailə üzvləri ilə görüşməyə icazə verilmir. Bu da onlara həbsxanada fiziki təzyiq olunduğu şübhəsi yaradır. Ailə üzvləri Vasif Talıbovla görüşmək istəsələr də, o bunu rədd edib".
Sədərək gömrük məntəqəsindən Səma və Şəfi Quliyevlərin məhkəməyə aparılmasını təsdiqləsələr də, əlavə məlumat vermək istəmədilər. Sədərək rayon Məhkəməsi ilə əlaqə saxlamaq mümkün olmadı.
Teref.az olaraq Səma Quliyevanın Sədərək gömrüyündə çəkdiyi görüntüləri bir daha paylaşırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.