ISTIFADƏYƏ VERILMƏMIŞ DAĞILAN YOLLARIMIZ...

26-05-2022, 09:03           
ISTIFADƏYƏ VERILMƏMIŞ DAĞILAN YOLLARIMIZ...
«Polat Yol Yapı» inşaat şirkətinin fəaliyyəti Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin ruhuna uyğun deyil
Qərb bölgəsində ezamiyyətdə olarkən “Polat Yol Yapı” şirkətinin yarıtmaz işinin şahidi olduq. Mayın 10-da apardığımız müşahidə əsasında aşkar etdik ki, iki gün əvvəl yağan yağış nəticəsində yolun Qovlar qəsəbəsinə düşən nahiyəsində beton kanallar bərkidilməmiş qaldığından, yoldan axan su kütləsi həmin kanalların ətrafındakı torpağı yuyub aparıb.


Xatırladaq ki, xəbər qaynaqlarında adı çəkilən şirkətin yarıtmaz fəaliyyəti barədə çoxsaylı məlumatlara rast gəlinir. Belə ki, Azərbaycanın beynəlxalq əhəmiyyətli əsas tranzit avtomagistrallarından biri olan Bakı-Qazax yolu “əsaslı şəkildə yenidən qurulduqdan” cəmi bir neçə il sonra sıradan çıxmağa başladı. Həmin yoldan tez-tez istifadə edən sürücülər deyirlər ki, Bakının Qaradağ rayonundan başlayaraq Bakı-Qazax magistralının demək olar Gəncəyə qədər hissəsinin sağ zolağında asfalt örtüyü korlanıb. Həmin zolaqda sürücülərin jarqonu ilə desək “qarmoşkalar” meydana gəlib, bəzi hissələrdə, magistralın xüsusən Hacıqabul rayonuna qədər olan hissəsində yolun asfalt örtüyündəki qabarmalar və çöküntülər ciddi qəza riski yaradır.

Bir neçə il əvvəl KİV-də “Polat Yol Yapı” türk inşaat şirkətinin Ağcabədi rayonunda yerli qurumları “ələ alaraq” Qarqar çayı ətrafında yeraltı sərvətlərimizi talaması barədə tənqidi informasiyalar getmişdi. O vaxt Gəncə-Bəhrəmtəpə yolunun tikintisini həyata keçirən türk şirkətinin çay yatağındakı çınqıl və qum yataqlarını qanunsuz olaraq istismar etməsinə aidiyyatı qurumlar nədənsə susdular.

Sonra da Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış borc sazişi əsasında həyata keçirilən Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda kommunikasiya xətlərinin köçürülməsi, suötürücü boruların, su və yeraltı keçidlərin inşası işləri heç də keyfiyyətli və real faktorlara uyğun aparılmadığı barədə xəbərlər dolaşdı. Bildirilirdi ki, əsas hissəsi Yuxarı Qarabağ kanalının alt hissəsini təşkil edən yolda yolaltı su xəttləri yalnız yolun asfalt örtüyünün, ən yaxşı halda isə yolun çiyinləri enində inşa edilib. Yolda inşa edilən su xəttlərinin diametrləri 40-50 il əvvəl yüz min hektarlarla münbit torpaqların suvarılması üçün istismara verilmiş Yuxarı Qarabağ kanalının su xəttlərinin diametri ilə uyğun gəlməməklə yanaşı, beton divarları da paralellik təşkil etmir.


“Polat Yol Yapı” şirkəti təbiətimizə də vandalcasına yanaşaraq, Yuxarı Qarabağ kanalının sol qoruyucu bəndinin daha da keyfiyyətli və uzunömürlü olması üçün burada 30-40 il əvvəl dövlət tərəfindən salınan kol və meşə zolağını da məhv etmişdi. Beləliklə, artıq “Polat Yoç Yapı” şirkətinin başında duran işbazların destruktiv fəaliyyətinin Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin ruhuna nə dərəcədə uyğun olub-olmadığı barədə dərindən düşünməyə dəyər.

Habil Tağıyev

Deryaz.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.