Ədalət tərəzisi ləngər vuranda - Qarabağ qazisinin illərdir məhkəmə və İcra şöbələrində sürünən işi ŞİKAYƏT

27-05-2022, 08:57           
Ədalət tərəzisi ləngər vuranda -
Korrupsiyaya qarşı mübarizə idarəsi tələbkar Qarabağ qazisinə “xox” gəlib
“Qorxdum ay aman, yarıldı bağrım” (Mirzə Ələkbər Sabir)
Xətai məhkəməsinin 26.05.2009-cu il tarixli 2 (011)-451/09 saylı qətnaməsinin icra olunmamasından , Ədliyyə Nazirliyinin icra baş idarəsinin görəvini unutmasından , dövlətin adından çıxarılan məhkəmə qərarını görməzliyə vurmasından düz 13 il keçir. Bu 13 ildə heç bir icra hərəkəti aparılmayıb! (?) Yalnız iki il sonra Ədliyyə Nazirliyinin Nizami icra şöbəsinin icra məmuru Mehdi Zeynalov tələbkar Qarabağ qazisinin icraya mane olması (?) əsası ilə icra sənədini onu vermiş məhkəməyə qaytarıb. Heç demə, tələbkar ona sahibkarlıq amacı ilə verilən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqları tələb etməklə icraya mane olub! (?)
11 ildir baş prokurorluğun korrupsiyadan şikayətlərin operativ araşdırılması amacı ilə yaradılan 161 qaynar xətti yüzlərlə şikayəti qeydə alsa da, bircə yol da olsa, çağırıb izahatımı almayıb. Elə bu səbəbdən 25 may 2022-ci ildə baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin istintaq – təhqiqat prokuroru olduğunu deyən Orxan Hüseynovun açıq nömrədən zəng edərək idarəyə izahat almağa çağırmasından elə sevincək oldum ki, səhərə kimi yata bilmədim. Axırı, korrupsiyaya qarşı mübarizə baş idarəsi 13 ildən sonra da olsa mübarizəyə başladı, -deyə fikirləşirdim ki, prokurorun məni sorğu -sual etməsi , 21.06.2011 -ci il tarixli 2 (011)-855/2011 saylı qətnamə əsasında üç il gizlədikdən sonra verilən qətnamənin nəticə hissəsi ilə icra vərəqəsinin uyuşmamasını tələbkar qazinin boynuna qoymaq çabasının şahidi oldum. Necə deyərlər, “getdim kabab iyinə, gördüm eşşək dağlayırlar”. Saat yarıma yaxın çəkən sorğulamada ittiham orqanını başa sala bilmədim ki, məhkəmənin qəbul etdiyi qətnamənin nəticə hissəsinin əsaslandırıcı hissəyə uyğun olmaması məhkəmənin suçudur! Özü də bu suç borclular ƏMDK, Nizami RİH, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin mütəşəkkil qeyri-prosessual basqısının məhsuludur. Təsəvvür edin, Ədliyyə Nazirliyinin icra məmurları məhkəmə qərarının icrasını təmin etmək əvəzinə, tələbkarı şantaj etmək yolu tutub və bu yola baş prokurorluğu da qoşub. Orxan Hüseynov Ədliyyə Nazirliyinin icra məmurları ilə qeyri-prosessual münasibətə girərək, tələbkar Qarabağ qazisini saxta icra sənədi tərtib etməkdə suçlayır. Bu suçlamada Xətai məhkəməsinin sədri Rəşid Rzayevdən alınan cavabın da özəl “önəmi” var. Ədliyyə Nazirliyinin 13 ildir hərəkətsiz qalan icra baş idarəsi hərəkətə keçərək məhkəmənin indiki sədrindən Xətai məhkəməsinin (keçmiş) hakimi İlqar Əliyevin verdiyi icra vərəqinin “əslində” ünvan ( Nizami rayonu, Bəhruz Nuriyev -10a ) yazılmadığı (?) cavabını alıb və korrupsiya faktı kimi korrupsiyaya qarşı mübarizə baş idarəsinə sırıyıb. Dəhşətə baxın, məhkəmə sədri əmlakla bağlı qətnamənin nəticə hissəsində, icra vərəqəsində ünvan göstərilməməsini qanuni sayır! (?) Məhkəmə sədrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ,ən azı, 222.1 maddəsini oxumaq məsləhətdir : “MƏHKƏMƏ ƏMLAKIN NATURA ŞƏKLİNDƏ ALINMASINI QƏT ETDİKDƏ, ONUN ADINI, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən ALINMALI ƏMLAKIN dəyərini, habelə alınmalı ƏMLAKIN YERLƏŞDİYİ YERİ və ya ƏMLAKA GÖRƏ iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını QƏTNAMƏNİN NƏTİCƏ HİSSƏSİNDƏ GÖSTƏRİR” . İcranın konkret Bəhruz Nuriyev -10a ünvanındakı əmlaka yönəldilməsini tələb edən tələbkar suçludur, yoxsa, nəticə hissəni tələbə uyğun İMPERATİV FORMADA yazmayan məhkəmə? Ali Məhkəmənin sədri Ramiz Rzayevin imzaladığı 24.11.2005 tarixli 4 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6.8-ci bəndində qətnamənin nəticə hissəsinin imperativ formada yazılmasını, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməli olmasını doğrulanıb.
İndi özünüz deyin, tələbkar suçludur, yoxsa 13 ildir qətnaməni bilərəkdən qanunsuz tərtib edən, icra etdirməkdən imtina edən məhkəmə?
Məğrur Bədəlsoy
P. S. . Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin istintaq – təhqiqat prokuroru Orxan Hüseynovun isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini diqqətlə oxuması gərəkir. Heç kəs aldatma yolu ilə istintaqa cəlb edilə bilməz. Hələ “xox”u demirik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.