Dövlət Baytarlıq Nəzarəti Xidməti leş ət satışını ört-bastır edir?
11-05-2016, 08:27
Ağdaş rayon sakinləri 945 kiloqram keyfiyyətsiz at əti satmaq istəyən zaman saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Ağdaş rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakinləri – Cavanşir Əliyev, Rövşən Hüseynov və Orxan Hüseynov 945 kiloqram mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər əldə etdikləri xəstə, ölü atların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyiblər.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti isitifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq şöbəsində araşdırmalar davam etdirilir. 2015-ci il mayın 21-də Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda leş ətlərin toplanması və satışı üzrə gizli sistem fəaliyyət göstərir. “Biz ölkənin bir neçə yerində leş ət toplayan şəbəkəni müəyyən etmişik. Leş ətlər rayonlardan Bakıya gətirilir, gizli fəaliyyət göstərən sexlərdə işlənilərək, “təzə ət” adıyla əhaliyə satılır”, – deyə E.Hüseynov bildirib.
Onun sözlərinə görə, gecə ilə Bakıda deyilən qarajın qarşısına gəlib və aldığı məlumatın səhihliyinə əmin olduqdan sonra, polisə və Dövlət Standartlaşdırma, Metrologiya və Patent Komitəsinə, eləcə də digər dövlət orqanlarına zəng edib. O, komitəyə məktubunda adları da bildirdiyini deyib: “Lakin polislər hüquqları olmadığını deyərək qaraja girmədilər, digər qurumlar da özlərinin təhlükəsizliyi naminə daxil olmaqdan imtina etdilər”. Dövlət Baytarlıq Nəzarəti Xidməti bu hallarla bağlı hansı tədbirlər görülüb?
“Əgər AİB sədri həqiqətən də bizə müraciət etsəydi, biz mütləq bu müraciətə reaksiya verərdik”, – deyə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sözçüsünün sözlərinə görə, ötən ilin dekabrından bəri leş ətlərlə bağlı yüzdən çox əməliyyat aparılıb. “Biz bütün hallarla bağlı polis orqanlarına bildirmişik. Bütün bu hallarla bağlı cinayət işi açılıb. Daxili İşlər Nazirliyinin karantin batalyonu bütün əməliyyatlarda iştirak edir”, – deyə Y.Xanvəli bildirib.
Bərdə, Ağcabədi, Abşeron və Sabunçu rayonlarında əməliyyatların apardığını qeyd edib. Bərdə RPŞ-nin Zeynalov soyadlı əməkdaşı kavlaznews.az saytına bildirdi ki, ötən ilin dekabrından bəri rayon ərazisində leş ətlərin satışı halları aşkarlanmayıb. Abşeron RPİ-nin növbətçi polis köməkçisi, Heydərov soyadlı əməkdaş da bildirdi ki, 2015-ci ilin dekabrından bəri Abşeron rayonunda leş ətlərin satışı hallarına rast gəlinməyib. Sabunçu RPİ-dən də Yolçu Xanvəlinin sözlərini təkzib etdilər. “Mən artıq 18 ildir bəyan edirəm ki, Azərbaycanda leş ət satışı həyata keçirilir. Üç il əvvəl mənə hətta leş ətlərin işləndiyi yer də məlum idi”, – deyə AİB sədri Eyyub Hüseynov bildirib. E.Hüseynovun sözlərinə görə, bu yer Binəqədi rayonu ərazisində yerləşirdi.
“Mən bu barədə Binəqədi RPİ-yə və Milli Təhlükəsizlik Nazirliyinə, o cümlədən Dövlət Baytarlıq Nəzarəti Xidmətinə müraciət etmişəm. Bizə vaxtaşırı olaraq leş ət satışı barədə məlumatlar daxil olur, polisə xəbər veririk. Lakin ordan deyirlər ki, bu cinayət işi deyil. Onların sözlərinə görə, bu, keyfiyyətsiz ət satışıdır və bununla İqtisadiyyat Nazirliyi məşğul olmalıdır”, – deyə Eyyub Hüseynov bildirib. Biz yenidən Yolçu Xanvəli ilə əlaqə saxladıq və Bərdə, Abşeron və Sabunçu polislərindən aldığımız açıqlamaları şərh etməyi xahiş etdik. “Biz polis idarələrinə zəng etməmişik. Kənd Təsərrüfatı Nazirliyi Baş Prokurorluğa müraciət edib ki, leş ət satışı hallarına hüquqi qiymət versin”, – deyə DBNX nümayəndəsi bildirib. “Axı siz özünüz dediniz ki, bu hallarda polis orqanları xəbərdar olunub,” – deyə xatırlatdıq.
“Biz cinayət işlərini araşdıran orqan deyilik. Biz polisə yox, Baş Prokurorluğa müraciət edirik”, – deyə Y.Xanvəli təkrarladı. “Bərdə, Abşeron və Sabunçu rayonlarından bildirdilər ki, dekabrdan bəri bu rayonlarda heç bir leş ət satışı halı müəyyən olunmayıb”, – deyə qeyd etdik. “Onların fikirləri bizi maraqlandırmır”, – deyə Y.Xanvəli bildirdi. O, Eyyub Hüseynovun sözlərini şərh etməkdən imtina etdi.
Kavkaznews.az