Texniki-Humanitar Liseydə nə baş verir?
12-05-2016, 10:53
Direktor Səidə Zeynalovanın qaydalarına əsasən şagirdlər 200 manat verib dərsə gəlməyə, müəllimlər isə hər şagird üzrə 10 manat ödəməklə repetitorluq edə bilərlər
Azərbaycan təhsilinin hansı gündə olduğu, hətta adı «bəh-bəh»lə çəkilən litseylərdə belə durumun ağır şəkil almasını bilməyən yoxdur. Normal təhsil sisteminin olmaması, Təhsil Nazirliyində təhsildən başqa hər işlə məşğul olanların məsul vəzifələrə gətirilməsi bundan artıq durumun yaranmasına rəvac verməyəcəkdi.
JAM.AZ xəbər verir ki, Bakıda adı dillər əzbəri olan təhsil ocaqlarından biri də Nəsimi rayonunda yerləşən Texniki-Humanitar Liseyidir. İkinövbəli tədris sistemində çalışan litseydə Azərbaycan və rus bölmələrində 1077 şagird təhsil alır. Düzdür, məktəbdə oxuyan şagirdlərin ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq tələbə adı qazanma faizi yüksəkdir. Lakin bu heç də məktəbdəki pedoqoji heyətin xidmətinin məhsulu deyil. Əksinə, yuxarı sinif şagirdlərinin repetitor yanına getməsinin bəhrəsidir.
Verilən məlumatlarda qeyd edilir ki, direktor Səidə Zeynalovanın qaydalarına əsasən yuxarı siniflərdə oxuyan şagirdlər aylıq ödəniş etməklə, dərslərdən tam azad ola bilirlər. Həmin saatlarda isə şagirdlər repetitor yanında olurlar. Məsələn, Texniki-Humanitar Liseyiin X «f» sinfinin şagirdlərindən bir neçəsi dərsə ara-sıra gəlir. «Müəllimə onların pulunu alıb qiymətlərini yazdırır. Halbuki, direktor müavinlərinin ümumiyyətlə sinif rəhbəri vəzifəsini daşımağa ixtiyarları yoxdur, lakin onlar başqa müəllimlərin adlarını yazıb özləri ayrı-ayrı siniflərə rəhbərlik edirlər. Elə şagirdlər var ki, direktora pul verib, repetitor yanına getdikləri günlər dərsdən qalırlar. Bəzi şagirdlər həftədə heç bir gün də dərsə gəlmədiklərinə görə direktora 200 manat ödəyirlər. XI «a» sinfindən də bir neçə şagird direktordan repetitor yanına getdikləri günlər üçün icazə alıblar. XI «e» sinfindən bir neçə şagird direktora pul verib, dərsə gəlmədikləri halda müəllimlərin onlara qiymət yazmalarını təmin edirlər. Bununla belə, hətta birdəfəlik 2000 manat verib tədris ili boyunca ümumiyyətlə dərsə gəlməyən şagirdlər də vardır».
JAM.AZ xəbər verir ki, direktor Səidə Zeynalovanın üç müavini olmasına baxmayaraq, o, yalnız öz pul yığanının əli ilə şagirdlərdən vəsait toplayır. Belə ki, V-IX siniflərin şagirdlərindən illik 30 manat, X-XI sinif şagirdlərindən illik 60 manat “fond pulu” yığılır. Elə litseydə analoji vəziyyət müəllimlərə də şamil olunmalıdır. Çünki onlar da repetitorluqla məşğul olurlar və müqabilində direktora «görüm-baxım» edirlər. «Hətta məşğələlər elə məktəbin daxilində keçirilir. Liseyin öz müəllimləri elə məktəbdəcə repetitorluq fəaliyyəti ilə məşğuldurlar. Repetitor-müəllimlər hazırladıqları hər şagirddən aldıqları puldan ayda 10 manat direktora verirlər».
Məlumatlarda qeyd olunur ki, məktəbdə ikinci növbədə dərslər qaydasında keçirilmir. Bölünməli olan fənlər (xarici dil fənni kimi) bölünmür, çünki sinif çatmır. Siniflərdə I növbənin müəllimləri II növbədə repetitorluq edirlər. 5 dərs saatından sonra X-XI sinif şagirdləri ümumiyyətlə evə buraxılırlar, onlara 6-cl və 7-ci saat dərsləri keçirilmir. Lakin müəllimlər keçmədikləri dərs saatlarının da pulunu alırlar. Elə “fond pulu”nu da yuxarı sinif şagirdləri ona görə artıq verirlər ki, direktor onları son saatlardan azad edir.
JAM.AZ-ın əldə etdiyi məlumata görə, hazırda Texniki-Humanitar Liseyin və direktor Səidə Zeynalovanın fəaliyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xüsusi komissiyası tərəfindən təftiş olunur.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.