Salyan Rayon Mərkəzi Poliklinikasında həkim tapmaq müşkül işdir
13-05-2015, 12:10
İsrafil Məmmədovun fəaliyyəti rayon sakinlərini narazı salıb
Hər kəsə məlumdur ki, bir sıra rəhbər şəxslər onlara olunan etimaddan sui-istifadə edirlər. Xüsusilə də tibb sahəsində rəhbər vəzifələrə gətirilən şəxslər öz vəzifələrindən sui-istifadə edirlər. Nəticədə isə bu sahədə çatışmazlıqlar və nöqsanlar durmadan artır. Bu da vətəndaşlar arasında ciddi narazılığa səbəb olur. Xüsusilə də bölgələrdə durum qənaətbəxş deyil.
Salyan Rayon Mərkəzi Poliklinikasında vəziyyət heç də yaxşı deyil. Belə ki, sözügedən tibb ocağında bir dənə həkim tapmaq mümkün deyil. 2-3 saat poliklinikada vaxt keçirib çıxıb gedirlər. Belə olanda isə xəstələr səhhətləri ilə bağlı hara müraciət edəcəklərini bilmirlər. Salyan camaatı bildirir ki, günün günorta çağı poliklinikada bir dənə də olsun həkim tapmaq mümkün deyil. Biz bilirik ki, dövlət balansında olan tibb ocaqlarında tibbi xidmətlər pulsuz olmalıdır: "Ona görə də həkimə gedərkən heç nə vermirəm. Bu səbəbdən də məni hər dəfə yoxlayırlar və bildirirlər ki, səhhətində heç bir problem yoxdur. Bir də buralığa gəlmə. Amma evdə halım pisləşdiyindən məcbur olub yenə bura üz tuturam. Amma məni əməlli-başlı müayinə etmirlər. Düzgün diaqnoz qoymurlar. Düzgün müalicə etmirlər. Ona görə də səhhətimdəki problemlər günü-gündən pisləşməyə doğru gedir. Xahiş edirəm, lazımi orqanlara səsimi çatdırın. Salyanda yaşlı insanlara hörmət etmirlər. Dövlətin bizə pulsuz ayırdığı dərmanları ala bilmirik. Xəstəxana bu dərmanları mənimsəyir".
Şikayətçilər bildirirlər ki, dərmanları Salyan Rayon Mərkəzi Poliklinikasının müdiri İsrafil Məmmədov apteklərdə satdırır. Gələn gəliri isə şəxsi maraqları üçün istifadə edir. Şikayətçi bildirir ki, sağlamlıq haqqında arayışı əli cibində olanlara iki dəqiqəyə yazıb verirlər. Amma əli cibində olmayanları get-gələ salırlar. Bütün müayinələrdən keçirirlər. Hər müayinə zamanı isə soğan kimi soyulursan. Poliklinika müdirini yalnız və yalnız öz maraqları düşündürür. Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi adını çəkdiyimiz tibb ocağında həkimlərin özbaşınalığı baş alıb gedir. Poliklinika müdiri tibb müəssisəsini nəzarətsiz qoyduğundan, həkimlər də bundan yararlanırlar. Ona görə də Salyan Rayon Mərkəzi Poliklinikasında özbaşınalıq yaşanır. Orada qanunsuz əməllərə yol verirlər. Bu səbəbdən də müvafiq qurumlar sözügedən xəstəxanada ciddi yoxlamalar aparmalıdırlar. Əks halda poliklinikanın fəaliyyəti rayon sakinlərini pis duruma salacaq. Çünki yaşlı və xəstə sakinlərin digər rayon xəstəxanalarına üz tutmağa maddi imkanları yoxdur.
Bütün bunlar onu göstərir ki, poliklinika müdirinin kimdənsə çəkinəcəyi yoxdur. Rayon sakinləri dəfələrlə müdirə bildiriblər ki, yuxarı orqanlara sizdən şikayət edəcəyik. Lakin İsrafil Məmmədov isə sakinlərə nə edirsiniz edin deyib. Heç kəsdən qorxmuram deyib. Bu da onu göstərir ki, bu şəxsi himayə edən kimsə var. Əks təqdirdə bu cür rahatlıqla danışmazdı. Vətəndaşların şikayətlərini nəzərə alıb sizdən xahiş edirik ki, müvafiq qurumlar bu məsələdə fəallıq nümayiş etdirsinlər.
gundelik-baki