Daha bir tibb ocağı biznes obyektinə çevrilib

13-05-2015, 13:02           
Daha bir tibb ocağı biznes obyektinə çevrilib
Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 196 ünvanında yerləşən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi ilə bağlı son zamanlar bir sıra xoşagəlməz məlumatlar dolaşmaqdadır. Belə ki, sözügedən mərkəzin binasının bir hissəsinin 6, digər hissələrinin isə 5 mərtəbəli olduğunu vurğulayan mənbə iddia edir ki, tibb müəssisəsinin baş həkimi Yusif Əliyevin fəaliyyəti həm mərkəzin əməkdaşları, həm də bura müraciət edən xəstələr və onların yaxınları tərəfindən ciddi narazılıqla qarşılanır.

Baş həkim Yusif Əliyevin Elmi-Cərrahiyyə Mərkəzinin damar cərrahiyyəsi şöbəsinin müdiri Nəsrəddin Abışovla əlbir olub tibb ocağını sanki biznes obyekti kimi idarə etdiyini qeyd edən mənbə adıçəkilən şəxslərlə bağlı kifayət qədər informasiyaya sahib olduğunu bildirdi: "İlk öncə onu qeyd edim ki, 240 çarpayılıq Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin poliklinikası, reanimasiya zalı, ümumi cərrahiyyə, qaraciyər-öd yolları cərrahiyyə bölməsi, damar cərrahiyyəsi şöbəsi, mədə-bağırsaq cərrahiyyə bölməsi, endokrin cərrahiyyə şöbəsi, ürək cərrahiyyəsi, uşaq ürək cərrahiyyəsi, kardiocərrahiyyə əməliyyat blokunda və digər əməliyyat otaqlarında bir sıra cərrahi müdaxiləni həyata keçirmək mümkündür. Tibb ocağının baş həkiminə gəlincə, 1967-ci il təvəllüdlü Yusif Əliyev əslən Qərbi Azərbaycanın Göyçə mahalının Toxulca kəndindəndir. O, 1984-cü ildə Toxulca kənd orta məktəbini bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun II müalicə-profilaktika fakultəsinə daxil olub. 1986-1988-ci illərdə Macarıstanın paytaxtı Budapeşt şəhərində hərbi xidmətdə olub. 1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 1992-1994-cü ildə "cərrahiyyə" ixtisası üzrə kliniki oddinaturanı , 1994-1997-ci ildə isə aspiranturanı bitirib.1998-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 1997-ci ildən 2012-ci ilə qədər Azərbaycan Tibb Universitetinin III cərrahi xəstəliklər kafedrasının assistenti , 2012-ci ildən isə dosenti vəzifəsində calışıb. 2001- 2013- cü illərdə M.Əfəndiyev adına 2 saylı BŞKX-nin cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləyib. 2013-cü ildən isə Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimidir. Onun yaxın adamı kimi tanınan Nəsrəddin Abışov isə əslən Kürdəmir rayonundandır. Deyilənlərə görə, Elmi-Cərrahiyyə Mərkəzinin damar cərrahiyyəsi şöbəsinin müdiri bir sıra "məsələ"ləri baş həkim Yusif Əliyevlə müzakirə etdikdən sonra yekun qərarını verir. Onlar arasında bununla bağlı müvafiq razılıq əldə olunub. Məhz həmin razılığa əsasən Nəsrəddin Abışov gəlirli işləri baş həkimdən xəbərsiz reallaşdırmır".

Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin damar cərrahiyyəsi şöbəsinin müdiri Nəsrəddin Abışovun fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevlə yaxın münasibətlərinin olduğunu iddia edən məlumatlı şəxsin sözlərinə görə, tərəflər bəzi məqamlarda bir-birinə mühüm yardım göstəriblər: "Nəsrəddin Abışov Elşad Abdullayevlə həmyerli olmaqla yanaşı, onları bir-birinə ortaq maraqlar da bağlayır. Belə ki, şöbə müdiri ən çətin, çıxılmaz məqamlarda məhz sabiq rektorun yardımına güvənib. Qarşı tərəf də öz növbəsində, Nəsrəddin Abışovun problemlərinin həlli istiqamətində əlindən gələni əsirgəməyib. Deyilənlərə görə, əslən Kürdəmir rayonundan olan bu şəxslərin bir-birinə qohumluğu çatır".

Bu arada, Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində pulsuz tibbi xidmətdən danışmağın yersiz olduğunu vurğulayan məlumatlı şəxs qeyd edir ki, adıçəkilən tibb ocağının damar cərrahiyyəsi şöbəsində hərbi çağırışçıların müxtəlif yollarla həqiqi hərbi xidmətdən yayındırılmaları halları geniş yayılıb: "Bildiyiniz kimi, hələ də ordu sıralarına çağırışdan müxtəlif yollarla yayınma, hərbi xidmətə çağırışdan qanunsuz möhlət vermə halları müşahidə edilir. Bu zaman səhiyyə işçilərinin "xidmət"lərindən daha çox istifadə olunur. Beləliklə, bir sıra tibb müəssisəsində olduğu kimi Elmi-Cərrahiyyə Mərkəzinin damar cərrahiyyəsi şöbəsində də bu cür məqamlara rast gəlmək mümkündür. Deyilənlərə görə, bu proses şöbə müdiri Nəsrəddin Abışovun "nəzarəti" ilə reallaşır. Məsələn, bu və ya digər çağırışçı səhhətində problem olmadığı halda, damar cərrahiyyəsi şöbəsində müayinə olunarkən müəyyən qaydalara riayət etdikdən sonra "neqodnıy" olduğunu təsdiq edən sənəd alır. Bəzən də elə olur ki, doğrudan da həqiqi hərbi xidmətə yararsız çağırışçı xəstəliyini sübuta yetirmək üçün məcbur edilir ki, həkimlərə "hörmət" etsin. Bir sözlə, Elmi-Cərrahiyə Mərkəzinin damar cərrahiyyəsi şöbəsinə müraciət edən valideynlər irəli sürülmüş "şərt"lərə əməl etdikdən sonra övladlarının hərbi xidmətə yararsız hesab olunmalarına dair müvafiq tibbi sənədlərin rəsmiləşdirilməsinə nail ola bilərlər".

Elmi-Cərrahiyyə Mərkəzi ilə bağlı əldə etdiyimiz digər məlumatda isə qeyd olunur ki, adıçəkilən tibb müəssisəsinin rəhbərliyi bir sıra dərman firmaları və apteklərlə iş birliyindədir. Mərkəzin həkimlərinin rəhbərliyin göstərişi ilə 60-a yaxın dərman firması ilə alver etdiyini deyən məlumatlı şəxsin iddiasına görə, xəstəxanaya müraciət edən hər xəstəyə həmin firmaların dərmanları yazılır: "Ehtiyac oldu-olmadı, hər xəstəyə həmin dərmanları almağı, qəbul etməyi məcbur edirlər. Firma və apteklər isə həkimlərə göndərdiyi hər xəstəyə görə faiz ödəyir. Deyilənlərə görə, Elmi-Cərrahiyyə Mərkəzi Velfar, Evro Med, Alfan, AzerMed, CermanMed, ProFarm, Evrofarm ReFarm, Grand Medikal və digər dərman firmaları, eləcə də apteklərlə sıcaq münasibətdədir. Qeyd edim ki, xəstəxanada hansı həkim xəstəyə daha çox dərman yazırsa, firma həmin həkimə pul ödəyir. Bunun üçün də onlar baş həkimdən buraxılış qəbzi alırlar. Hər qəbz illik 500 manat edir. Bundan başqa, xəstəxanada həyata keçirilən bütün əməliyyatlardan mərkəzin rəhbərliyinə "pay" çatır. Əgər Səhiyyə Nazirliyi və digər müvafiq qurumlar Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin, həmçinin onun baş həkimi Yusif Əliyevin və damar cərrahiyyəsi şöbəsinin müdiri Nəsrəddin Abışovun fəaliyyətini obyektiv şəkildə araşdırsalar, onda bir çox qaranlıq məqamlara aydınlıq gətirilə, tükürpədici olayların üstü açıla bilər…"

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. \\ gundelik-baku.com \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.