Tovuzda həkim məsuliyyətsizliyi ailə faciəsinə səbəb oldu

18-05-2016, 00:00           
Tovuzda həkim məsuliyyətsizliyi ailə faciəsinə səbəb oldu
Kəmaləddin Abbasovun başqa-başqa orqanizmlərin eyni preparata qarşı müxtəlif reaksiya verə biləcəklərindən ümumiyyətlə xəbəri yoxdur

Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün bir çox dövlət tibb müəssisələrində, xüsusilə də rayon və bölgələrimizdə yerləşən xəstəxanalarda əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də qiyməti çoxsaylı narazılıqlara səbəb olur. O cümlədən, son vaxtlar bizimdovr.az-a daxil olan məlumatlarda Tovuz Rayon Mərkəzi Xəstəxanasının və ümumilikdə bu rayonun səhiyyə sisteminin fəaliyyətində müşahidə olunan neqativ hallara dair açıqlamalar təqdim edilir. Daxil olan məlumatlarda Tovuz RMX-nın baş həkimi Paşa Muradovun öz fəaliyyətində davamlı olaraq yol verdiyi qanun pozuntularından bəhs olunur. Qeyd edək ki, bu gün Tovuzda Mərkəzi xəstəxana, Tovuz şəhəri təcili yardım stansiyası, Qovlar şəhər xəstəxanası, yeddi kənd xəstəxanası, iyirmi altı həkim məntəqəsi və on yeddi tibb məntəqəsi olmaqla, ümumilikdə 52 səhiyyə müəsisəsi fəaliyyət göstərir. Bununla belə, redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Tovuz rayonunun səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Belə vəziyyətin yaranmasını isə, şikayətçilər birbaşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Paşa Muradovun fəaliyyəti ilə bağlayırlar. İlk növbədə açıqlamalarda qeyd olunur ki, baş həkim xəstəxanaya daxil olan xəstələrin daha çox özünə yaxın olan bir neçə həkimə yönləndirilməsi barədə qəti tapşırıq verib. Mənbə belə həkimlərdən biri kimi travmatoloq Kəmaləddin Abbasovun adını çəkir. Bildirilir ki, Kəmaləddin həkim sadəcə ixtisasca travmatoloqdur. Reallıqda isə, bu “universal” həkim sünnət əməliyyatlarından tutmuş, pediatriyaya qədər bir çox sahələrə müdaxilələr edir. Mənbə iddia edir ki, həm Kəmaləddin həkimin, həm də onun kimi Paşa Muradova yaxınlığı ilə seçilən Fəxrəddin adlı digər bir həkimin bu kimi müdaxilələri Tovuzda indiyədək bir çox insanlara sağlamlıqları bahasına başa gəlmişdir. Bu günlərdə isə, məhz Kəmaləddin Abbasovun səriştəsizliyi və qetri-peşəkarlığı bir ailənin faciəsinə səbəb olmuşdur.

Artıq xəbər verildiyi kimi, bir neçə gün bundan öncə, Tovuz rayonunun Hunanlar kəndində yaşayan Bağırovlar ailəsinin 3 yaşlı qız övladları masa üstünə qoyulan isti xörəyi üzərinə aşırması nəticəsində qol və qarın nahiyələrindən yanıq xəsarətləri alıb. Uşağın anası verdiyi açıqlamada hadisəni belə təsvir edib: “Stolun ayağının altı boş idi, altına daş qoymuşdum ki, dayansın. Uşaq o daşı oradan götürəndə isti yemək üstünə aşdı. Uşağın əynini soyundurdum, yaralarını soydum, həkimə gətirdim...” Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan körpəyə bədəninin 15 faizinin termiki yanığı diaqnozu qoyulub. Bundan sonra baş verənlər barədə uşağın atası, Namiq Bağırov bunları deyib: “Dedim ki, həkim, uşağımı Bakıya aparmaq lazımdırsa, aparım. Dedi ki, ay bala, bunda nə var ki, bundan da ağır xəstələr gəlir bura, üzdən yanıqdır, narahat olma. Gecə gəldim, gördüm ki, tibb bacıları bir-birlərindən soruşurlar ki, buna iynəni nə qədər vuraq, 2 qram, yoxsa 1 qram? Dedim ki, zəng eləyin həkimə, o nə qədər desə, o qədər də vurun. İynəni artıq - 2 qram vurdular, uşaq şoka düşdü, sonra da öldu...” Qeyd edək ki, baş verən hadisə barədə həkim Kəmaləddin Abbasovun verdiyi açıqlama heyrət doğurmaya bilməz. Belə ki, Namiq Bağırovun uşağın məhz ona vurulmuş preparatın təsirindən şoka düşərək ölməsinə dair iddiasına cavab olaraq, həkim belə deyib: “Bu iynənin bizdə daha əvvəl fəsadları olmayıb...” Belə çıxır ki, Kəmaləddin Abbasovun başqa-başqa orqanizmlərin eyni preparata qarşı müxtəlif reaksiya verə biləcəklərindən ümumiyyətlə xəbəri yoxdur. Əlbəttə ki, xəstənin, xüsusən də uşağın orqanizminin konkret həmin dərmanın təsirlərinə qarşı hansı reaksiya verə biləcəyi əvvəlcədən müəyyənləşdirilməli idi. Lakin, Kəmaləddin Abbasovun bu dəfə də öz şəxsi “təcrübəsinə” arxayın olması, göründüyü kimi faciəyə səbəb olub. (bizimdovr.az)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.