"Bakıxanov" bazarının sahibi Hacı Fərhadın da başı cəncəldədir
13-05-2015, 15:37
"AzərBiznes" şirkətinə məxsus olan "Bakıxanov" Ticarət Mərkəzində böyük problemlər yaşanır. Bu haqda ötən saylarımızda ətraflı məlumat vermişdik. Xatırladaq ki, bir neçə ay əvvəl camaat arasında "Razin tolkuçka"sı kimi tanınan bazarın söküləcəyi, hətta Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin ticarət mərkəzini ələ keçirmək istəməsi barədə xəbərlər yayılmışdı. Amma satıcıların ciddi etiraz etməsi bazarın sökülməsinin qarşısını aldı.
Qeyd edək ki, icra başçısı həmin vaxt bazar rəhbərliyinin qarşısında müəyyən şərtlər də qoymuşdu. Ki, bura tıxac probleminin həlli, bazarda mühafizə polisinin olması, əraziyə 50 ədəd nəzarət kamerasının quraşdırılması, sanitar-gigiyenik vəziyyətə xüsusi diqqət yetirilməsi və bazarın ərazisində müasir standartlara cavab verən yeraltı və ya yerüstü avtomobil dayanacağı olan müasir ticarət mərkəzinin tikilməsi daxil idi. Bu şərtlərin yerinə yetirilməsi müqabilində bazarın fəaliyyətinə icazə verilmişdi. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda isə bildirilir ki, aradan xeyli müddət keçsə də, bazarın sahibi Hacı Fərhad Mirzəyev icra başçısının qoyduğu şərtləri hələ də yerinə yetirməyib. Ticarət mərkəzində acınacaqlı vəziyyətin hökm sürdüyünü deyən məlumatlı şəxsin bildirdiyinə görə, iş adamı sahibkarlara əlavə problemlər yaradır, eyni zamanda icra başçısı ilə hesablaşmır: "Bazarda alver demək olar ki, yox dərəcəsindədir. Əvvəllər burda adam əlindən tərpənmək olmurdu, amma hazırda müştəri azlığı diqqəti cəlb edir. Bunun bəzi səbəbləri var. "Bakıxanov" Ticarət Mərkəzində qiymətlər bahadır. Bazar rəhbərliyi hər üç aydan bir yer pullarını heç bir səbəb olmadan artırır. Səbəbini soruşanda, yaxud buna etiraz edəndə isə bizə deyirlər ki, sizi qane etmirsə, çıxıb gedə bilərsiniz. Biz də məcburiyyət qarşısında satdığımız malın qiymətini qaldırırıq. Belə olan təqdirdə vətəndaşlar bazardan alış-veriş etmək istəmir. Bazar rəhbərliyi, konkret olaraq Fərhad müəllim bizim durumumuzu nəzərə almır. Alverin zəif olduğu bir vaxtda mayın 1-dən aylıq icarə haqqını artırıblar. Vəziyyət çox çətinləşib. Bu duruma tab gətirə bilməyən bəzi sahibkarlar dükanlarını təhvil verməyə hazırlaşır. Hacı Fərhad ancaq öz qazancını fikirləşir. O yaxın adamlarını və bəzi qohumlarını ətrafına yığıb özbaşınalıq edir. Adını Hacı qoyub, amma bütün günü dilindən təhqir dolu sözlər düşmür. İcarə pulunu bir gün gecikdirənlər bazar sahibinin adamları tərəfindən incidilir. Hacının Səidə adlı katibəsi var. İş o yerə çatıb ki, Səidə xanım da dükan sahiblərinin üzərində hökmranlıq edir". Mənbənin sözlərinə görə, yüksək nüfuzlu şəxslərdən birinin adından harda gəldi istifadə edən Hacı Fərhad Mirzəyev Sabunçu rayonunun ərazisində saysız-hesabsız obyektlərə sahibdir: "Onun nəyi yoxdur ki. "Həyat yolu" şadlıq sarayı, bazarla üzbəüz binanın birinci mərtəbəsindəki ofislər Hacıya məxsusdur. "Razin"də "Dağ" deyilən yerdə bir imarət tikdirib ki, milyonlarla qiyməti var. Şəhərin ayrı-ayrı yerlərində bahalı mənzillər alıb. İbadət edən şəxslər adətən əliaçıq, xeyriyyəçi olur. Buna baxmayaraq, "Bakıxanov" boyda bazara sahiblik edən Hacı heç bir kasıba əl tutmur, ticarət mərkəzində işləyən insanlara güzəştə getmir. Mərkəzdə qanun pozuntusu kifayət qədərdir. Məsələn, elektrik enerjisindən qeyri-qanuni istifadə halları mövcuddur. Belə ki, bir neçə dükanın işığı eyni xətdən götürülür. Ayın sonunda isə işlədilən enerji sərfiyyatına görə az məbləğ ödənilir. Bundan başqa, elektrik naqillərinin səliqəsiz olması, daha doğrusu hörümçək torunu xatırlatması bazarda hər an yanğın hadisəsinin baş verməsinə səbəb ola bilər. Sabunçu Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin rəsmiləri bunu irad tutaraq təmir işlərinin görülməsini tələb ediblər. Hacı Fərhad isə öz bildiyini edir. Meyvə-tərəvəz, eləcə də ət və toyuq məhsullarının satıldığı hissədə dəhşətli vəziyyət hökm sürür. Üfunət iyindən həmin əraziyə girmək qeyri-mümkündür. Kəsilən heyvanların içalatı, baş və ayaqları hara gəldi atılır. Zibil qutularının həftələrlə təmizlənməməsi iyrənc mənzərələrin ortalığa çıxmasına səbəb olur. Bunların heç biri Fərhad müəllimi maraqlandırmır. Onun üçün vacib olan məsələ şəxsi maliyyə hesabının günbəgün artmasıdır. Belə olmasaydı, bazarın müdirinin imarətinin həyətində bir-birindən bahalı avtomobillər dayanmazdı. O işə hər gün bir maşınla gəlir. Hətta eşitdiyimə görə, "Mercedes 600" markalı maşını xüsusi zirehlə qorunur. İş adamının özünü kimdən, yaxud nədən qoruması isə məlum deyil". Əldə etdiyimiz başqa bir məlumata əsasən, Hacı Fərhadın işlərinin əsas hissəsini müavini Vahid Abdulov həyata keçirir: "Bazar işçiləri bu şəxsin fəaliyyətindən narazıdır. Çünki o sahibkarların rahat fəaliyyəti üçün səy göstərmir. Əksinə, onlara qarşı kobudluq edir, yerli-yersiz tələblərdə bulunur. O, 20 ildən çoxdur ki, burda işləyir, lakin indiyə qədər heç kim ondan razılıq etməyib. Bazarın sahibi ilə çox yaxın olan Vahid Abdulovun da maliyyə imkanları yüksək səviyyədədir. Onun sürdüyü maşının yüz minlərlə qiyməti var". "Bazarkom"un həyata keçirdiyi qeyri-qanuni işlər haqqında əlimizdə digər faktlar da var. Məsələn, deyilənə görə, onun oğlu Samir Mirzəyev bir neçə ay əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Yalnız atasının məsələyə müdaxiləsindən sonra sərbəst buraxılıb. Növbəti sayımızda bu hadisənin təfərrüatı haqda yazı dərc edəcəyik. Bizi izləyin.