Bərdədə odun peçi ilə qızınan sakinlər meyvə ağaclarını kəsib yandırmağa məcbur olur

7-12-2022, 10:27           
Bərdədə odun peçi ilə qızınan sakinlər meyvə ağaclarını kəsib yandırmağa məcbur olur
“Qış çıxana qədər 700-800 manat verib odun alırıq”

Teref.az yazır ki, Bərdə şəhərinin Həzi Aslanov küçəsində yerləşən bir neçə mənzilə yanar qaz çəkilməyib.

Sakinlər mavi yanacağa olan ehtiyaclarını müxtəlif vasitələrlə ödəməyə çalışırlar. Çarəsiz qalan sakinlər problemi aradan qaldırmaq üçün qaz balonlarından, kimisi elektrik cihazlarından, kimisi də odun peçindən istifadə edir.

Deyirlər ki, magistral qaz xətti yaxınlıqdan keçir. Ancaq onların evlərinə verilmir.

Yanar qazın olmamasının özünəməxsus çətinlikləri var. Onları əziyyətə salmaqla bitmir, əlavə xərcə də salır, ziyan vurur.

Odun peçi ilə qızınan sakinlər bəzi hallarda həyətyanı təsərrüfatlarında əkdikləri meyvə ağaclarını kəsib yandırmağa məcbur olur.

İstilik problemi ilə illərdir üz-üzə qalan sakin Əntiqə Məmmədova, “20 ildir bu əzabı biz çəkirik. Odun alıb yandırıram. Qaz xətti evimizin yanından keçir, biz istifadə edə bilmirik. Bələdiyyə deyir, bizlik deyil, gedin qaz idarəsinə müraciət edin. 20 ildir o idarələri gəzirik. Deyirlər qaz çəkəcəyik, dəyişən heçnə yoxdur. Heç biri bizə kömək etmir. Qış çıxana qədər 700-800 manat verib odun alırıq”, -deyir.

Şikayətçilər dəfələrlə yaranmış problemlə bağlı aidiyyatı qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb. Hər dəfə müraciət olunanda vəd verilib, nəticə isə yoxdur.

Mövzu ilə bağlı Belediyye.netin sujeti:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.