Cahangir Hacıyevə 3 gün vaxt verildi – 25 milyon ödəməlidir
14-05-2015, 12:33
Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sabiq sədri Cahangir Hacıyevin brend mağazası cərimə olunub.
AzNews.az-a daxil olan məlumata görə, cəriməni C.Hacıyevin françayzeri olduğu “Harvey Nichols” şirkəti edib. Şirkət Azərbaycan nümayəndəliyini onun adına xələl yetirməkdə ittiham edir. Buna görə də “Harvey Nichols” Cahangir Hacıyevi 25 milyon dollar cərimə edib. Şirkətin Azərbaycandakı rəsmi disribyutoruna 3 gün vaxt verilib. Bu müddət ərzində cərimə ödənilməzsə, “Harvey Nichols” şirkəti françayzinq müqaviləsini pozaraq, adını geri götürəcək.
Məlumat üçün bildirək ki, françayzinq bir şirkətin öz əmtəə nişanından istifadə ediməsinə rəsmi icazə verməsidir. Françayzer onun əmtəə nişanından istifadəyə görə digərinin gəlirindən müəyyən faiz alır.
Qeyd edək ki, “Harvey Nichols”un Bak nümayəndəliyinin ofisi “Globus Plaza”da yerləşir. “Globus Plaza”nın rəhbəri, sabiq millət vəkili Dünyamin Xəlilovun dünən maliyyə xəyanətində ittiham olunaraq saxlanıldığı barədə məlumat yayılıb. Plazanın özü isə polis nəzarətinə götürülüb, mağazaların kassaları möhürlənib və plazada axtarış işləri aparılıb. “Harvey Nichols”un Azərbaycan üzrə françayzerinin isə Cahangir Hacıyev olduğu bildirilir.
Onu da qeydə edək ki,“Harvey Nichols Baku” Böyük Britaniya və İrlandiya hüdudlarından kənarda “Harvey Nichols”un portfoliosunda 8-ci beynəlxalq mağazadır.