Daxili işlər nazirinin qardaşı 400 adamın mülkünü yerlə-yeksan etdi – Bakıda görünməmiş özbaşınalıq (FOTO)
1-06-2016, 21:31
Əvəz Əhmədov uçurtduğu daşınmaz əmlakın yerində 17 bina tikir
“Sabunçu İstehsalat Xidməti Bazası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 82,4686%-lə səhm-nəzarət paketinin sahibi Əvəz Əhmədov Sabunçu rayonu Xəstəxanayanı küçəsi, 37 ünvanında yerləşən, 403 səhmdarın ortaq əmlakını qanunsuz olaraq yerlə-yeksan edib.
Bu barədə AzToday.az-a müəssisənin səhmdarları xəbər veriblər.
Qeyd edək ki, Əvəz Əhmədov Naxçıvan daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.
sabuncu
Adıçəkilən ünvanda olduq və həqiqətən də şəkillərdən göründüyü kimi orada əmlakdan əsər-əlamət qalmayıb. Halbuki bir neçə ay əvvəl müəssisənin əsasən icarəyə verilmiş üç mərtəbəli inzibati binası, müxtəlif köməkçi tikililəri vardı və onlar da lentə alınıb. Sökülmüş tikililərin yerində Ə.Əhmədova məxsus “TEMA” MMC şirkətinin hündürmərtəbəli binalar inşa etməyə hazırlaşdığı deyilir.
sabuncu1
Xatırladaq ki, səhmdarlarla Ə.Əhmədov arasında konflikt 2014-cü ildən başlayıb. Majoritar səhmdar (Majoritar səhmdar (Majority shareholder) – Cəmiyyətin fəaliyyətinə nəzarət etmək və qəbul edilən qərarlara təsir etmək imkanı verən səhm paketinə malik səhmdardır -red) iddia edib ki, Əmlak Məsələləri Dövlət Komitəsi müəssisəni bütövlükdə ona satıb və tək sahibi özüdür, səhmdarlar isə reyestr çıxarışı göstərib özlərinin də orada payçı olduqlarını sübut ediblər. Sonda vəziyyətlə “barışan” nazir qardaşı bu dəfə kiçik ortaqlarından qurtulmaq üçün müxtəlif yollar arayıb. Əvvəlcə müəssisənin istifadəsində olan torpaqdan imtina edərək “havada qalmaq” istəyib. Lakin minoritar səhmdarlar (Minoritar səhmdar (Minority shareholder) – Şirkətin idarə edilməsində iştirak etmək üçün kifayət edəcək həcmdə səhm paketinə sahib olmayan səhmdardır) bunu qəbul etməyiblər və müzakirəsini belə aparmağa imkan verməyiblər. Lazım gələrsə torpağı özlərinin hesabına özəlləşdirib müəssisəyə bağışlayacaqlarını söyləyiblər. Bununla da torpaq ətrafında polemika bitib. Sonradan həmin iclası “bəyənməyən” majoritar səhmdar kiçik ortaqların iştirak etmədiyi, heç bir yerdə elanı getməyən “iclas”da məzmunu şəriklərinə bəlli olmayan saxta protokol tərtib etdirib.
82% payının əvəzinə 97%-i kağız üzərində “mənimsədi”
əvəz ehmedovLakin Ə.Əhmədov bununla sakitləşməyib, səhmdarların 2015-ci ilin iyin ayının 30-da keçirilən ümumi yığıncağında cəmiyyətin əmlakını 82,4686% (ümumi yığıncaqda özlərinin səsləndirdikləri rəqəm 82,4069% idi) və 17,531% nisbətində “bölüb”.
82,4686% 1 145 738,50 manat dəyərində 2 291 477 səhmdir. Cəmiyyətin ümumilikdə 1 389 302 manat dəyərində 2 778 604 səhmi var. Qanunsuz addım atdığı bir tərəfə, burada da ədalətsiz davranıb 15 547 kv/m. torpaq sahəsinin 15 037 kv/m.-ni balansına “keçirib”, 510 kv/m. sahəni də 402 səhmdara “saxlayıb”. 15 547 kv/m.-in 17,5314%-i 510 yox, ondan 5,34 dəfə artıqdır – 2 725 kv/m. Bu hesabla nazirin qardaşı ortaqlarına məxsus 2 215 kv/m. əmlakı da belə “mənimsəyib”. Beləliklə, kiçik payçılara saxladığı əmlak 3,3%, özününkü isə 96,7% olub. Zərərin çoxunu, əmlakın isə azını 402 nəfərə “verib”. Müəssisənin balansında nağd pul da var imiş, onu səhmdarlarla paylaşmayıb. Bu yaxınlarda məlum olub ki, müəssisənin tikililəri darmadağın edilib.
Söhbəti gedən müəssisənin səhmdarı Cahangir İsmayılov paket sahibi ilə hələ keçən ildən məhkəmə çəkişməsindədir.
AzToday.az-a danışan səhmdarın dediyinə görə 30 iyun tarixli yığıncağa qədər müəssisə idarə heyətinə məktubla müraciət etmiş, gündəlikdə müzakirə olunacaq məsələlər barədə məlumat almaq istəmiş, lakin ona cavab verməmişlər. Mülki Məcəllənin 107-1.5. maddəsinə görə səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə cəmiyyətin adı, olduğu yer, yığıncağın keçirilmə tarixi, vaxtı və ünvanı, yığıncağın gündəliyi, gündəlik üzrə materiallarla tanış olunma qaydası göstərilməlidir. Mülki Məcəllənin Kommentariyasında həmin maddə (233-cü səhifə) “bildiriş səhmdara ümumi yığıncaqda maneəsiz iştirak etmək və onun materialları ilə qabaqcadan tanış olmaq imkanı yaratmalıdır”, kimi şərh edilir. Qanunvericiliklə səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 gün qalmış gündəliyin layihəsinə dair təkliflər vermək və ümumi yığıncağa 15 gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə tanış olmaq hüququna malikdirlər. C.İsmayılov deyir ki, sorğusuna cavab verilməyib və həmin iclas keçib.
“Beş yerə bölünən müəssisənin beşində də səhmdar təmsil olunur”
İyunun 25-də C.İsmayılov “Sabunçu İXB” ASC-nin rəhbərliyinə yenə bir rəsmi məktub ünvanlayıb, cəmiyyətin səhmdarlarının 6 may və 30 iyun tarixli ümumi yığıncaqlarının protokollarının təsdiq olunmuş surətini istəyib. Lakin bu məktub üzərinə “imtina edilib” işarəsi qoyulmaqla geri qaytarılıb.
Cənab İsmayılov 30 iyun tarixli ümumi yığıncağın qərarları və iclasın protokolunun ləğv olunması iddiası ilə avqust ayında Sabunçu Rayon Məhkəməsinə müraciət etdiyini deyir: “Əvvəla iclasa qədər mən gündəliklə tanış olmamışdım və bununla da hüquqlarım pozulmuş, onlar da cərimə edilmişdilər. İkincisi də Mülki Məcəlləyə görə fərdin müəssisəsədən iclas qaydasında ayrılması mümkün deyil, yalnız məhkəmə yolu ilə ola bilər, burada da xüsusi prosedurlar var. Bu zaman məhkəmə kənar icraçı təyin edir və bölünməni həmin şəxs həyata keçirir. Müəssisənin bölünməklə bir və ya bir neçə hüquqi şəxsin ayrılması yoluyla yenidən təşkili var. Amma orada hüquqi şəxs ayrılır və səhmdarlar da həmin hüquqi şəxslərin hər birində payına uyğun təmsil olunmalıdır. Əgər müəssisə 5 yerə bölünürsə və birinin 99% səhmi varsa, artıq hərəsində 99% səhmi olur. 1% səhmi olanın da bölünən 5 hissənin hər birinə yenə 1% səhmi keçir. Çünki mülk səhmdarın deyil, səhmdar cəmiyyətindir və səhmdar orada səhmə malikdir, əmlaka yox. Cəmiyyət ləğv olunduğu zaman səhmdar əmlaka sahib olur, hərə öz payına uyğun əmlakı götürür. Bölünmə protokolunda 82% mülk onundur. Nə qədər əmlakı varsa, o qədər əmlak, nə qədər öhdəliyi varsa, o qədər öhdəlik ona getməlidir. Amma bölünmənin özü də düzgün aparılmayıb. Biz iclasda çox danışa bilmədik, ona görə ki, fikrimizi söyləmək üçün iclasa qədər gündəliyin materialları ilə tanış olmalı idik, lakin bizə bu imkan verilməmişdi”.
Qanun yalnız hüquqi şəxsləri bir-birindən ayırmağa icazə verir
MM-in 55-ci maddəsinə görə, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi, ya da tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə kənar idarəçi təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır. MM-in 56-cı, “Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi” maddəsinin bəndlərinə görə, hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.
sehmdarlar
Səhmdar deyir ki, qərarların ləğvi və protokolun etibarsız sayılması ilə bağlı Sabunçu Məhkəməsinə müraciət edib, amma Məhkəmə işə baxılmasını o qədər yubadıb ki, sonradan müəssisənin taleyinə dair İnzibati Məhkəmənin qərarı çıxıb, qərar qüvvəyə minib, Sabunçu Məhkəməsi isə hələ fikirləşir.
C.İsmayılov: “Yalnız may ayının 6-da qərar çıxarılıb. Mənə verilən izahatdan belə anladım ki, hakim ASC-lərin ümumi yığıncaqlarındakı protokolun əhəmiyyətini qəbul etmir. Deyir, “protokolda sizin dedikləriniz qeyd olunur”. Mən nə qədər çalışdım ona izah edim ki, protokol razılaşma, bir təşkilatın yığıncaq qərarlarının rəsmiləşdirilmiş sənədidir, başa sala bilmədim. Hakim protokolu sənəd saymadığı üçün də iddianı təmin etmədi. Halbuki o protokol etibarsız hesab olunmalıdır ki, heç yerdə işləməsin. İşi aparan hakimlərin çoxu ASC-lərin fəlsəfəsini bilmir, ona görə də bu sahədə qanunla əsaslandırılmış qərarlara az-az rast gəlinir. Indiki vəkillər “vasitəçi” olublar, biz isə hüquqşünas, vəkillərin əvəzinə hakimlərə qanunları izah edirik. Yenə də onların “maraqları” ilə bizim izahlarımız üst-üstə düşmədiyindən istədikləri qərarları çıxarırlar”.
Vergilər Nazirliyi oliqarxın qanunsuz qeydiyyatından imtina edib
vergilerC.İsmayılovun dediyinə görə, Əhmədov ayrılmanı qeydə aldırmaq üçün iclasın protokolunu Vergilər Nazirliyinə göndərib. Nazirlikdə ayrılmanı qeydə almaqdan imtina ediblər. Lakin paket sahibi iki yerə “böldüyü” “Sabunçu İXB” ASC adından Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə (VN VDKHŞDQİ) qarşı “kommersiya qurumunun təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliklərinin qeydiyyata alınmasından imtina edilməsi haqqında cavabdehin 14.08.2015-ci il tarixli qərarının ləğv olunması və sonrakı dəyişikliklərin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddiası ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Səhmdarlar da maraqlı şəxs kimi vəsadət verib həmin məhkəmə prosesinə qoşulublar. İşə hakim Zaur Tağıyevin sədrliyi ilə baxılıb. VN VDKHŞDQİ-nin dəyişikliyi qeydiyyatdan imtina qərarında MM-in 56-cı maddəsinə istinad edilir və bildirilir ki, “həmin maddə hüquqi şəxsin yenidən təşkilinin ayrılma formasında hüquqi şəxsdən yalnız hüquqi şəxsin ayrılması qaydasını müəyyən edir. Yəni hüquqi şəxsin ayrılma yolu ilə yenidən təşkili zamanı hüquqi şəxsin tərkibindən yalnız əvvəldən mövcud olan və cəmiyyətin səhmdarı olan hüquqi şəxs ayrıla bilər”.
VN VDKHŞDQİ-dən məhkəməyə də etiraz məktubu təqdim edilib, MM-in müvafiq maddələrinə istinadən verdikləri qərar əsaslandırılıb və qarşı tərəfin iddiasının mümkün sayılmaması xahiş edilib. İşin şifahi məhkəmə baxışı iclası ötən ilin noyabrın 20-nə təyin edilib.
C.İsmayılov: “Biz də Əhmədovun etirazına öz etirazımızı bildirdik, bölünmənin mümkün olmadığını əsaslandıran dəlillərimizi gətirdik. Ədliyyə Nazirliyinin də bölünmənin qanunsuz olduğunu izah edən açıqlaması məhkəməyə təqdim olundu. ƏN-nin bu məsələyə münasibəti “Sumqayıt Soyuducu Baza” ASC-nin bölünməsinə cəhd zamanı alınmışdı və minoritar səhmdarlar prosesi bu şəkildə dayandırmışdılar. Yəni daha əvvəl belə bir presedent vardı. Nəticədə nazir qardaşının iddiası təmin edilmədi, məhkəmə VN-nin bölünməni qeydiyyata almaqdan imtinasını doğru saydı. Həmin məhkəmənin qərarı bu ilin 12 yanvar tarixli qərarı ilə qanuni qüvvəyə minib. Əhmədov qərardan 30 gün müddətinə Apellyasiya şikayəti vermədiyinə görə qərar qüvvəsində qaldı. Lakin qanuni qüvvəyə minmiş qərara məhəl qoymadan müəssisənin şəriksiz sahibi kimi davranıb, binaları söküb, dağıdıblar. Burada aydın olan bir şey var: səhmdar cəmiyyət mövcuddur, ləğv olunmayıb, bölünməyib. Cəmiyyət yerində qalır, amma əmlakı məhv edilib…”.
(ardı var)