“Azercell”in qarşısında “sxodka” gözlənilir?
1-06-2016, 23:23

Mayın 17-də Qafqaznews.az saytında “Azercell” məhsullarından qazanılan və gizlədilən milyardlar” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bir sıra şirkətlərin “Azercell”in məhsullarının satışında maxinasiyalar aparması və başqa distribüterləri əzməsindən söz açılırdı. Bundan başqa, martın 16-da Qafqaznews.az saytında ““Bahalı nömrələrdən “Azercell”in də xəbəri var” – mobil rabitə bazarında monopoliya” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda qeyd olunmuşdu ki, mobil rabitə bazarında formalaşan “ierarxik sistem” və bahalı nömrələrin satışı ilə bağlı Qafqaznews.az-a bir sıra məlumatlar daxil olub.
Yazıda bildirilirdi: “Azercell” şirkəti nömrələri və kartları “Akhundoff Networks”, “ ABC Telecom”,“İntegralPlus” şirkətlərinə satır.
Azercell şirkətində 10 min ədəd nömrənin maya dəyəri 41 min manat təşkil edir.Bu 3 şirkət həmin nömrələri daha baha qiymətlərlə alt distribüterlərə və yaxud da dilerlərə satırlar. Nəticədə Azərbaycanda mobil xidmətlər abunəçilərə baha başa gəlir . Bu isə vətəndaşların narazılığına səbəb olur. Belə ki, məlumatda qeyd olunana görə, üst distribüterlər “Azercell” verdiyi malı bölür, sonra alt distribüterlər və dilerlər öz müştərilərinə satırlar. Bu günlərdə “Azercell” məhsullarında “qaz vurub qazan dolduran” başqa şirkətlər haqqında da maraqlı məlumatlar əldə etmişik.
Redaksiyamıza məlumat verən mənbə “IST Petrol”, “Novotech”, “Baktel”, L – zline, “Klik ekspress” kimi şirkətlərin adını çəkib.
“Bu şirkətlər uzun müddətdir “Azercell”in və digər distrubüterlərin zəhmətindən istifadə edərək pul qazanırlar. Yəni, “Azercell” tarif və xidmətlərindən belə anlayışı olmayan bu şirkətlər yalnız öz aralarında ata malı kimi “Azercell”danışıq kartlarını bölərək və qeyri-qanuni kvotalar təyin edərək, heç bir əziyyət çəkmədən və hətta elə öz vəsaitlərini istifadə etmədən külli miqdarda pul qazanırlar”, – deyə mənbə bildirib.
Mənbə vurğulayıb ki, bu şirkətlərin sahibləri sadəcə “Azercell”də havadarlar taparaq, mobil rabitə bazarına nəzarət edirlər. Xatırladaq ki, ötən ay Qafqaz Xəbər Agentliyi vasitəsi ilə “Azercell Telecom”un rəhbəri Vahid Mürsəliyevə müraciət edən sahibkarlar bildiriblər: “Vahid müəllim, yəqin ki, “Baktel” şirkətinə kimlərin nəzarət etməsi, onların bank hesablarına Vergilər Nazirliyi tərəfindən 200 milyon manat məbləğində sərəncam qoyulması barədə məlumatlara siz də rast gəlmisiniz. Bu insanlar heç bir əziyyət çəkmədən, “Azercell”in məhsullarını alt distribüterlərə ötürməklə milyonlar, hətta milyardlar qazanırlar. Bununla yanaşı, vergidən də yayınırlar və özlərini mobil rabitə bazarının ağaları kimi aparırlar. Onlar həm cəmiyyəti, həm də dövləti aldadırlar”.
Bir müddət əvvəl saytımızda dərc olunan məlumatda bildirilirdi ki, hüquq elmləri doktoru, “Putinin dostu” kimi tanınan İlham Rəhimovun kürəkəniylə bağlı “Baktel” şirkətinin bank hesablarına Vergilər Nazirliyi tərəfindən sərəncam qoyulub. Qafqaznews.az-a daxil olan məlumatda qeyd olunurdu ki,bu şirkətin dövlətə nə az, nə çox, düz 200 milyon borcu yaranıb. ilham-rehimovYəni şirkətin sahibləri vaxtı ilə kimlərəsə görə qeyri-qanuni 18 faiz ƏDV-dən azad olunduqları üçün milyonlara sahib olub “Bentley” avtomobillərində gəzirlər. Hətta özlərinin şəxsi təyyarələri də var. Ancaq bu gün, Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində bəlli olub ki, Baktel şirkəti 200 milyon manatlıq vergidən yayınıb. Vergilər Nazirliyinin istintaq idarəsinin əməkdaşları tərəfindən “Baktel” şirkətinin icraçı direktoru Elçin Zaur oğlu Mansurov saxlanılsa da, sonradan bir qrup şəxs tərəfindən istintaqın gedişatına maneə törədilib və Elçin azadlığa buraxılıb. Əldə etdiyimiz digər məlumata görə, əslən Qazax rayonundan olan Elçin Mansurov “Bakı Çinar Soyuducuları” zavodunun direktoru vəzifəsini də icra edir. İndi isə “Azercell”in bazarına qarmaq atan “İST-Petrol” haqqında…
1990-ci illərin əvvələrində “Azəravtonəqliyyat”ın ərazisində yanacaqdoldurma məntəqəsi yaradılıb. Yarandığı zaman həmin yanacaqdoldurma məntəqəsini mərhum kriminal avtoritet Lotu Bəxtiyarın adı ilə bağlasalar da, əslində oranın şəriklərindən biri keçmiş Xüsusi İdarənin rəisi general Elman Qəmbərov olub. Lotu Bəxtiyar o zamanlar şirkətə ad seçərkən simvolik olaraq, “İST” – İlqar, Seymur, Teymur adlarının baş hərflərindən yararlanıb. Məqsəd isə o olub ki, Bəxtiyarın adı “İST Petrol”un üzərində olmasın. 1998- ci ildə Bəxtiyarın həbsxanada vəfatından sonra şirkətdə bir sıra maraqlı hadisələr yaşanıb. “İST Petrol” un ortaqlarından olan Teymur daha “ağıllı” davranaraq, Bəxtiyarın ölümündən dərhal sonra özünə yeni “krışa” tapmağa qərar verib.
Məmur dəstəyi olmadan işlərini davam etdirə bilməyəcəklərini anlayan Teymur çıxış yolları tapmağa çalışıb. Bu arada isə “İST Petrol”un ortaqları Ələt qəsəbəsində naxçıvanlı iş adamları ilə birlikdə şərikli yanacaqdoldurma məntəqəsi açfıblar. Amma burada işləri istədikləri kimi alınmayıb. Naxçıvanlı biznesmenlər bu vəziyyətdən narazı qalıblar.Bundan ehtiyat edən “İST Petrol”un ortaqları hətta gecələri belə yanacaqdoldurma məntəqəsində qalıblar, “Papanin”dəki dostlarından yardım alaraq, obyektlərini naxçıvanlı biznesmenlərdən qorumağa çalışıblar. Teymur isə məmur ortaq axtarışına davam e_qemberov - копияetdirib və nəhayət, o zamanlar Elman Qəmbərovun idarəsində xidmət edən Seymur-Teymur qardaşlarının yeznələri, onları E.Qəmbərovla tanış edir. Bununla da, naxçıvanlı iş adamları tərəfindən” “İST Petrol” a olan təzyiq azalır. Naxçıvanlılar Teymurun yeni məmur ortağına hörmət etdiklərinə görə geri çəkiliblər. Qeyd edək ki, həmin illərdə Elman Qəmbərovun qılıncının dalı da, qabağı da kəsib. O, vəzifədə olduğu müddət ərzində “İST Petrol” şirkətinə ciddi şəkildə himayədarlıq edib, şirkətə və onun işlərinə zərər gəlməsinə imkan verməyib. Göründüyü ki, altdan-altdan inkişaf edən və müxtəlif rıçaqlar vasitəsilə dayaqlarını möhkəmlədən bu qruplar getdikcə “Azercell”i də ələ keçirməyə çalışırlar. Yəqin ki, yaxın zamanlarda “Azercell” binasının qarşısında “strelka”lar və “sxodka”lar da baş tuta bilər.