Əhəd Abıyevin adı daha bir qalmaqalda - TƏFƏRRÜAT

22-02-2023, 10:31           
Əhəd Abıyevin adı daha bir qalmaqalda - TƏFƏRRÜAT
Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 9, mənzil 4-də qeydiyyatda olan və yaşayan Sədaqət İmamqulu qızı Bayramova mənzilinin altındakı zirzəminin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən qanunsuz yolla alınıb Məmmədov Təmraz Əhəd oğlunun adına sənədləşdirildiyini iddia edib.

"Su və kanalizasiya xətləri keçən, bizim istifadə etdiyimiz ikinci zirzəmi də qanunsuz sənədlə razılığımız olmadan alındı"

Yaşadığı mənzilin atasına I qrup Böyük Vətən Müharibəsi əlili olduğu üçün prezident tərəfindən verildiyini deyən şikayətçi bildirib ki, atası hələ sağlığında qeyd olunan mənzili ona bağışlayıb: "Atam uzun müddət müharibənin fəsadlarından əziyyət çəkdiyi üçün doğulduğu Naxçıvan şəhərinə müalicə məqsədiylə gedib və orada dünyasını dəyişib. O, sağlığında Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 9, mənzil 4 ünvanındakı mənzili mənə bağışlayıb. Nəzərinizə çatdırım ki, mənə və qonşuya məxsus olan 5 saylı mənzilin altında zirzəmi var. Həmin zirzəmidə su və kommunikasiya xətləri yerləşir, ora giriş isə mənzilin texniki pasportunda göstərildiyi kimi mənə məxsus anbarın arxasındadır. İndi isə həmin zirzəmi keçmiş millət vəkili, hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı olan Əhəd Abıyev tərəfindən qanunsuz yolla alınıb və Məmmədov Təmraz Əhəd oğlunun adına mənzil kimi sənədləşdirilib. Daha sonra artıq tamah güc gəlib. Belə ki, su və kanalizasiya xətləri keçən, bizim istifadə etdiyimiz ikinci zirzəmi də qanunsuz sənədlə razılığımız olmadan alındı. Onu da bildirim ki, qonşuluqda ofisi olan Məmmədov Təmraz Əhəd oğlu ofisə su axıntısı olduğunu deyərək, bacımdan qapını açmağı xahiş edib. Sonra isə su xətlərinin təmiri adı ilə zirzəmidə qeyri-qanuni qazıntı işləri apararaq evin bünövrəsini boşaltmış, bu da azmış kimi 3 qonşunun bünövrəsinə xeyli ziyan vurub. Nəticədə mənzillərdə çatlar yaranıb. Bu da azmış kimi evə bitişik 15 saylı Uşaq Poliklinikasının bünövrəsini qazaraq oradan xeyli torpaq çıxarıb, evin poliklinikaya tərəf divarını kəsib, arxa qapı yaradıb, sonra qonşunun yataq otağına xeyli ziyan vuraraq ofisdən zirzəmiyə qapı açıb".

"Mən Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğluna dövlət orqanlarına müraciətlərimi və verdiyi sözü xatırlatsam da, o mənə "Ala dövlət var", "Nə istəyirsən elə" kimi cavablar verdi"

Sədaqət Bayramovanın sözlərinə görə, bütün bunların nəticəsində mənzilində çatlar əmələ gəlib, girişin bağlanması səbəbindən su xətləri nəzarətsiz qalıb, evin alçipanı divardan aralanıb: "Həmçinin, qonşuların mənzillərində də ciddi fəsadlar yaranıb. Odur ki, mən qeyd olunanlarla bağlı 46 saylı Mənzil İstismar Sahəsinin rəisi Məmməd Əliyevi məlumatlandırdım və o, evə baxış keçirdi, o cümlədən qeyri-qanuni qazıntının video görüntülərini çəkdi. Bununla yanaşı, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə, Səbail Rayon Prokurorluğuna, Baş Prokurorluğa, Səbail Rayon İcra Hakimiyyətinə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Səbail Rayon Mənzil Təsərrüfat Birliyinə hadisə ilə bağlı məlumat verdim, Fövqəladə Hallar Nazirliyinin "112" çağrı mərkəzinə zəng vurdum. Lakin Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğlu bərkitmə işlərinə başlayaraq zirzəmini əvvəlki vəziyyətinə gətirəcəyinə, mənzillərdə təmir-bərpa işlərini edəcəyinə dair söz verdiyi üçün şikayətlərimdən imtina etdim. Ancaq Məmmədov Təmraz Əhəd oğlu sözünün üstündə durmadı. Mən onun nümayəndəsi Əliyev Faiq Aydın oğluna dövlət orqanlarına müraciətlərimi və verdiyi sözü xatırlatsam da, o mənə "Ala dövlət var", "Nə istəyirsən elə" kimi cavablar verdi. Bundan sonra yenidən Səbail Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda oldum, vəziyyətin nə qədər təhlükəli olduğunu bildirdim. O, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə təcili məktub ünvanlanmasına göstəriş verdi. Lakin bilərəkdən məktubda ödənişə zəmanət verilmədi. Bu səbəbdən də Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məktubu Səbail Rayon İcra Hakimiyyətinə geri ünvanladı. İcra hakimiyyətinin bilərəkdən vaxt itkisinə yol verdiyini gördüyüm üçün agentliyə ərizə verdim. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən mənzilə baxış keçirilsə də, zirzəmiyə baxış keçirilməsi mümkün olmadı. Çünki Məmmədov Təmraz Əhəd oğlu qanunsuz olaraq zirzəmiyə girişi daşla hördürmüşdü. Halbuki, biz uzun illər həmin zirzəmidən istifadə edirdik. Əlavə olaraq deyim ki, mənzilimdə yaranmış çatların bərpası üçün 4500 manat tələb olunur".

"Əliyev Faiq Aydın oğlu, Əhəd Abıyevin digər qohumları ekspert İsa Eyvazzadənin üstünə qışqıraraq, ekspertizanı onların tələbləri əsasında keçirməyi əmr etdilər"

Bununla bağlı Səbail Rayon Məhkəməsində iddia qaldırdığını vurğulayan şikayətçi bildirib ki, 2019-cu ildən bu günə kimi hər dəqiqə real təhlükə ilə üz-üzə qalıb: "10 fevral 2023-cü il tarixdə mənzilə və zirzəmiyə ekspert baxışı keçirildi. Lakin Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğlu, Əhəd Abıyevin digər qohumları ekspert İsa Eyvazzadənin üstünə qışqıraraq, ekspertizanı onların tələbləri əsasında keçirməyi əmr etdilər. Ekspert İsa Eyvazzadə isə buna dözməyərək bərk əsəbiləşdi, işini gözəl bildiyini söylədi. Bu da azmış kimi, qarşı tərəf mənə və vəkilim Bağırov Abdul Nadar oğluna qışqıraraq, oradan çıxmağımızı tələb etdi. Mən 17 noyabr 2022-ci il tarixli, 2(009)-1937/2022 saylı qərardadı əsas götürərək ekspertiza baxışının keçirilməsini tələb etdim. Zirzəmiyə girmək istəyəndə isə Əhəd Abıyevin qohumları qarşımı kəsdilər. Yalnız ekspert işə qarışıb mənim də iştirakımın vacibliyini qeyd etdikdən sonra biz zirzəmiyə buraxıldıq. Bununla da Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğlu zirzəmidə etdiyi özbaşınalıqlar, qeyri-qanuni qazıntı işləri, su xətlərinin, kanalizasiya xətlərinin yerini dəyişdirməsi, zirzəminin tavanının taxtalarını kəsərək evin döşəməsində silkələnmə və əyilmələr yaratdığını, zirzəmiyə giriş qapılarını kubiklə tikməsi, ofisə qeyri-qanuni qapı açmağı boynuna alaraq təsdiqlədi. Həmçinin, o, ekspertin verdiyi suallara etik normaları pozaraq, "Əcəb etmişəm, öz yerimdi, özüm bilərəm" kimi cavab verib".

Beləliklə, Sədaqət Bayramova "Hürriyyət" vasitəsiylə aidiyyəti qurumlara müraciət edərək, onlardan bu məsələyə öz münasibətlərini bildirmələrini, araşdırma aparmalarını, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 9, mənzil 4-ün təmiri üçün 4500 manat, binanın bünövrəsinə və bərkidilməsinə çəkilmiş 800 manat xərcin, "MBA LTD"dən mənzilə dəymiş zərərin bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar alınmış rəyə görə ödənilmiş 450 manat, hüquqi yardımla bağlı çəkilən xərcin əvəzi olaraq 600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 manat dövlət rüsumunun, cəmi 6334 manat məbləğində pulun geri qaytarılmasını, həmçinin qeyd olunan mənzilin zirzəmisinin girişinin məhdudlaşdırılması məqsədiylə hörülmüş daş maneənin sökülməsini, zirzəminin əvvəlki vəziyyətə gətirilməsini cavabdeh şəxslərə həvalə edilməsini xahiş edib.

"Hürriyyət"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.