Vətəndaş Masallı DYP- si ilə bağlı Nazirə müraciət ünvanladı
13-04-2023, 10:54
Son dövrlər digər sahələrdə olduğu kimi, Daxili İşlər Nazirliyində də köklü islahatlar həyata keçirilib. Aparılan islahatlar sayəsində əldə olunan uğurlu nəticələr danılmaz bir faktdır. Daxili işlər orqanlarında çalışan əməkdaşların yorulmaz fəaliyyəti, ictimai asayişin yüksək səviyyədə qorunması, narkomaniyaya və cinayətkarlığa qarşı təxirəsalınmaz tədbirlərin mütəmadi olaraq keçirilməsi bunu deməyə əsas verir.
Lakin elə polis əməkdaşları da var ki, onlar bütövlükdə polisin fəaliyyətinə kölgə salır. Belələrinə Masallı rayon DYP əməkdaşlarının əksəriyyətini misal göstərmək olar.
KAİM.az xəbər verir ki, vətəndaş Mətləb Muradov Masallı rayon DYP əməkdaşlarının qanunsuz əməlləri barədə Daxili İşlər Naziri cənab Vilayət Eyvazova MÜRACİƏT ünvanlayıb.
M.Muradov müraciətində bildirib ki, Masallı rayonda 09.04.2023-cü il tarixdə idarə etdiyi 90 NR 870 dövlət nömrə nişanlı ford tranzit markalı yük avtomobilini marketə düşmək məqsədilə saxlayıb. Elə bu zaman Masallı rayon DYP əməkdaşları (biri özünü Vüsal kimi təqdim etdi) onun üzərinə sanki illərdir axtarışda olan cinayətkar kimi “şığıyıblar”. Qanunla müəyyən olunmuş qaydada özlərini təqdim etməyə ehtiyac duymayan DYP əməkdaşlarının biri maşının qapısını açaraq məni sanki cinayətkar yaxalayıbmış kimi avtomobildən düşürdü, o biri isə avtomobilin arxa qapısını açaraq, maşını axtarmağa başladı.
Yol patrul xidmətinin əməkdaşlarının maşının içərisini axtardığını ilk dəfə olaraq Masallıda gördüm. Maşını bütövlükdə axtardıqdan sonra məndən sənəd tələb etdilər. Mən sənədləri təqdim etdim. Avtomobili, idarə etmək üçün etibarnamə olmadığı üçün cərimə meydançasına apardılar.
Səhəri gün 4 saatdan artıq gözlədikdən sonra bir təhər Masallı rayon DYP rəisi Asəf Mustafayevin qəbuluna girdim. Rəis əvvəlcə dedi ki, etibarnamə olmadığı üçün maşını sənə verə bilmərik. Sonra isə fikrini dəyişərək məni Ramal Ağammədovun yanına göndərdi. Ramal bəy isə çox soyuqqanlı şəkildə, heç nədən çəkinmədən, özündən razı halda məndən soruşdu ki, ““Cərimə”ni RƏİS ödəyəcək, yoxsa SİZ?”
Mən Ramal bəydən nə qədər pul verməli olduğumu soruşduqda, o bildirdi ki, 54 manatdır, 50 manat ver, bəs edər. Məndən 50 (əlli) manat RÜŞVƏT aldıqdan sonra etibarnamə yaddan çıxdı. Heç bir protokol tərtib olunmadan avtomobili cərimə meydançasından buraxdılar.
Bu zaman iki sual məni düşünməyə məcbur etdi.
Birinci sual: Əgər qanunda etibarnaməsiz avtomobil idarə etmək hüququ varsa, onda niyə avtomobili cərimə meydançasına apardılar?
İkinci sual: Yox əgər qanunda etibarnaməsiz avtomobil idarə etmək hüququ yoxdursa, bəs onda niyə avtomobili cərimə meydançasından buraxdılar?
P.S. Əminik ki, bu müraciətdən sonra Masallı rayon DYP əməkdaşlarının bu və ya digər qanunsuz əməllərinə son qoyulacaq, vətəndaşların yersiz incidilməsi halları aradan qalxacaq.