Fərid Qayıbovun "OÇERED" ŞOUSU - Digərlərinə ÖRNƏK GÖSTƏRİLİR

18-04-2023, 08:58           
Fərid Qayıbovun "OÇERED" ŞOUSU -
Gənclər və idman naziri Fərid Qayıbovun sosial şəbəkədə videosu yayılıb. Görüntülərdə o, hava limanında digər sərnişinlər kimi pasport qeydiyyatından keçmək üçün növbədə dayanıb. Videonun nə zaman və hansı hava limanında çəkildiyi məlum olmasa da, paylaşılan görüntülər sosial şəbəkələrdə alqışla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri F.Qayıbovun ümumi keçiddən istifadə etməsini, səbrlə növbədə dayanmasını səmimiyyət əlaməti kimi qiymətləndiriblər və nazir xeyli sayda bəyənmə toplayıb.

Gənclər və idman naziri bundan əvvəl də səmimi davranışları ilə diqqəti cəlb etmişdi. Nazir Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin çağırışına qoşularaq işə ictimai nəqliyyatla və ya piyada getdiyini bildirmişdi. Rəsmi feysbuk hesabında paylaşım edən nazir bunun sağlam həyat tərzinin və ətraf mühitin qorunması üçün faydalı təşəbbüs olduğunu diqqətə çatdıraraq hər kəsi bu təşəbbüsə qoşulmağa çağırmışdı.

Gənclər və idman nazirinin səmimi davranışları “xalqdan uzaq nazirlər dövrü”nün bitməsi anlamına gəlirmi? DİA.AZ-ın məlumatına görə, ictimai xadim, D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, nazir Fərid Qayıbovun davranışları digər nazirlərə, məmurlara, icra başçılarına örnək olmalıdır:

- Yadınızdadır, Salyanın sabiq icra başçısı şagirdlərin yuxarı qaldırdığı gül çələnginin altıyla addımlamışdı. Elə bil qalib sərkərdədir. O görüntülər nə qədər müzakirə edildi, çoxları onu qınadı. Sonra da vəzifəsindən azad edildi. Məmurlar, nazirlər nə qədər xalqa, sadə insanlara yaxın olsalar, insanlar da onlara yaxınlaşacaq, problemlərini dlə gətirəcək, beləliklə dövlətimiz daha da güclənəcək. Nazir də, icra başçısı da, hər bir məmur, vəzifə sahibi bilməlidir ki, dövlətin dayağı xalqdır. Necə ki, cənab Prezident deyir, mən xalqın xidmətçisiyəm, siz, vəzifə sahibləri də ilk növbədə xalqın xidmətçisi olmalısınız”, məmurlar məhz bu cür davranmalıdır. İstər nazir olsun, istər icra başçısı, ya hansısa yüksək vəzifə sahibi tabeliyində olanları “konvertlə” yox, səmimiyyəti, dürüstlüyü, işgüzarlığı ilə cəlb etməlidir.

Rəhbər belə olduqda tabeliyində olanlar da dürüst işləməyi özlərinə borc bilər, çünki rəhbərin necə işlədiyini görəcəklər. Məmurlar nə qədər sadə olsalar, xalqın içində olsalar, xalq da onlara bir o qədər yaxınlaşacaq, arada uçurum qalmayacaq.

N.Cəfəroğlu bu mənada gənclər və idman nazirinin hərəkətini bəyəndiyini söylədi: - Fərid Qayıbovun davranışları xoşuma gəlir.

Onun davranışları digərlərinə də örnək olmalıdır. Xoşum gəldi ki, nazir idmançılarımızı İrəvandan tez geri çağırdı. Deməli, operativ qərar verə bilir. O, gənclərlə səmimi davranacaqsa, gənclər də ona yaxın olacaq. Vəzifə sahiblərinin əsas keyfiyyətləri dürüstlük, çalışqanlıq, səmimiyyət, mehribanlıq olmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.