Azərbaycanda kütləvi savadsızlıq baş alıb gedir… - Latın əlifbası ilə yaza-oxuya bilməyən məmurlar, icra başçıları, xalq artistləri…

16-06-2023, 12:08           
Azərbaycanda kütləvi savadsızlıq baş alıb gedir… -
Azərbaycanda XXI əsrdə yenidən LİKBEZ-ə ( ликвида́ция безгра́мотности у населения- əhalinin kütləvi savadsızlığının ləğv edilməsi) ehtiyac var… Neçə nəfər vəzifəli şəxs, tanınmış müğənni, biznesmen, məmur tanıyırıq ki, bu gün latın əlifbası ilə nəinki yazmağı, hətta oxumağı bacarmır. Dəfələrlə şahidi olmuşuq ki, tanınmış müğənnilər, hətta xalq artistləri VURMA CƏDVƏLİNİ bilmir. Bu hələ harasıdır..?
Adını çəkmək istəmədiyimiz dövlət müşaviri televizorda çıxışında dəfələrlə FƏQƏRƏ əvəzinə FÜQARƏ deyir. Bu adama başa salan yoxdur ki, FƏQƏRƏ bel sütunudur, FÜQARƏ isə kasıb-kusuba deyirlər, loru dildə fağır-fuğaraya. Yaxşı, dövlət müşaviri qanmır, barı televizordakı məsul şəxs onu başa salsın də…
Dəfələrlə metropolitendə reklam mətnlərinə rast gəlirik, elə kobud səhvlər edirlər ki, adam mat-məəttəl qalır. Bunlara qandırmaq olmur ki, hər gün metropolitenə 750 mindən artıq insan minib-düşür. Və belə kobud səhvlə dolu reklam mətnləri uşağın, məktəblinin, tələbənin beyninə həkk olur. Yaxud bu gün nə qədər televiziya və radio kanalları açılıb. İlahi, bu kanalların aparıcıları görəsən, məktəbə-zada getməyib..? Bunlara orta məktəbdə dərs keçən olmayıb..? Bu qədər primitivlik, bəsitlik olmaz ee…. Bəsitlik dedim yada….
Deməli, bu yaxınlarda Naxçıvanın kəndxudası Vasif Talıbov işdən qovulandan sonra, Amerikada oturub bizlərə öyüd-nəsihət vermək istəyən, sabiq spiker Rəsul Quliyev deyir ki, Vasif Talıbov çox sadə, primitiv adam idi… Bu adam neçə ildir ABŞ-da yaşayır, yəqin ingiliscə də pis-yaxşı öyrənib, amma… Əmması odur ki, bu yekəlikdə adam SADƏLİK-lə, PRİMİTİVLİK-in fərqini bilmir. Belə misalları sonsuzluğa qədər uzatmaq olar. Amma nə faydası..?
Müdriklər demişkən, dənizin dadını bilmək üçün bir damcı da kifayətdir. Məlumdur ki, dərs ilinin başa çatması ilə bağlı məktəblərdə və digər yerlərdə şagirdlər üçün kütləvi tədbirlər keçirilir, XI sinif məzunları məktəblə, müəllimləri ilə vidalaşır, yaxud IV sinifi bitirən şagirdlər İBTİDAİ TƏHSİLƏ vida deyirlər və s. və i.
Həmin tədbirlərin birindəki REKLAM-MƏTNLƏ rastlaşdıq. Orada yazılıb: BURAXILIŞ TƏDBİRİ ƏLVİDA İPDİDAİ SİNİF 02.06.2023 Fikir verdinizmi, qısa bir cümlədə neçə səhv var. Birincisi, cümlənin ortasında TƏDBİR sözü niyə böyük hərflə yazılmalıdır..? İkincisi, İPDİDAİ sözü nə deməkdir..? Yəqin ki, İBTİDAİ sözünü bunlara belə qandırıblar… ƏLVİDA sözündən sonra xitab gəldiyi üçün vergül ( , ) işarəsi qoyulmalıdır.
İndi gördünüzmü, təhsilimiz necə bərbad gündədir..? Bəli, kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə, hətta acığına gələ bilər. Amma tam məsuliyyətlə demək olar ki, Azərbaycanda kütləvi savadsızlıq baş alıb gedir, məktəblərdə, uşaq bağçalarında uşaqlara normal dərs keçirilmir. Bizi kimlərsə sovetlərə rəğbətdə qınaya bilər.
Amma unutmayın ki, hətta bizim qoca baba və nənələrimiz normal oxuya bilirdi. Çünki… Qocalar bizə danışırdı ki, ötən əsrin 30-cu illərində hətta 60 yaşlı insanlar da işdən sonra axşam məktəblərinə gedib yazıb-oxumaq öyrənirdilər. Məqsəd kütləvi savadsızlığı ləğv etmək idi. Bəli, nəinki şəhərlərdə, hətta ucqar kəndlərdə axşam məktəbləri açılmışdı. Nəticədə sovet hökuməti 5-10 ildə kütləvi savadsızlığa son qoydu. Hətta tarixə qısa bir ekskurs kimi deyə bilərik ki, o vaxt bu tədbirlərin adı LİKBEZ ( ликвида́ция безгра́мотности у населения- əhalinin kütləvi savadsızlığının ləğv edilməsi) idi. Yəni oxumaq, yazmaq bilməyən yaşlı əhaliyə kütləvi təhsil vermək. Biz yazının girişində əbəs yerə yazmadıq ki, dövlət müşaviri, məmur, icra başçısı, xalq artisti latın əlifbası ilə yazıb-oxuya bilmir. Deyəsən, bizi qınamayın, Azərbaycanda XXI əsrdə yenidən LİKBEZ-ə ehtiyac yaranacaq. Əslində belə də olmalı idi. Çünki icra başçısının qızı məktəbi özəlləşdirib avtodayanacağa çevirəndə belə də olmalı idi.
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.