Süleyman Mikayılov kimin gözündən pərdə asmağa çalışır – XALQIN?
20-06-2023, 12:04
Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 03.04.2023-cü il tarixdə başladığı iki açıq tender müsabiqəsini tamamlayıb.
Yolların əsaslı təmir işlərinin satınalınması üzrə keçirilmiş açıq tenderin qalibi “TƏMİR-TƏCHİZAT-4” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 720.131,46 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 31.05.2023-cü il tarixdə açıqlanıb. Abadlıq işlərinin satınalınması üzrə tamamlanmış açıq tenderin qalibi isə “QARA QAYA” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 16.06.2023-cü il tarixdə açıqlanmış məlumata görə tərəflər arasında 571.962,2 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.
İlk baxışdan adi tender prosedurlarına oxşayır. Hər şey qaydasındaymış kimi. Amma dərindən araşdırdıqda ortaya elə məsələlər çıxır ki, təccüblənməyə bilmirsən. Satınalan təşkilatın faktiki rəsi Namizəd İsmayılov olmasına baxmayaraq tender prosedurları Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən idarə olunması burada açıq-aydın görsənir. Belə ki, Namizəd İsmayılov Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi vəzifəzində yenidir, iki il ola, olmaya. Amma adıçəkilən şirkətlərlə Qaradağ rayon İcra Hakimiyyəti ilə işbirliyinin tarixçəsi uzundur. Apardığımız araşdırmalardan sonra bu qənaətə gəlmişik.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 04.05.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AĞA NEMƏTULLA, ev 50A, m. 2, qanuni təmsilçisinin isə Həsənov Elburus Məmməd oğlu olduğu göstərilir.
Son üç ildə “Təmir-Təchizat-4” MMC ilə bağlanan satınalma müqavilələrinə diqqət yetirək. Yolların əsaslı təmiri üzrə 893.034,21 manat 03.06.2020-ci ildə, abadlaşdırma işləri üçün xususi geyim və yumşaq inventarın alınması üzrə 83.099,38 manat 03.06.2020-ci ildə, abadlaşdırma işləri üzrə mal materialın alınması üzrə 74.632,78 manat 03.06.2020-ci ildə.
Abadlıq işlərinin görülməsi ilə əlaqədar mal-materialın satınalınması üzrə 61.644,38 manat 03.08.2021-ci ildə, abadlıq işləri ilə əlaqədar yumşaq inventar və xüsusi geyimlərin satınalınması üzrə 70.569,9 manat 11.08.2021-ci ildə,
abadlıq işlərinin satınalınması üzrə 440.957,86 manat, 24.06.2022-ci ildə, yolların əsaslı təmir işlərinin satınalınması üzrə 720.146,68 manat 30.06.2022-ci ildə, yolların əsaslı təmir işlərinin satınalınması üzrə 720.131,46 manat 31.05.2023-cü ildə.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QARA QAYA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 02.03.2006-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AĞA NEMƏTULLA, ev 50A, m. 2, qanuni təmsilçisinin isə Əliyarov Aydın Əliyar oğlu olduğu göstərilir.MMC-nin hüquqi ünvanı ilkin olaraq Bərdə şəhəri, Nizami küçəsi, Bərdə Tikinti Filialının binası olub. 10.01.2018-ci ildən MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir.
Son 9 ayda “Qara Qaya” MMC ilə bağlanan satınalma müqavilələrinə diqqət yetirək. Abadlaşdırma işləri ilə əlaqədar mal-materialların satınalınması üzrə 62.440,41 manat 14.10.2022-ci ildə, mənzil fondunun təmiri ilə əlaqədar mal-materialların satınalınması üzrə 160.032,31 manat, 14.10.2022-ci ildə, abadlıq işlərinin satınalınması üzrə 571.962,2 manat, 16.06.2023-cü il,
Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan da görsəndiyi kimi, Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi son üç ildə “Təmir-Təchizat-4” MMC ilə ümumi olaraq 3 064 212 manat, “Qara Qaya” MMC ilə 794 434 manat məbləğində satınalma müqavilələri bağlanılıb.
Qeyd edək ki, açıq mənbələrdə bu şirkətlərin fəaliyyət sferası barədə heç bir məlumat yoxdu. Amma apardığımız hərtərəfli araşdırmalardan sonra şirkətlərin qanuni təmsilçiləri haqqında müəyyən məlumatlar əldə edə bildik. Belə ki, Dövlət vergi Xidmətinin reyestr məlumatlarında 2016-05-16-ci il tarixdən 2023-01-31-ci il tarixədək “Təmir-Təchizat-4” MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğlu olub. Görsənən odur ki, hər iki MMC bir nəfərə məxsusdur, Əliyarov Aydın Əliyar oğluna. Burada Elbrus Həsənovun adı gözdən pərdə asmaq üçündür və başqa bir şey deyildir.
Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi son üç ildə bir nəfərə məxsus ayrı-ayrı adları olan MMC-lərlə ümumi olaraq 3 858 646 manat dəyəri olan satınalma müqavilələri bağlayıb. Bu hələ harasıdır. Sözügedən Birliyin Əliyarov Aydın Əliyar oğlunun qanuni təmçilçisi olduğu daha bir MMC-ilə də işbirliyi olub. Bu “A.A. TƏMİR TƏCHİZAT” MMC-dir ki, 21.04.2019-cu il tarixdə 312.500,93 mant məbləğində satınalma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində hər il yolların təmiri işləri aparılır. Lakin sakinlər tərəfindən redaksiyamıza verilən məlumatlarda bu işlərin ancaq qəsəbənin mərkəzi küçələrində aparıldığı bildirilir, hər il eyni yollar təmir olunur, qəsəbənin yeni salınan məhəllərindəki küçələr isə baxımsız olaraq qalır, çoxsaylı şikayətlərə baxmayaraq heç bir tədbir görülmür. Bütün bunları hamı gördüyü halda, rayon İcra Hakimiyyətinə 13 ildir başçılıq edən Süleyman Mikayılov görməzdən gəlir. Xalqın gözü tərəzidir, deyiblər. Xalq hər şeyi görür. Bir nəfərin adına yaradılmış 3 ayrı-ayrı MMC ilə hər il eyni küçələrə aparılan yolların təmirini də, təkrar görülən abadlaşma işlərini də.
Aktualinfo.org