Taksi qiymətlərinin ucuzluğundan şikayət edən nazir(lik) 20 qəpik borc adına 1-ci dərəcəli Qarabağ əlilinin telefonunu kəsib
20-06-2023, 08:43
5644907 stasionar telefon nömrəsinin 1-ci dərəcəli Qarabağ qazisi yiyəsi “Baktelekom”un növbəti özbaşınalığı ilə üzləşib. Telefonun dəstəyini qaldıranda “borca görə kəsildiyi” avtomatik rejimdə diqqətə çatdırılır. Axı abonentin aylıq abunə borcu hər ayın 5-ə kimi ödənilir, hansı borcdan söhbət gedə bilər? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin saytından 1655 çağrı mərkəzinə zəng etmək mümkün olmasa da, 155 -ə zəngə cavab olaraq 47 qəpik qəbzlər üzrə borc yığıldığı bildirildi. Birincisi , bu “qəbz borcu” nə deməkdir və ikincisi, 47 qəpiyə görə telefon kəsilər? Onlayn rejimdə ödəniş edilirsə, hansı qəbzdən, hansı borcdan danışmaq olar? Elə onlayn rejimdə 20 qəpik qəbz borcu olduğu bəlli olub. Belə çıxır, 20 qəpik, Üzeyir bəyin “Məşədi İbadı” demiş, bir abbasıya görə yataq xəstəsi 1-ci dərəcəli Qarabağ əlilinin telefondan yararlanmasına qadağa qoyulub? Utanc deyilmi?
Bu günlərdə rəqəmsal inkişaf və nəqliyyat naziri taksi qiymətlərinin ucuzluğundan şikayətlənib . Yəqin taksi qiymətləri də dünya standarlarına çatdırılacaq. Stasionar telefonların abunə haqlarının keçən ildən birdən-birə 40 faiz artırılaraq 2.50 manatdan 3.50 manata qaldırılması bu yəqinliyə şübhə yeri qoymur. Onu da deyək ki, Tarif Şurasının müəyyən etdiyi 3.50 manatın üzərinə telefon qurumu Konstitusiyanın 73-cü maddəsinə zidd olaraq 35 qəpik də əlavə hesablayır. Yəni “Baktelekom” inhisarçı hökmranlığından yararlanıb qiyməti diqtə edir, əlavə hesablayır və bütün bunların qarşılığında keyfiyyətli xidmətdən də imtina edir. 20 qəpiyə görə telefonun kəsilməsi, sadəcə, ayıbdır.
Ayıb olsunmu? Dünyanı bir qırağa qoyaq, qonşu Rusiyada (və b.) stasionar nömrədən mobil nömrəyə zənglər ödənişsizdir... Bizdə isə dəqiqəsi iki “abbası”. Çox “ucuz”deyil ki ?
Məğrur Bədəlsoy
Teref/az