Yuxarı Qarabağ kanalı real təhlükə mənbəyinə çevrilib - İdarə rəisindən SENSASİON AÇIQLAMA

15-08-2023, 15:57           
Yuxarı Qarabağ kanalı real təhlükə mənbəyinə çevrilib - İdarə rəisindən SENSASİON AÇIQLAMA
“Yuxarı Qarabağ kanalı 65 ildir ki, dayanmadan istismar olunur. Bu da o deməkdir kanal öz istismar müddətini artıq başa vurub. Artıq bu kanalın yenidən inşası zərurəti yaranıb. Kanal torpaq əsaslı kanaldır. Bu da həm su itkisinə, həm də müəyyən sızmalara səbəb olur. Ümumilkdə kanalda sızma, buxarlanma və texniki itkilər var. Bu 3 səbəb üzündə ötürülən suyun 22 faizi itkiyə gedir. Sızmalar əsasən Yevlax və Bərdə rayonları ərazisində baş verir. Bu sızmalar da torpaqların şoranlaşmasına səbəb olur”.

DİA.AZ bildirir ki, bunu Bizim.Media-ya müsahibəsində Yuxarı Qarabağ kanalı İİ-nin rəisi Şakir İmanov deyib. O bildirib ki, kanal altında 23 ədəd selötürücü qurğu var:

“Bunlar da öz istismar müddətlərini başa vurub. Məhz bunun nəticəsidir ki, avqustun 2-də Bərdə rayonu ərazisində bənd dağıldı. Çünki, yığılan sel sularını selötürücü qurğu çatdırıb ötürə bilmədi. Nəticədə, kanalın bəndi sel sularından zədə gördü. Doğrudur, qəzanın nəticələri qısa zamanda aradan qaldırıldı. Lakin, gələcəkdə daha bir qəzanın baş verməsinə təminat yoxdur. Çünki, qurğuların istismar müddəti çoxdan başa çatıb”.

Şakir İmanov onu da bildirdi ki, kanal üzərində çoxlu sayda körpülər, keçidlər, səviyyə qaldıran qurğular, akviduktor və digər hidroqurğular var:

“Bu qurğular 70 ilə yaxındır ki, istismar edilir. Halbuki, beton kanalların istismar müddəti 50 ildir. Di gəl ki, bu torpaq kanalı 70 ildir ki, istismar edilir. Ümumilikdə Yuxarı Qarabağ kanalı torpaq əsaslı kanaldır. Bu da həm su itkisinə, həm də müəyyən sızmalara səbəb olur. Ümumilkdə kanalda sızma, buxarlanma və texniki itkilər var. Bu 3 səbəb üzündən ötürülən suyun 22 faizi itkiyə gedir. Sızmalar əsasən Yevlax və Bərdə rayonları ərazisində baş verir. Bu sızmalar həm kanalın keçib getdiyi ərazilərdə torpaqların şoranlaşmasına səbəb olur ki, bu da başqa bir problemdir”.

İdarə rəisi daha bir ciddi məsələ barədə SOS verdi:

“Qarabağ kanalı həm də Mingəçevir İES-in soyutma sisteminə də xidmət edir. Bu soyutma sisteminə görə biz bir anda olsun suyu dayandırmırıq. 1981-ci ildən bu yana kanalda heç bir fasilə olmayıb.Baxmayaraq ki, kanal altındakı hidrotexniki qurğulara ən azı ildə bir dəfə qulluq göstərilməlidir. Bunun üçün kanalda suyun ötürülməsinə bir ay fasilə verilməlidir. Tunellərdə davamlı müayinələr aparılmalıdır ki, harda çatlar və digər təhlükəli fəsadlar var.

Bundan sonra da o nöqsanlar aradan qaldırılmalıdır. Təəssüflər olsun ki, bu günə qədər Mingəçevir İES-in soyutma sisteminə görə biz bu cür vacib tədbirləri həyata keçirə bilmirik. Əslinə baxsan İES-in özünün soyutma sistemi olmalıdır. Bu qurğu tikilib istifadəyə verilmədiyindən bütün yük Qarabağ kanalının üstündə qalıb”.

Müsahibimiz vəziyyətin çox təhlükəli olmasına rəğmən çıxış yolunun olduğunu da bildirib:

“Yuxarı Qarabağ kanalı yenidən qurulmalıdır. Bunun üçün mövcud kanala paralel müvəqqəti kanallar tikilməlidir. Bundan sonra sular o kanala ötürülməli və mərhələli şəkildə kanal yenidən tikilməlidir. Vəziyyəti dərindən təhlil edən Melorasiya və Su Təsərrüfatı ASC artıq layihələndirmə işlərinə başlayıb. Layihə İnstitutunun əməkdaşları yerlərdə hesabatlar hazırlayır. Amma kanalın yenidən qurulması üçün külli miqdarda vəsait lazımdır. Buna görə məsələyə hökümət müdaxilə etməlidir”.

Qeyd edək ki, Yuxarı Qarabağ kanalının tikintisinə 1953-cü ildə başlanılıb. 1958-ci ildə kanal istismara verilib. Öz mənbəyini Mingəçevir su anbarından götürən kanal respublikamızın 6 rayonun ərazisindən keçməklə 11 rayonunun 130 min hektar əkinə yararlı torpaqlarını suvarır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.