Neftçalada başçının müavini sürücünü döydü

16-07-2016, 23:58           
Neftçalada başçının müavini sürücünü döydü
İsmayıl Vəliyevin “sağ əli” olan Rafiq İbrahimov rayonda “qoçu”luq edir

Prezidentin dəfələrlə verdiyi tapşırıqlara, xəbərdarlıqlara baxmayaraq ölkədə məmur özbaşınalığı hələ də davam edir. “Bizim Dövr” qəzetinin redaksiyasına Neftçala rayonunda baş vermiş ilginc hadisə ilə bağlı məlumat daxil olub. Mənbəmiz xəbər verir ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin “sağ əli” olaraq bilinən və onun adından Neftçalanı idarə edən Rafiq İbrahimov sürücünü təhqir edərək döyüb.

Neftçala rayonunda Neftçala-Gəncə marşurutu ilə işləyən Tofiq adlı sürücü icra başçısının sağ əli olaraq bilinən, "Gəncəli Rafiq” adı ilə tanınan şəxs tərəfindən döyülərək xəsarət alıb. Qeyd edək ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev də gəncəli olduğundan rayonunun bütün idarəsini yerlisinə verib və hazırda Rafiq İbrahimova rayonda başçının "darğası” deyilir. Belə ki, Neftçaladan daxil olan məlumatda bildirilir ki, icra başçısının adından Neftçala avtovağzalını idarə edən Rafiq İbrahimov bir neçə gün əvvəl Nəqliyyat Nazirliyinin izni olmadan qanunsuz olaraq yeni Neftçala-Gəncə marşurutu yaradıb. Nəqliyyat Nazirliyinin müvafiq marşurutunda Gəncə-Neftçala reysini həyata keçirən Tofiq adlı şəxs buna etiraz edib və nəticədə icra başçısının "darğası” tərəfindən ağır şəkildə təhqir olunaraq döyülüb.

Bildirilir ki, insidentlə bağlı Neftçala-Gəncə marşurutunun sahibi Tofiqin Nəqliyyat Nazirliyinə, Baş Prokurorluğa şikayət məktubu ünvanladığı bildirilir. Hazırda rəsmi qurumların Rafiq İbrahimov tərəfindən qanunsuz olaraq açdığı Neftçala-Gəncə marşurutunu araşdırmağa başladıqları qeyd olunur. Xatırladaq ki, Rafiq İbrahimov tez-tez qanunsuz əməlləri ilə gündəmə gəlir. Bundan əvvəl də Neftçala rayon İcra Hakimiyyətinin başçısının "darğası” barədə Neftçalanının Tatarməhlə kəndindən mətbuata daxil olan məlumatda qeyd olunurdu ki, rayonda arpanın qiyməti 15-16 qəpik olduğu halda Rafiq İbrahimov taxılı ona 10 qəpiyə satmağa məcbur edir. Bildirilirdi ki, Kür çayının üstündəki körpülərdə polis postları qoyduran Rafiq İbrahimov kəndlərdən taxıl toplayan yük maşınlarını əraziyə buraxdırmır və kəndlilərdən arpanı ona 10 qəpiyə satmağı tələb edir.

Məqalədə adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.