Qanunlara rişxənd! - “Bu qanunsuzluq təcili aradan qaldırılmalıdır”
20-11-2023, 15:28
Məlum olduğu kimi, ötən ildən ölkədə fəaliyyət göstərən məktəbəqədər tədris müəssisələri Elm və Təhsil Nazirliyinin (ETN) tabeçiliyinə qaytarılıb. Bu qərar uşaq bağçalarındakı xoşagəlməz vəziyyətin düzələcəyinə dair müəyyən ümidlər yaratsa da, ETN öz “sürprizləri” ilə təhsil ictimaiyyətini yenidən təəccübləndirdi.
Belə ki, qeyri-ixtisas tərbiyəçi-müəllimlərin vəzifə dərəcələrinin və maaşlarının azaldılması ilə bağlı qərar qəbul olundu və bu da öz növbəsində ciddi etirazlar doğurdu. Bundan sonra Nazirlik tərəfindən qeyri-ixtisasların dərəcələri və əməkhaqları təkrar bərpa olundu.
Ancaq... Bu qərar yalnız paytaxt ərazisində icra edilməyə başladı. Sumqayıt, Abşeron və digər regionlarda çalışan bağça işçiləri bu haqlarından məhrum oldular.
Və yenə ortaya absurd mənzərə çıxır. Belə ki, qeyri-paytaxt üzrə bağçalarda çalışan, dərəcə və maaşları azaldılan tərbiyəçi-müəllimlərdən yalnız ETN-ə rəsmi müraciət edənlərin, narazılığını bildirənlərin, şikayətlər ünvanlayanların haqları özlərinə qaytarılır, digərləri haqsızlıqla üz-üzə qalmaqda davam edirlər.
Bütün bunlarla bağlı redaksiyamıza Sumqayıt, Abşeron və digər bölgələrdən onlarla şikayət məktubu daxil olub. Təsəvvür edin: vətəndaşların maaş və dərəcələrinin kəsilməsi qərarı dərhal və bütün ölkə üzrə icra olunur, amma bu ədalətsiz qərarın ləğvi barədə ikinci qərarın icrası fərdi şəkildə və insanları süründürməçiliyə məruz qoymaqla həyata keçirilir.
Əgər qərar ümumidirsə, niyə hamıya şamil olunmur? Nazirlik niyə məhz müraciət edən müəllim və tərbiyəçilərin dərəcə və maaşlarını artırır? Bu qayda hansı qanunvericilikdə və təcrübədə nəzərdə tutulub? Yəni, “ağlamayan pəpə yoxdur”? Budurmu qanunlara və vətəndaşlara hörmət?!
Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş sədri, professor Şahlar Əsgərov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, qərarların icrası zamanı ayrı-seçkiliyə yol vermək olmaz: “2022-ci ilin yanvar ayından məktəbəqədər tədris müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdi. Təbii ki, burada söhbət dövlət bağcalarından gedir. Qeyri-ixtisas müəllim və tərbiyəçilərin dərəcə və maaşlarının azaldılması ilə bağlı qərar qəbul olunarkən biz bunun səhv qərar olduğunu bəyan edirdik. Bağça müəllimliyi üzrə ixtisası olmayan şəxslər, fərqli-fərqli ixtisas sahibləri, ümumiyyətlə, bağça təhsili ilə bağlı biliklərə malik olmayan şəxslər var. Lakin onların kütləvi işdən çıxarılması yolverilməzdir. Bu məsələdə təcrübə və şəxsi bacarıqlar nəzərə alınmalıdır”.
“Təsəvvür edin ki, adamlar illərlə bu sahədə çalışb, bəziləri dərin təcrübə qazanıblar. İndi demək ki, “artıq sizə ehtiyac yoxdur” – bu, çoxlu sayda insanın hüquqlarının pozulması deməkdir. Bu qərar yanlış idi və sonradan Elm və Təhsil Nazirliyi bu yanlışlığı aradan qaldırdı”, - deyə sabiq deputat bildirib.
Əsgərovun sözlərinə görə, Nazirliyin maaş və dərəcələrin bərpası ilə bağlı qərarının yalnız paytaxtda icra edilməsi absurddur: “Necə yəni yalnız Bakı şəhərində fəaliyyət göstərən qeyri-ixtisas bağça müəllim və tərbiyəçilərin dərəcə və maaşları artırılır?! Bunun digər regionlara, Sumqayıt, Abşeron və əyalətlərə şamil edilməməsinin heç bir məntiqi izahı yoxdur. Hesab edirəm ki, bu neqativ hal təcili olaraq aradan qaldırılmalıdır. Biz müasir dövlətdə yaşayırıq və bu kimi ayrı-seçkiliyə yol vermək Nazirliyin reputasiyasına xələl gətirir”.
Hüquq müdafiəçisi İradə Cavadova da AYNA-ya şərhində söyləyib ki, bir qərarın paytaxtda icra edilib, regionlara şamil olunmaması kobud qanun pozuntusudur: “Əvvəla, Elm və Təhsil Nazirliyinin qeyri-ixtisas tərbiyəçi-müəllimlərin vəzifə dərəcələrinin və maaşlarının azaldılması ilə bağlı qərarı əsassız idi. Bu adamları işə qəbul edən kim olub ki? Təbii ki, dövlət qurumları. Adamlar da uzun müddət bu sahədə çalışıblar. Təcrübə qazanıblar, mütəxəssis kimi yetişiblər. Birdən-birə hamının dərəcə və maaşlarını azaltmaq bu radikal qərar idi. Çox təəssüf ki, Azərbaycanda bu cür radikal qərarlar qəbul olunur. Sonradan anladılar ki, bu qərar yanlış imiş. Nazirlik qərarını geri oxudu”.
“Bundan sonra bütün müəllim və tərbiyəçilərin dərəcə və maaşları artırılmalı idi. Amma nə edirlər? Paytaxtda icra olunur, regionlardan isə yalnız kimlər şikayət edirsə, onların müraciətlərinə baxılır. Buna son qoymaq lazımdır. Bu, açıq qanun pozuntusu olmaqla yanaşı, yüzlərlə, minlərlə insanın hüquqlarının kobud sürətdə tapdanmasıdır”, - deyə müsahibimiz vurğulayıb.
Cavadova diqqətə çatdırıb ki, ETN bu qanunsuzluğu təcili aradan qaldırmalıdır: “İctimaiyyət buna etiraz edir. Nazirlik isə yetərli açıqlama vermir. Qərar qəbul ediblər, sonra da geri oxuyublar. Bir halda ki, geri oxusumusunuz, zəhmət çəkin bütün müəllim və tərbiyəçilərin dərəcə və maaşlarını artırın. Əmək Məcəlləsində elə bir bənd, müddəa yoxdur ki, regionlara görə fərq qoyulsun. Respublika səviyyəsində bu qərar verilib və Respublika səviyyəsində də ləğv edilib. Bundan hamı bəhrələnməlidir, ancaq paytaxtdakılar yox”.
Müəllif: Azər Niftiyev - Mənbə: AYNA.AZ
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.