Şəhid, əlillərə kommunal, nəqliyyat və digər xidmətlər əvəzi kompensasiyanı yenə hökumət yeyəcək?- DSMF yetkililəri “sosial müavinət”lə güzəşt əvəzi müavinəti bilərəkdən ayıra bilmir.
1-12-2023, 00:06
Qarabağ savaşı veteranları, əlilləri, şəhid ailələri 2002-ci ilə kimi kommunal, nəqliyyat , rabitə xidməti haqlarını ödəməkdən, notariat əməliyyatları zamanı rüsum ödəməkdən azad idilər. Hökumət bu “azadlığı” savaş adamlarına çox gördü, Azərbaycan Respublikasının Prezidenti 26.12.2001 tarixli 613 saylı “ Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanla vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə VERİLƏN GÜZƏŞTLƏRİN müvafiq MÜAVİNƏTLƏRLƏ ƏVƏZ olunması ilə əlaqədar AZTƏMİNATLI AİLƏLƏRİN SOSİAL MÜDAFİƏSİNİ təmin etmək məqsədi ilə Qarabağ əlillərinə 130 min manat, veteranlarına 55 min manat , şəhid ailəsi üzvlərinin hər birinə 60 min manat müavinət verilməsini qərara aldı. Veteranlara verilən müavinət 22.01.2007 tarixli, 514 saylı, şəhid ailələrinə verilən müavinətsə 31.12.2020 tarixli 1223 nömrəli fərmanlarla ləğv edildi. Qarabağ əlillərinə verilən 130 min manat isə hələ də qüvvədədir, 05.01.2021 tarixli, 1244 nömrəli Prezident fərmanı ilə “130 min” 26 manatla əvəz olunub, 12.11.2022-ci il tarixli, 1878 nömrəli fərmanla “əlillər” sözü “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi ilə əvəzlənib. ( yəqin bu il də “orqanizmin funksiyasının 31-100 faizi pozulmuş şəxslər”lə əvəz olunma “diqqət və qayğısı” qüvvəyə minər- M.B.) Di gəl, 26 manatı da DSMF-in “sosial məmurları” ciblərinə uyğun izah edib vermirlər. Məmurun yeyinti izahına baxın, prezident fərmanı ilə ləğv edilən güzəşt əvəzinə müavinəti “sosial müavinət” sayıb, əmək pensiyaçılarına şamil edilmədiyini sırıyırlar. Onlarla illərdir bu cibə uyğun izaha son qoyulmur. Fərmanın icrasını 08.01.2002 tarixli qərarla təmin edən NK da 22 ildir Qarabağ savaşı əlillərinə ayrılan cüzi müavinətin təyinatı üzrə verilməməsinə qiymət vrrib, son qoymur. Maliyyə Nazirliyinin, Hesablama Palatasının da dövlət büdcəsinin məmurun cibi ilə dəyişik salınmasına reaksiyası “bir atımlıq barıt” effekti yetkisi bağışlayır. Hər iki qurum “qıcanır”, amma “vurmur”, sadəcə payını götürüb, 26 manatın pensiya ilə bir yerdə verildiyini, ona görə də “görünmədiyini” bildirir. Deyəsən, “inanclı xidmət”dir, hökumətin “sağ əllə” verdiyini “sol əli”- əlillər bilmir. “Dəmir yumruq” yiyəsinə üz tutmaq da sonuc vermir, əlilin-qazinin öz başında çatlayır.
Prezidentin Qarabağ əlillərinə 29.12.2000 tarixli, 597 saylı “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” sərəncamı ilə 1-ci, 2-ci, 3-cü dərəcəli Qarabağ, 20 Yanvar əlillərinə uyğun olaraq 50 min, 60 min , 70 min manat aylıq müavinətin verilməsindən də DSMF-in pensiya təminatı qurumları eyni əsasla - müavinəti “sosial müavinət” saymaqla imtina edir. Heç sərəncamın “bəxtinə” onu qəbul etmiş Prezidentin qələmi ilə denominasiya, “əllil” sözünün “əlilliyi olan şəxs” ifadəsi ilə əvəz olunması “diqqət və qayğısı” da düşmür. Axı düşsə, 23 ildir verilməyən cüzi aylıq müavinəti yeyə bilməyəcəklər.
Hökumət verən müavinətin azlığına-çoxluğuna baxmazlar- məsələ dönüb. Amma axı müavinəti , az oldu- çox oldu, nəzərdə tutulan aztəminatlı şəxslər yox, çoxrüşvətli məmurlar yeyir! “Müavinət”, “müavin” sözləri ərəbcədən götürülüb, türkçəmizdə “yardım”, “yardımçı” anlamındadır. “Sosial müavinət” anlayışı ilə müavinəti, yardımı bilərəkdən qarışdırmaq yeyini amacı daşıyır. Əvvəllər işlənən “sosial pensiya” anlayışı 2006-cı ildən “sosial müavinət”lə əvəz olunub və bu əvəzetmədən “sosial məmurlar” yeyinti amacı ilə peşəkarlıqla yararlanırlar. Prezidentin 26.12.2001 tarixli 613 saylı fərmanında “sosial pensiyaçılar” da 6 manatlıq müavinətlə diqqətdən qıraqda qalmayıb. Amma indiki sosial müavinət alanlara, keçmiş sosial pensiyaçılara da bu 6 manat çox görülür.
Qazilərin, şəhidlərin, əlillərin payını yemək peşəkarlığında “sosial yeyimli” hökumətə çatan olmaz. Adı əlilin, dadı məmurun, əcəb “diqqətcil, qayğıkeş” hökumətdir!
Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
https://e-qanun.az/framework/2879#_edn1
Məğrur Bədəlsoy
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı