Sənəd surətlərinin təsdiqi üçün qanunda yazıldığından ikiqat-üçqat artıq haqq tutulur
10-12-2023, 09:54
Dövlət rüsumu 1,5 manat olsa da, əvvəlki kimi zorla 5 manat allnır
Sənədin kserosurətinin çıxarılması 2 manatdan bahadır?!
“Dövlət rüsumu haqqında” 04.12.2001 tarixli Azərbaycan Respublikası Qanununun 10.18 maddəsinə görə , sənədlərdən surət və çıxarışların təsdiqi üçün 23.02.2021-ci ilə kimi 2 manat və hər səhifəyə görə əlavə 0.50 manat dövlət rüsumu nəzərdə tutulurdu. Notariuslar isə bir səhifəlik sənədin təsdiqi üçün zorla 5 manat alırdılar. Bu zorakılığı “ Notariat haqqında” 26.11.1999 tarixli Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən dövlət rüsumu həcmində xidmət haqqı tutulmasına bağlayan ədliyyə işçilərinin “şişirtmə ədalətinin” Konstitusiyanın 73-cü maddəsinə zidd olduğu qanunun özündən bəlli edir.
“ Notariat haqqında” Qanunun 29-cu maddəsində həmin qanunun 17-ci maddəsinin 6-8-ci bəndində ( sənədlərin surətlərinin təsdiqi 6-cı bənddə yazılıb-M.B.) nəzərdə tutulmuş notariat hərəkətləri ilə bağlı göstərilən xidmətə ( məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində haqq tutulması doğrulanıb. Açıq-aşkar dövlət rüsumu məbləğində haqqın notariat hərəkətləri ilə bağlı göstərilən xidmətə görə tutulduğu doğrulansa da, notariat kontorları göstərilməyən xidmət adına zorla haqq tuturlar. Hər hansı sənədin təsdiqi üçün göstərilən xidmət nədən ibarətdir? Yalnız sənədin kserosurətinin çıxarılmasından ! Bəyəm sənədin kserosurətini çıxarmağa 2.50 manatlıq xidmət , əmək ... sərf olunur? Sualın ritorikliyi göz önündədir: surətçıxarma xidmətlərinin bir səhifəni hətta 1 qəpikdən hesablamaları heç kəsə gizlin deyil. Bəlkə notariuslar sənədin surətini təsdiq edəndə məsləhətvermə, layihə hazırlama, əqd, ərizə tərtibetmə , texniki işləri yerinə yetirmə xidmət(lər)i göstərir? Vurğuladığımız kimi, yox! “Xidmət” yalnız sənədin surətinin çıxarılmasıdır ki, onu da 2 manatdan da baha etmək talançılıqdan özgə bir şey deyil.
“Dövlət rüsumu” haqqında qanunun 1-ci maddəsində dövlət rüsumunun dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanlarının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə ( sənədlərin tərtibatı, razılıqların verilməsi və s.) ödənilən haqq (ödəniş) olduğu doğrulanıb. Bu anlayışdan dövlət rüsumunun xidmət haqqı ilə hüquqi hərəkətləri əhatə etdiyi bəlli olur. Belədə adi bir arayışın təsdiqinə görə dövlət rüsumunun məbləği qədər xidmət haqqı tutulmasının qanunsuzluğu şübhə doğurmur. Sözügedən qanunun 1.2 maddəsində Konstitusiyanın 73-cü maddəsinə uyğun olaraq doğrulanıb ki, dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar qanunda nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər. Bəs niyə notariuslar göstərilməyən xidmətə görə dövlət rüsumunun ikiqat həcmində haqq müəyyən edib, zorla aztəminatlı şəxslərdən- tələbələrdən, pensiyaçılardan, qazilərdən, əlillərdən tuturlar? Axı sənəd təsdiqi xidmətindən daha çox aztəminatlılar yararlanır! Bir diplomun, tələbə biletinin , veteran, əlillik vəsiqəsinin surətinin təsdiqinə niyə 5 manat rüsum və xidmət haqqı tutulmalıdır?
Qanunverici 23.02.2021 tarixli qanunla “Dövlət rüsumu haqqında” qanunun 10.18 maddəsini dəyişərək, sənədlərdən surət və çıxarışların təsdiqi üçün dövlət rüsumunu 2 manatdan 1,5 manata endirib və 2-ci səhifədən başlayaraq hər səhifəyə görə 0,50 manat ödənilməli olmasını qanuniləşdirib. Di gəl, yenə də, notariat kontorları “köhnə hamam, köhnə tas” prinsipi ilə işləyirlər; bir səhifəlik sənədin təsdiqinə görə ikiqat 3 manat yerinə 4-5 manat tələb olunur. Fikrimizcə, qanunverici “ Notariat haqqında” qanunun 29-cu maddəsinə də yenidən baxıb, sənədlərin surətinin təsdiqi “xidməti”nə görə dövlət rüsumu məbləğində xidmət haqqı tutulmasına son qoymalıdır. Nədən xidmət haqqı elə rüsum deməkdir. Adi bir “təsdiq xidməti”nə iki qanunla həm dövlət rüsumu , həm rüsum həcmində haqq tutulması ikiqat qanunsuzluqdur. Aztəminatlı şəxslərə bu ikiqat haqqı ödəmək çətindir. Xidmət “ASAN” olsa da...
Məğrur BƏDƏLSOY