Həmkarlar İttifaqları Konfederasiyasında “putyovka” biznesi - Milyonlar necə “yeyilir”?

19-12-2023, 07:19           
Həmkarlar İttifaqları Konfederasiyasında “putyovka” biznesi -
Azərbaycanda həmkarlar ittifaqları və onların birləşdiyi konfederasiyanın fəaliyyəti ilə bağlı insanların yaddaşında qalan əsas xüsusi məqam bu qurumların “putyovka” biznesi ilə məşğulluğudur. Həmkarlar ittifaqlarının rəhbər şəxsləri hər il minlərlə “putyovka” satmaqla böyük gəlir əldə edirlər.

Qanunvericiliyə əsasən həmkarlar təşkilatına üzv olan işçilərin müalicə və istirahətini səmərəli təşkil etmək üçün həmkərlar təşkilatlarından yollayış (“putyovka”) almaq hüququ var. Həmin yollayışların vasitəsilə işçilər, onların ailə üzvləri Abşeron yarımadası, Nabran, Quba, Qusar, İsmayıllı, Şamaxı, Qəbələ, Lənkəran, Masallı, Lerik, Naftalan, Şabranda yerləşən istirahət mərkəzlərinə, sanatoriya-kurort müəssisələri və sağlamlıq düşərgələrinə gedə bilərlər.

Çoxlu sayda üzvü olan həmkarlar qurumlarlarının bu sahədə fəaliyyətini necə təşkil etdiyi, nə qədər yollayışı pulsuz verdiyi, yaxud nə qədərinin satıldığı, yollayışların hansı istirahət mərkəzlərinə verildiyi haqqında ətraflı məlumata rast gəlinmir.

Həmkarlar təşkilatlarının birləşdiyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da fəaliyyəti bu baxımdan olduqca şübhəlidir.

Azərbaycanda 1 700 000 nəfərə yaxın əmək müqaviləsi ilə işləyən şəxs var. Bundan başqa, çoxlu sayda insan pensiya alır. Qanunvericilik həmkarlar təşkilatına üzvlük haqqı ödəyənlərə, “pensiya fondu”na sığorta haqqı ödəyənlərə və onların ailə üzvlərinə yollayış almaq hüququ verir. Ümumilikdə bir neçə milyon insan həmkarlar təşkilatından yollayış ala bilər.

Amma sosial şəbəkələrdə, mediada dərc olunan məlumatlardan anlaşılır ki, yollayış ala bilən insanların sayı olduqca azdır. Halbuki, bu insanların bir qisminə “putyovka”lar pulsuz, bəzilərinə haqqını qismən ödəməklə, digərlərinə isə haqqı tam, lakin bazar qiymətlərindən aşağı olmaqla yollayış verilməlidir. Narazılıqlardan aydın olur ki, uzun müddət əmək fəaliyyəti ilə məşğul olan, həmkarlar təşkilatlarına üzv olan insalar ötən 20-30 il ərzində bir dəfə də olsun, “putyovka” ala bilməyib.

Bunun başlıca səbəbi həmkarlar ittifaqlarının və onların birləşdiyi konfederasiyanın “putyovka” satışını biznesə çevirməsidir. Bu biznes konfederasiyaya 1993-cü ildən bəri 30 ildir ki, rəhbərlik edən Səttar Möhbalıyevin vaxtında xeyli “inkişaf” etdirilib.

Hazırda həmkarlar ittifaqlarının balansında Azərbaycanın şəfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Bu mərkəzlərdə hər il on minlərlə insan məhz “haqqını” ödəməklə yollayış alaraq istirahət edirlər. Şəfalı yerlərdə istirahətə və müalicəyə ehtiyac yüksək olduğundan həmin yollayışlara tələb də böyük olur. Buna görə də uzun müddət əmək fəaliyyəti ilə məşğul olan şəxslər “putyovka” ala bilmədiyi halda ayrı-ayrı insanlar, “haqqını” ödəməklə, asanlıqla yollayış alıb istirahət və müalicə mərkəzilərinin xidmətlərindən yararlanırlar.

Həmkarlar konfederasiyasının hesabatlılığının aşağı səviyyədə olması, fəaliyyətində şəffalığı təmin etməməsi də qurumun fəaliyyətinin nöqsanlı olmasının göstəricisidir. Konfederasiyanın rəsmi informasiya resurslarından qurumun maliyyə hesabatları ilə bağlı məlumat əldə etmək mümkün deyil. Bilmək olmur ki, konfederasiyaya üzv olan təşkilatlar il ərzində nə qədər üzlük haqqı toplayır, bunun nə qədəri yollayışların maliyyələşdirilməsinə yönəldilir, istirahət və müalicə mərkəziləri hansılardır, təşkilatın balansında olan əmlakların saxlanılması üçün nə qədər vəsait ayrılır.

Konfederasiyanın bu məlumatları açıqlamaması “putyovka” biznesi ilə bağlı narazılıqların əsassız olmadığını göstərir.

Nəzərə alaq ki, həmkarlar ittifaqları ictimai qurumdur və onların gəliri əsasən üzvlük haqları hesabına formalaşır. Belə qurumlar üzvləri və ictimaiyyət qarşısında hesabatlı olmalıdır.

Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlar göstərir ki, 2022-ci ildə həmkarlar konfederasiyasına 27 həmkarlar ittifaqı üzvdür. Həmkarlar ittifaqları isə 1 102 484 üzvü özündə birləşdirir. İttifaqlarda 14 202 həmkarlar təşkilatı, o cümlədən 60 birləşmiş və 501 şəhər, rayon komitələri fəaliyyət göstərir.

Həmkarlar ittifaqı hər ay üzlərindən əməkhaqqı, təqaüd və əlavə hesablanmış qazancların, maddi yardımın, mükafatın və digər gəlirlərin müəyyən hissəsini üzvlük haqqı kimi alır. Adətən üzvlük haqqı 2 faiz civarında olur. Azərbaycanda orta aylıq əməkhaqqının 921 manat olduğunu nəzərə alsaq, təşkilatlar üzvlərindən hər ay ümumilikdə təxminən 20 milyon manat, bir ildə 240 milyon manat üzvlük haqqı toplayır.

Üzvlük haqqından başqa həmkarlar ittifaqları təsərrüfat hesabı ilə işləyən mədəni-maarif, idman müəssisələrindən və fəaliyyətin digər növlərindən, başqa mənbələrdən, o cümlədən ianələr hesabına vəsaitlər əldə edirlər. Digər vəsaitləri də nəzərə alsaq, ittifaqlar və konfederasiya il ərzində bir neçə yüz milyon manat gəlirə sahib olur.

Bu gəlirlərin çox hissəsi məhz üzvlərin və onların ailə üzvlərinin istirahətinə, müalicəsinə yönəldilməlidir. Lakin S.Mehbalıyevin rəhbərlik etdiyi konfederasiya bu vəsaiti qaranlıq məqsədlər üçün istifadə etməklə yanaşı, kütləvi şəkildə “putyovka” biznesinə də himayədarlıq edir. \\Sfera.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.