Fəhlələrin bir tikə çörəyi üzərində gedən “yorğan davası” – Naxçıvan sərgüzəştləri – II Yazı
19-12-2023, 08:38
Zəruri haşıyə: Karvansara darvazası, yoxsa məktəb foyesi?
Naxçıvandakı bəzi tikililərin təhvil götürülməməsinin və nəticədə inşaat obyektlərində işləyən fəhlələlərin maaşlarının verilməməsinin yaratdığı gərginliyin səbəbindən bəhs edən yazımızın ilk hissəsi dərc olunduqdan dərhal sonra həmin layihələrin icraçısı “Arkoz” şirkəti iddialara aydınlıq gətirən rəsmi açıqlama yaydı. Dost nəşrlərdən olan TNS-də yayımlanan açıqlamada 14 saylı məktəbdəki nöqsanlar barədə bildirilir:
“Arkoz İnşaat Şirkəti tərəfindən inşa edilmiş 14 saylı ümumtəhsil məktəbi 2007-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 16 il ərzində heç bir cari təmirə dayandırılmamış məktəb binası statik baxımdan ən sağlam tikililər sırasındadır. 1600 yerlik məktəb binası tikilərkən sifarişçi tərəfindən şagirdlərin sıxlığı nəzərə alınaraq giriş foyelərinin geniş götürülməsi layihələndirilib, statik hesablamalar aparılaraq buna uyğun dəmir-beton konstruksiya işləri icra edilib. Giriş foyesində daşıyıcı aşırımın uzunluğu 12 metrdir. Binanın daşıyıcı divarlarında və konstruksiyalarında, aşırımlarda və döşəmələrdə hər hansı çat və ya digər qüsur yoxdur. Giriş foyesindəki daşıyıcı aşırımın vibrasiyası ilə bağlı valideyn müraciəti əsasında sifarişçi tərəfindən mütəxəssis dəvət edilib və vibrasiyanın normativ həddə olduğu müəyyən edilərək daha da azaldılması üçün əlavə sütunların qoyulması barədə təklif verilib”.
Göründüyü kimi, “Arkoz” şirkətinin bu arqumenti məşhur atalar sözünü yada salır: “Dəvəçi ilə dost olanın darvazası gen gərək”. Açıqlamadan belə anlaşılır ki, məktəbdə çox uşaq oxuyacağından foyedə daşıyıcı aşırım 12 metr uzunluğunda layihələndirilmiş, bu da binanın arada bir uşaq səs-küyündən “lərzəyə gəlib əsməcəyə düşməsinə” yol açmışdır. Amma həmin titrəşimlər normadan kənara çıxmamışdır. Bununla belə, tam normasında olan əsməcələrin qarşısının alınması üçün məktəb binasının 1-ci və 2-ci mərtəbələrinə 16 ildən sonra əlavə sütunlar qoyulmuşdur. Heç bir ehtiyac olmadığı halda, “köhnə hamama təzə tas qoyulması”nın hansı zərurətdən qaynaqlandığına aydınlıq gətirməyi FHN-nin Naxçıvan bürosunun ixtiyarına buraxır və aşağıdakı suallarımıza müvafiq rəsmi cavablar gözləyirik: Məktəb binasında titrəşim həqiqətən də normativə uyğun idisə, onda niyə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ona mənfi rəy verərək Naxçıvanın seysmik vəziyyətinə uyğun hesab etməmişdir? Niyə onun zəlzələyə dözümsüzlüyü barədə qərar məktəbin təhvil alınması zamanı yox, istifadəyə verilməsindən 16 il sonra qəbul olunmuşdur? “Arkoz” şirkəti və Naxçıvanın ozamankı rəhbərliyi 16 il əvvəl karvansara yox, məktəb tikdiklərini bilmirdilərmi? Olmaya, 14 saylı məktəbdə dəvələrin yox, uşaqların təhsil alacağı həqiqəti Vasif Talıbovun istefaya göndərilməsindən sonra anlaşılmış və “gen darvaza”nın daraldılması məsləhət bilinmişdir?
Bu və buna bənzər xeyli sayda suallar cavabsız qalır və biz araşdırma yazımızda “Arkozi” şirkətinin təkzibindəki arqumentlərindən də istifadə edəcəyik.
II Hissə
Naxçıvanın üçüncü xaruqəsi: 50 ildən sonra NDU-ya “yamanan” rektoluq binası
Muxtar Respublikaya səfərimizdə növbəti “ziyarətgahımız” NDU-nun rektorluq binası oldu. Maraqlıdır ki, rektorluq binası universitetin özündən nə az, nə çox, düz 50 il qoca imiş. Yox, yox, səhv başa düşməyin, onu demək istəmirəm ki, əvvəl rektorluq binası tikilib, 50 il keçdikdən sonra universitetin korpusları yağışdan sonra çıxan göbələklər kimi cücərməyə başlayıb. Bu xaruqəladə hadisənin çox qısa izahı var: rektorluq binası 50 ildən sonra universitetə “yamanıb”. Nəticədə videosunu sizə təqdim etdiyimiz bu ücubə ortaya çıxıb.
(Video bu linkdə)
Məlumata görə, 105 il əvvəl təməlləri atılan bu bina əvvəl hərbi hospital kimi fəaliyyət göstərib. Görünür, Naxçıvanda yeni və müasir hərbi hospitalın tikilməsini nəzərə alan yerli hakimiyyət onun əvvəlki binasını da boş qoymaq istəməyib, həmin binanı NDU-ya bağışlayıb. NDU-nun rektoru Elbrus İsayev də “bəy verən atın dişinə baxmayıb”, onu məmnuniyyətlə qəbul edib. Necə də etməsin, axı həmin dövrlərdə sözügedən ali məktəbin prorektoru “xanzadə” həzrətləri Seymur Talıbov idi və heç kim onun sözünün üstünə söz deyə bilməzdi.
Xan həzrətlərinin “aldanmış kəvakibləri”
Xüsusi olaraq vurğulamağı vacib hesab edirik ki, NDU-nun özündən qoca olan rektorluq binasının inşaatının “Arkoz” şirkətinə heç bir dəxli yoxdur. Binanın ilk iki mərtəbəsi Çar Rusiyası, son mərtəbəsi isə “Xan” Naxçıvanı dövründə inşa olunub. İlk mərtəbələrə nə qədər pul xərcləndiyini deyə bilmərik, amma son mərtəbəsinə çəkilən xərclər barədə rəsmi məlumatlar var. Sənədlərə görə, birmərtəbəli “yamağ”a 2 milyon manat sərf olunub. Tikintinin həm sifarişçisi, həm də icraçısı Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsi olub. Komitənin sədri Hicran Yaqub oğlu Rüstəmov məhz bu cür qüsurlu tikintilər ucbatından 2022-ci ildə həbs edilib və o, 212 milyon 361 min manat dövlət vəsaitini mənimsənməkdə günahlandırılır.
Naxçıvanda olarkən söhbətləşdiyim bəzi mühəndislər Hicran Rüstəmovun bu qədər pulu təkbaşına mənimsədiyinə inanmadıqlarını bildirdilər. Onların fikrincə, Hicran müəllim Talıbovlar hakimiyyətinin “aldanmış kəvakib”lərindən sadəcə biri idi. Vasif Talıbov hakimiyyətinin bir çox yeyintilərinin məsuliyyətini boynuna götürsün deyə Hicran Rüstəmov 2017-ci ildə Vasif Talıbovun imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə gətirilir, vəzifədə olduğu 5 il müddətində aparılan bir çox qanunsuz tikililərlə bağlı sənədlərin altına imza atır. Vasif Talıbov istefaya gedəndən sonra “bildirçinin bəyliyi” də bitir və Hicran Rüstəmov dəmir barmaqlıqlar arxasına uzun müddətli “istirahət”ə göndərilir.
Naxçıvanın dördüncü xaruqəsi: Çatısız Texno-park
Rektorluq binasına baxış keçirərkən qulağımıza bir xəbər dəydi. İddia olunurdu “Arkoz” şirkətinin fəhlə və mühəndis heyəti NDU-nun inşaatı dayandırılmış Texno-parkına toplaşıb bizi gözləyir. Biz də onları çox gözlətməmək üçün həmin obyektə yollandıq. Həqiqətən də obyektın ərazisində xeyli insan vardı. Əksəriyyəti fəhlə olan bu insanların ən mühüm tələbi 3-4 aydır ala bilmədikləri maaşlarının ödənilməsi idi. Gündəlik çörək pullarını daşdan çıxaran bu adamların aylarla maaşsız qalması həqiqətən də ürəkağrıdıcıdır. Onlar məndən xahiş edirdilər ki, üzləşdikləri çətinlikləri dövlət yetkililərinə çatdırım və haqlarının bərpa olunması üçün əlimdən gələni əsirgəməyim. Mən də üzümü dövlət orqanlarına tutub “Arkozi” şirkətində çalışanların maaşlarının verilməsini vacibliyini vurğulayıram. İcraatçı şirkətlə dövlət qurumları arasında yaşanan mübahisələrin məğduru alın təriylə çörək pulu qazanan sadə insanlar olmamalıdır. Nəyin bahasına olursa olsun fəhlələrin haqları verilməli, daha sonra sifarişçininmi, icraçı şirkətinmi haqlı, yoxsa haqsız olduğu müəyyənləşdirilməlidir. Bu məsələdə Məhəmməd peyğəmbərin məşhur hədisi əsas götürülməlidir: “Əməkçinin alacağını alın təri qurumadan ödəyin”. Şikayətə gələn fəhlələrin alın tərləri aylardır quruyub, amma onlar hələ də haqlarını ala bilmirlər. Evdə isə onları bir külfət ailələri gözləyir, ailə başçılarının ev qapısını əlidolu açacaqlarına ümid edirlər. Bir çoxlarının banklara borcları, ödənməmiş kommunal xərcləri də var. Borclarını ödəməyəcəkləri təqdirdə işıqları, qazları, suları kəsilə, daha ağır məişət prolemləri ilə üzləşə bilərlər. Bu isə Naxçıvanın addım-addım sosial partlayışa sürüklənməsi deməkdir.
“Arkoz” şirkəti ilə Naxçıvan hakimiyyəti arasındakı mübahisələr isə yaxınlarda bitənə oxşamır. Etirazçılar adından bizimlə danışan şirkətin səlahiyyətli nümayəndəsi Asəf Məmmədovun iddiasına görə, gördükləri işin müqabilində sifarişçi tərəfdən pul ala, nəticədə fəhlələrin maaşını da ödəyə bilmirlər. “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri İsmayıl Əhmədov isə bu iddia ilə razılaşmır. Bildirir ki, bu zamanadək tikintiyə 2 milyon manata yaxın vəsait ayrılıb: “Bu isə onun smeta dəyərinin hardasa 80%-i deməkdir. İndiyədək görülən işlər isə ümumi işin heç 30%-i belə deyil. Üstəlik, indiyə qədərki işlər də tam keyfiyyətsiz həyata keçirilib. Binanın dam örtüyü olmadığından yağan qar, yağış tikiliyə ciddi ziyan vurub. Yağışa davamsız materiallar sıradan çıxıb, binanın inşasında istifadə olunan armaturlar, dəmir konstruksiyalar korroziyaya uğrayıb. Bu tikilinin təhvil alınması mümkün deyil”.
Asəf Məmmədov İsmayıl Əhmədovun iddialarına cavabsız qalmır. Onun fikrincə, binanın çatısının olmamasının günahkarı “Arkoz” şirkəti yox, Naxçıvan hakimiyyətidir. Çünki onlar layihəni sonradan dəyişdiriblər. Bu da çatı qatının qurulmaması, tikilinin bəzi hissələrinin sökülməsi ilə nəticələnib və indiki vəziyyətin ortaya çıxmasına yol açıb. Sorğu-suallarımız nəticəsində bəlli oldu ki, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyət” bu il Naxçıvandakı xidmətinə başlayıb. Bina isə inşa olunduğu gündən indiyədək çatı üzü görməyib.
Şikayətçilərin digər iddiasına görə, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyət” adlı qurum onların fəaliyyətini yoxlaya və işlərini dayandıra bilməz. Çünki o, dövlət qurumu deyil. İsmayıl Əhmədov bu iddianı da yaxına buraxmır. Onun fikrincə, indiyədək dövlət qurumlarının bu fəaliyyəti yerinə yetirməsi effektli nəticə vermədiyindən Azərbaycanın bir sıra rayonlarında işlərin yürüdülməsi qeyri-dövlət qurumlarına tapşırılır: “Məsələn, səhiyyə sisteminin idarə olunması ictimai birlik olan “TƏBİB”ə, məmur süründürməçiliyinə son qoymaq üçün bir sıra inzibati-sənədləşdirmə funksiyası “ASAN Xidmət”ə həvalə edilib. Yəni dünya get-gedə dəyişilir. Artıq bir çox sahələrə ictimai nəzarət funksiyası qeyri-dövlət qurumlarına keçir. Biz də bir cəmiyyət olaraq tikinti şirkətlərinin fəaliyyətini optimallaşdırmaq və ətrafımıza topladığımız mühəndislər vasitəsilə onlara tövsiyələr veririk. Necə ki, bir çox dövlət şirkətlərində maliyyə hesabatlarının aparılması bəzi nüfuzlu audit şirkətlər tərəfindən həyata keçirilir. Bizim şirkət də bənzər fəaliyyətlə uğraşır. Əvvəldən bizim kimi özəl şirkətlər tikinti müəssisələrinə bu xidməti göstərsəydilər, Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov kimi insanlar içəridə oturmazdı”.
İsmayıl Əhmədov vurğuladı ki, rəhbərlik etdiyi “Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC ilə “Arkoz” arasında bağlanmış müqavilə var: “Bu müqaviləyə əsasən, bizim şirkət “Arkoz”un fəaliyyətini incələyə bilər və həmin sənədə Emin Uçarın özü qol çəkib”.
(Ardı var)
Heydər Oğuz,
Ovqat.com