Sumqayıtda səkilər, yollar yenidən zəbt olundu – FOTOLAR
20-12-2023, 10:34
Bir müddət əvvəl mətbuatda Sumqayıtda qanunsuz küçə ticarəti ilə məşğul olanların küçədə piyada səkilərini zəbt etməsindən, şəhərin küçələrinin bazara çevriliməsindən yazılmışdı. Bildirilmişdi ki, piyadalar onlar üçün nəzərdə tutulmuş səkilərlə rahat, maneəsiz gedib-gələ bilmir, küçə ticarətinin geniş vüsət aldığı bu ərazilərdə böyük səs-küy, antisanitariya şəraiti hökm sürür.
Qeyd olunmuşdu ki, Sumqayıtın 13-cü mikrorayon, Babək küçəsində müşahidə olunan acınacaqlı mənzərəyə şəhərin hər yerində rast gəlmək mümkündür: “Sumqayıtın mərkəzində, Heydər Əliyev prospektində, 2-ci mikrorayonda dayanacaqda, “EuroSport” mağazasının qabağında, bazara yaxın dayanacağın ətrafında Hindistanın tipik mənzərəsi müşahidə edilir. Bu da şəhərin görünüşünə pis təsir edir. Üstəlik, küçə ticarətçi ilə məşğul olanların heç bir sənədi olmur. Maraqlansaq görərik ki, meyvə-tərəvəz satanlar verilən pula görə heç bir qəbz vermir, bununla vergidən yayınır, yığılan pullar dövlət büdcəsindən ödənilmir. Əlbəttə insanların dolanışığını təmin etmək üçün ticarətlə məşğul olmasını başa düşmək olar, amma yolun az qala təmiz tutulması heç cürə yolverilməzdir. Təəssüf doğuran məqam həm də bundan ibarətdir ki, əlaqədar qurumlar vəziyyətdən xəbərdar olsalar da heç bir tədbir görmürlər”.
Medianews.az xəbər verir ki, problem mətbuatda ictimailəşdiriləndən sonra aidiyyəti qurumlar tərəfindən müəyyən tədbirlər görülüb. Sözügedən ünvanlarda həqiqətən də səkilər küçə ticarətindən azad edilib, piştaxtalar geri çəkilib, insanların rahat hərəkətinə az da olsa şərait yaradılıb.
Lakin əfsuslar olsun ki, bu sevincin ömrü cəmi iki gün olub. İndi həmin ərazidə vəziyyət əvvəlki kimidir. Necə deyərlər, köhnə hamam, köhnə tas. Zaman keçdikcə burada vəziyyət pisə doğru daha da dəyişir. Mikrorayonlarda, “Kolxoz bazarı” tərəfdə səkilər, yollar yenidən zəbt olunur. Bu da şəhər sakinlərinin haqlı narazılığına səbəb olur. Görünür ki, burda vəziyyətin bu həddə çatmasında maraqlı olan tərəflər var. Yəqin ki, küçə ticarətindən böyük pullar əldə edən bəzi məmurlar öz şəxsi mənffətlərini güdərək, problemin birdəfəlik həll olunmasının qarşısını alırlar. Getdikcə böyüyən, inkişaf edən, müasirləşən Sumqayıtın bu halı təəssüf doğurur.
Lamiyə MİRZƏYEVA