Onkoloji xəstələr dövlət hesabına olmalı müalicəyə niyə PUL ÖDƏYİRLƏR?
22-12-2023, 16:53
Azərbaycanda hazırda 62385 onkoloji xəstə qeydiyyatdadır. Bu, Dövlət Statistika Komitəsinin (DSK) yaydığı son, yəni 2022-ci ilə aid olan göstəricidir. Həmin il ilk dəfə diaqnoz qoyulanların sayı isə 13924-dür. Ümumdünya Səhiyyə Təşkilatı isə 2025-ci ilə qədər dünyada xərçəng xəstələrinin sayının artaraq 20 milyona çatacağını proqnozlaşdırır. Elə ölkəmizdə də xərçənglə bağlı əvvəlki illərin statistikasına baxdıqda xəstələrin sayının hər il artdığını görmək mümkündür.
Bəs artan xəstəliklə necə mübarizə aparılır? Bu xəstələrə hansı güzəştlər var?
Ölkədə bu xəstəliklə mübarizə bir neçə qanunda öz əksini tapıb. 2006-2010-cu illər üçün “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” təsdiqlənib. Proqram təsdiqləndikdən sonra onkoloji xəstələrə bir sıra dərman preparatları pulsuz verilir. Bu proqram çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə dərman preparatlarının siyahısına 229 dərman və dərman preparatı daxildir.
Həmçinin, 2006-cı ildə qəbul edilən "Onkoloji yardım haqqında" qanunun 4-cü maddəsinin 4.3 bəndində qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımı dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Elə həmin qanunun 12-ci maddəsinin 12.1 bəndində onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinə və müalicəsi üzrə tədbirlərin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirildiyi yazılıb. Bu qanunların icrası üçün dövlət büdcəsindən 2007-ci ildən vəsait ayrılır.
Ötən il Azərbaycanda onkoloji xəstəliklər üzrə tədbirlərin maliyyə təminatı çərçivəsində 48,3 milyon manat vəsait xərclənib.
Bundan əlavə 2022-ci ildə ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ilədək onkoloi xəstəliklərin erkən mərhələdə aşkarlanması göstəricisinin 45 faizə qaldırılmasını təmin etməlidir.
Xəstələr harada pulsuz müalicə ala bilərlər?
Azərbaycanda onkoloji xəstələrin müayinə və müalicəsi, əsasən, Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında aparılır. 2022-ci ildə Milli Onkologiya Mərkəzinə büdcədən 47 milyon manat vəsait ayrılıb.
Xəstəliyin davamlı müalicə tələb etdiyi hamıya məlumdur. Xərçənglə mübarizə aparanlar müayinə və müalicələrə, qan analizlərinə, əməliyyatlara, kimya terapiyalara xeyli pul xərclədiklərini bildirirlər. Sosial şəbəkələrdə tez-tez bununla bağlı şikayətlərə və yardım kampaniyalarına rast gəlirik. Xəstələr və xəstə yaxınları müalicə üçün xeyli məbləğdə pullarının çıxdığını bildirirlər. Etiraz edən xəstələr “dövlət büdcəsi hesabına" olmalı müalicəyə niyə pul ödədiklərindən narazılıqlarını bildirirlər. Dediklərinə görə ötən il əməliyyatdan sonra kimyaterapiyaya 350 manat ödənilirdisə, bu il bu qiymət 450 manata yüksəlib. Bir ayda iki və ya üç kimyaterapiya, daha sonra MRT və analiz xərclərini hesablayanda bir aya 1500 manatdan çox pul edir.
İnsanlar təkcə xəstəliyin yaratdığı ağrılarla yox, həm də xəstəxanalarda qanunda qeyd edilənlərə məhəl qoymayanlarla mübarizə aparırlar.
Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli ilə onkoloji xəstələrə konkret hansı xidmətlərin pulsuz olduğuna yenidən aydınlıq gətirmək istədik. Qurum rəsmisi Bizim.Media-ya açıqlamasında onkoloji xəstələrə bütün xidmətlərin pulsuz olduğunu bildirib.
Amma xəstəliyin müalicəsində geniş yayılan kimyaterapiyanın da bura daxil olub-olmadığı sualına cavab verməkdən imtina edib.
İstənilən halda qanun onkoloji xəstələ olunan bütün müayinə və müalicələrin pulsuz oduğunu diktə edir.
Məlumat üçün bildirək ki, bir neçə ildir xərçəng xəstəliyinin də icbari tibbi sığorta zərfinə salınması müzakirə olunur. Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov 2022-ci ildə icbari tibbi sığorta üzrə xidmətlər zərfinə onkoloji xəstəliklərin də daxil edilməsini təklif edib. Lakin o, onkoloi xəstəliklərin icbari tibbi sığorta ilə əhatə etmək üçün 200 milyon vəsaitin lazm olduğunu qeyd edib.
Ötən gün isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev növbəti ilin əvvəllərində onkoloji xəstələrin icbari tibbi sığorta çərçivəsində xidmətlərlə qarşılanması ilə bağlı yeniliklərin olacağını deyib. Bu xəstəliyin xidmətlər zərfinə salınması xəstəlikdən əziyyət çəkənlərin dərdinə məlhəm olacaq.