"Vətən-N"nin vəzifəli şəxsi Elm və Təhsil Nazirliyini necə aldadıb? - Saxta tenderlərin qalibi

29-12-2023, 00:08           
"Vətən-N"nin vəzifəli şəxsi Elm və Təhsil Nazirliyini necə aldadıb? - Saxta tenderlərin qalibi
Dövlət tenderlərdə iştirak üçün təqdim edilən sənədləri saxtalaşdıran "Vətən-N Mühafizə Xidməti"nin vəzifəli şəxsinə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, aparılan araşdırma zamanı müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin 1989-cu il təvəllüdlü, "Vətən-N Mühafizə Xidməti"nin 10 saylı filialının direktoru Rəhimov Rafiq Cəbrayıl oğlu tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, Rafiq Rəhimov Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, həmçinin həmin nazirlik tərəfindən ayrılan vəsait hesabına maliyyələşən 34 tədris müəssisəsində mühafizə xidmətinin satın alınmasını təmin etmək məqsədi ilə özü tərəfindən "yahoo.com" xarici dövlət saytından istifadə edərək Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda, tarixdə və şəraitdə mailto:office.competition@yahoo.com adlı saxta elektron ünvana açaraq ,İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə özünün istifadəsində olan mobil nömrə vasitəsi ilə mühafizə xidmətinin satın alınmasına dair saxta müraciət edib.

O, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri Məmməd Abbasbəyliyə məxsus imzaları saxtalaşdırıb, sözügedən quruma məxsus rekvizitlərə dair məktubların üzərində tarix qeydi hissəsinə rəqəmləri, nömrə qeydi hissəsinə "AİBNDX” yazıları və rəqəmləri diyircəkli qələmlə yazaraq rəsmi sənəd kimi Elm və Təhsil Nazirliyinin müəssisələrinə göndərib.
Həmin şəxs Zaqatala şəhər gimnaziya məktəbinin mühafizə ilə təmin olunmasına görə 54 min manat, Respublika Texniki Yaradıcılıq Mərkəzinin 54 min manat, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli internat məktəbinin 54 min manat, Bakı Avropa Liseyinin 54 min manat və digər 21 təhsil müəssisəsinin mühafizə xidmətinin satın alınmasına dair sənədləri saxtalaşdırıb.

Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən Rafiq Cəbiyev ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək deyib ki, kotirovka zamanı tam qanuna uyğun kiməsə kömək edib, heç bir qeyri-qanuni iş həyata keçirməyib. Bütün işləri də düzgün aparıb. Cinayət işində isə 30 çox təşkilat var, onların elektron poçt ünvanını haradan götürdüklərini bilmir. Həmin elektron poçt ünvanını satınalmadan zəng edib götürüb. Məktub formaları, protokol formaları ilə bağlı köməklik göstərib.

Məhkəmənin hökmü ilə Rafiq Cəbiyev Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 5 min manat məbləğində cərimə edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanıb.

"Vətən-N Mühafizə Xidməti"nin qanuni təmsilçisi Cahangirov Namiq Babacan oğludur. Bundan əvvəl isə qanuni təmsilçi Qasımov Etibar Ağahüseyn oğlu olub. "Riyad Mühafizə Xidməti" MMC-nin rəsmi sosial şəbəkə hesabında Qasımov Etibar Ağahüseyn oğlunun general rütbəsi daşıdığı bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.