Azərbaycanda bankdan daha bir namərdlik: BANK VƏFAT ETMİŞ HƏRBÇİNİN 10 YAŞLI QIZINDAN PUL TƏLƏB EDİR!
17-01-2024, 16:09
Ürək dağlayan mənzərədir, amma yazmalıyıq ki, bəlkə insafa gələrlər. Vətən müharibəsindən sonra səhhətində ciddi problemlər olan hərbi qulluqçu ehtiyata buraxılır. Təcili əməliyyata ehtiyac yaranır, maddi imkansılıqdan ailə bankdan 5000 (beş min) manat məbləğində kredit götürür. Hərbçi əməliyyat olunur, bir müddət krediti ödəyir və ikinci əməliyyatdan sonra dünyasını dəyişir.
Qanunvericiliyə görə bu cür hallarda əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur.Yəni, bank istəsəydi borclu - hərbi qulluqçu vəfat etdiyinə görə krediti silə, öhdəliyə xitam verə bilərdi. Lakin, başqa yol seçiblər, problemli kredit kimi sənədləri ötürüblər Məhkəmə Deparatmentinə, onlar da Ədliyyə Nazirliyinin saytına daxil olub baxıblar ki, mərhumun ailə üzvlərinin adına vərəsəlik işi açılıb. Qanunla vəfat etmiş şəxsdən miras əmlak vərəsələrə keçirsə öhdəlik miras əmlaka yönildilə bilər.
Lakin, indiki halda vəfat etmiş hərbçidən ailəsinə hər hansı daşınar, daşınmaz əmlak, yaxud da bankda pul depoziti qalmamışdır. Yeganə olaraq xidmət yoldaşları ailəyə kömək məqsədilə Müdafiə Nazirliyindən 1587 manat məbləğində istifadə olunmamış əşya əmlakı əvəzi pul kompensasiyasını, yəni “paltar pulunu” almaqda kömək ediblər. Bu halda da notarius vərəsəlik işi açıb və ailə də mərhum hərbçinin azyaşlı qızına jest etmək üçün vərəsələyi onun adına rəsmiləşdirib. Bank da şəhadətnaməni görüb dərhal məhkəmədə iiddia qaldırıb ki, ödənilməmiş krediti və cərimə faizlərini, cəmi 5150 manat məbləğində pulun ailədən tutulmasına dair qətnamə çıxarılsın.
Dəhşətlisi odur ki, bank əməkdaşları şəhadətnamənin 10 yaşlı qızın adına açıldığını və həmin “paltar pulun”un mərhum hərbçidən ailəyə qalan yeganə miras olmağına fikir verməyiblər və iddia qaldırılıb. Şübhəsiz ki, 10 yaşlı qız məhkəmədə cavabdeh ola bilməz və iddia anaya qarşı qaldırılıb.
Dəhşətdir: gəncliyini, sağlamlığını bu ölkəyə, dövlətə həsr et, pensiyaya çıxandan sonra əməliyyata ehtiyac yaransın, əməliyyat üçün pul tapa bilməyəsən, bankdan kredit götür və əməliyyatdan sonra vəfat et, bank da vicdancızcasına sənin 10 yaşlı qızından pul tələb etsin. Allah heç kimə göstərməsin.
PS: Ailəyə kömək məqsədilə iddia ərizəsinə Etiraz yazıb verdik, eyni zamanda kreditin silinməsində kömək məqsədilə Bankın İdarə Heyətinin sədrinə və Prezident Aparatına müraciət hazırlayıb verdik. Baxaq görək necə olur. Nəticə olmasa məsələni ictimailəşdirəcəyik ki, qoy cəmiyyət bu vəziyyəti bilsin, bankı da tanısın. Adam söz tapıb deyə bilmir.
İlqar Allahverdiyev
TEREF: Xocanın Blogu