ABŞERON RAYON İCRA HAKIMIYYƏTI DÖVLƏTIN MARAĞINI QORUMAQ ÜÇÜN NIYƏ MƏHKƏMƏYƏ MÜRACIƏT ETMIR?-VİDEO
22-04-2024, 10:47
Abşeron polisi Prezidentin adından yalan danışan qaziyə cinayət işi açmaqdan qorxub
Təkrar müraciət etdiyimiz bu mövzuda qəzetimizin “Deryaz.az” veb-saytında 22.06.2022-ci il tarixli “Abşeronda gödəniyyəti mədəniyyətdən üstün tutanlar” sərlövhəli birinci, 13.11.2023-cü il tarixdə isə “Abşeron rayon rəhbərliyi qanunları “qazilərin ayağı ilə” tapdalayır” başlıqlı ikinci məqalə dərc olunub.
Xırdalan şəhər sakini Muradov Elçin Dadaş oğlunun “Dəryaz” qəzeti redaksiyasına müraciəti əsasında hazırlanmış həmin məqalələrdə müəllif hamını göz önündə baş verməkdə olan qanun pozuntusunun şahidi olmağa dəvət etmişdi.
Elçin Muradovun dəvətini qəbul edib onun yaşadığı Xırdalan şəhəri, Nizami küçəsi, 25-ci məhəllə, 1 nömrəli binanın həndəvərinə — haqqında bəhs etdiyi qanunsuz tikilinin inşa olunduğu ünvana getmişdik.
Xatırladaq ki, istedadlı rəssam olan Elçin Muradov sözügedən beşmərtəbəli binanın 33 saylı mənzilində yaşayır. Bir çox Respublika və Beynəlxalq sərgilərdə iştirak edib, fərdi yaradıcılıq sərgiləri nümayiş olunub. Amma işləməsi üçün yaradıcılıq emalatxanası yoxdur. Özü və həmçinin üzvü olduğu Rəssamlar İttifaqı Abşeron Rayon İcra Hakimiyyətinin başçısına müraciət edib ki, yaşadığı binanın arxasındakı boş qeyri-yaşayış sahəsinin ona yaradıcılıq emalatxanası tikməsi üçün ayrılmasına köməklik göstərilsin. Lakin nə sabiq icra başçısı İradə Gülməmmədova, nə də hazırki rayon rəhbəri Abdin Fərzəliyev onun xahişini nəzərə almayıblar. Ayrı-ayrı vaxtlarda Abşeron RİH-nin başçısına, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət etsə də, hər dəfə adı çəkilən bu qurumların səlahiyyətli şəxslərinin imzası ilə təsdiq olunmuş başdansovdu məktublarda “Qeyd etdiyiniz torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulduğundan, həmin yerdə tikinti işləri aparıla bilməz” və s. kimi cavablar verilib.
Ancaq belə bir cavab məktublarının verilməsinə baxmayaraq, bir nəfər şəxs, qeyd olunan yerdə qazıntı işləri aparıb hansısa obyekt inşa etmək qərarına gəlir. Məsələnin maraqlı tərəfi odur ki, həmin şəxs bu yöndə niyyətini “çin etmək” üçün, “Biz qazi ailəsiyik” deyir. Elə o vaxtdan haqlı olaraq ortaya çıxan bu suallar hələ də açıq qalmaqdadır: “Nədən belə bir tikinti işlərində “Qazi” adından sui-istifadə olunmalıdır? Axı, dövlətimiz tərəfindən imtiyaz sahibi olan hər kəsə, o cümlədən qazilərə də lazımi diqqət və qayğı göstərilir. Maraqlı odur ki, tikintini aparan şəxs bildirir ki, bu yeri mənə İcra başçısı Abdin Fərzəliyev verib”.
Xırdalan bələdiyyəsi Elçin Muradova 14 oktyabr 2019-cu ildə məktubla cavab verib ki, sözügedən 40 kv-metrlik sahə ümumi istifadədə üçün nəzərdə tutulduğundan, ona xahişi ilə əlaqədar köməklik göstərilə bilməyəcək. Bələdiyyənin Elçin Muradova yazdığı 15 oktyabr 2022-ci il tarixli məktubunda isə bildirilirdi ki, sözügedən sahənin yaxın müddətdə kiminsə adına sənədləşdirilməsi nəzərdə tutulmayıb.
Torpaq sahəsinin hərraca çıxarılmasını və onun özünün də hərracda iştirakının təmin olunmasını bələdiyyədən israrla xahiş edən Elçin Muradova yerli özünüidarəetmə qurumunun sədri Orxan Musayev məktubda hətta tövsiyə edib ki, hər altı aydan bir yazılı və şifahi şəkildə öyrənib sahənin aqibəti haqda məlumat alsın. Ancaq təəssüf ki, Elçin Muradov aldadıldı; emalatxana üçün istədiyi yer onun və ümumiyyətlə, şəhər sakinlərinin xəbəri olmadan, hərrac elan edilmədən başqa bir pullu şəxsə satılıb.
Elçin Muradov bu qənaətdədir ki, rayon rəhbərliyi torpaq sahələrini qanunsuz satmaq üçün Vətən müharibəsi şəhidlərinin ailələrindən və qazilərindən sui-istifadə edir.
Sənədlərin “dili ilə” danışsaq, qeyd olunan ünvanda tikinti işlərinin aparılmasına dair Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən heç bir icazə sənədi verilməmişdir.
Elçin Muradov bu qənaətdədir ki, rayon rəhbərliyi torpaq sahələrini qanunsuz satmaq üçün Vətən müharibəsi şəhidlərinin ailələrindən və qazilərindən sui-istifadə edir.
Sənədlərin “dili ilə” danışsaq, qeyd olunan ünvanda tikinti işlərinin aparılmasına dair Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən heç bir icazə sənədi verilməmişdir.
Bu, rayon rəhbərliyinin Elçin Muradova göndərdiyi 20.12.2023-cü il tarixli məktubda da təsdiqlənmişdir. RİH həmçinin 15.12.2023-cü il tarixli başqa bir məktubunda təsdiqləyir ki, sözügedən torpaq sahəsində əslən Ağdam rayonundan olan, Xırdalan şəhəri, 26-cı məhəllə, V.Əliyev küçəsi, 22 ünvanda yaşayan III qrup Vətən müharibəsi əlili Naibov Eldəniz Vidadi oğlu tərəfindən tikinti işləri aparılmışdır. Nəzərə alsaq ki, Elçin Muradov qanunsuz tikinti işlərinin qarşısının alınması haqda həm rayon rəhbərliyini, həm də polisi xeyli əvvəldən məlumatlandırıb, o halda belə çıxır ki, RİH və polis bilərəkdən Eldəniz Naibovun qanunsuz əməllərinə rəvac veriblər, qanunsuzluğun qarşısını almayaraq hərəkətsizlik ediblər. Rayon İcra Hakimiyyəti Elçin Muradova yalnız maraqlı şəxs kimi qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olmasını xatırladıb. Halbuki, Abşeron RİH dövlətin marağı naminə çıxış etməli, özü məhkəməyə tərəf kimi müraciət etməli, Elçin Muradov isə üçüncü şəxs kimi prosesə qatılmalı idi.
İndi isə, Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Ağalarzadə Tural Kərəm oğlunun icraatında olan, Muradov Elçin Dadaş oğlunun müraciəti əsasında toplanmış materialı “nəzərdən keçirərək” qəbul etdiyi 03.12.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan bəzi cümlələrin altını cızaq: “Araşdırma zamanı Naibov Eldəniz Vidadi oğlu vermiş olduğu izahatda 2-ci Qarabağ müharibəsi iştirakçısı, 3-cü qrup Qarabağ müharibəsi əlili olduğunu və ailə vəziyyəti ilə əlaqədar dövlətimizdən dolanmaq üçün Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən təxminən 35-40 kvadrat torpaq sahəsi verilməsini xahiş etmiş və ölkə rəhbəri tərəfindən qeyd edilən yerin ona verildiyini və həmin yerdə tikinti işləri apararkən özünü rəssam kimi təqdim edən Elçin Muradovun həmin tikilini qəsdən dağıtması və onu öldürəcəyi ilə hədələməsi ilə bağlı Abşeron RPİ-də araşdırma aparıldığını, tikinti ilə bağlı sənədlərinin olduğunu bildirmişdir… Elçin Muradovun iddiaları əsassız və sübutsuz olduğu üçün toplanmış materialda cinayət tərkibinin əlaməti yoxdur, fakt sübuta yetməmişdir”.
Əcəb məntiqdir, deyilmi? Birincisi — fakt necə sübuta yetmir ki, Eldəniz Naibov apardığı tikintinin Elçin Muradov tərəfindən qəsdən dağıdıldığı barədə polisə izahat verib? Tikilməyən obyekt necə dağıdıla bilər axı?
İkincisi, İcra Hakimiyyəti rəsmən qeyd olunan ünvanda tikinti işlərinin aparılmasına dair heç bir icazə sənədi vermədiyini bildirirsə, Eldəniz Naibov hansı icazə sənədindən söz edir? Polis təhqiqatçısı Tural Ağalarzadə Eldəniz Naibovdan niyə tələb etməyib ki, Prezident tərəfindən torpaq sahəsi üçün ona verilmiş icazəni (sərəncamı) ortaya qoysun?
Təbii ki, Elçin Muradov polisin qərarı ilə razılaşmayıb və rayon prokurorluğuna müraciət edərək, 2024-cü ilin fevral ayında həmin qərarın əsassız hesab edilərək ləğv edilməsinə və tam, hərtərəfli araşdırma aparılıb obyektiv qərar qəbul olunması üçün Abşeron Rayon Polis İdarəsinə qaytarılmasına nail olub. Rayon prokurorunun polis rəisinə göndərdiyi məktubda nəticə barədə maraqlı tərəflərə (o cümlədən, Elçin Muradova) məlumat verilməsinin vacibliyi xatırladılmışdır.
Mövzuya qayıdacağıq.
Deryaz.az