Referendumdan sonra gömrük komitəsində böyük dəyişikliklər olacaq - Aydın Əliyev getmək ərəfəsində

27-08-2016, 09:31           
Referendumdan sonra gömrük komitəsində böyük dəyişikliklər olacaq - Aydın Əliyev getmək ərəfəsində
Bu gün hər kəsə bəllidir ki, Dövlət Gömrük Komitəsində yaşanan bəzi neqativ hallar ölkədə sahibkarlığın inkişafına, iş adamlarının normal fəaliyyət göstərməsinə əngəl törədir. Məhz elə bu səbəbdən də tezliklə adıçəkilən qurumda ciddi dəyişikliklərə start verilə bilər. Belə ki, qarşıdan gələn referendumdan sonra Dövlət Gömrük Komitəsində köklü kadr islahatlarına start veriləcəyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, bu islahatların sonunda komitə sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev də tutduğu postla vidalaşmaq zorunda qala bilər. Beləliklə, Aydın Əliyevin Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirdiyini, əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim kimi başladığını qeyd edən mənbə bildirir ki, Dövlət Gömrük Komitəsinin sədri 1980-1992 illərdə Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Ali Məhkəmədə şöbə rəisi, 1992-1999-cu illərdə Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, baş idarə rəisi, 1999-cu ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Onun 2006-cı ilin fevral ayından etibarən Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində təmsil olunduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, bu 10 il ərzində Aydın Əliyevin rəhbərlik etdiyi qurumun fəaliyyətinə dair yuxarı instansiyalara çoxsaylı şikayətlər ünvanlanıb, müxtəlif kütləvi informasiya vasitələrində tənqidi materiallar yayımlanıb: «Deyilənlərə görə, artıq bütün bunlar nəzərə alınaraq qarşıdan gələn referendumdan sonra Dövlət Gömrük Komitəsində ciddi kadr islahatlarına başlanılacaq. O da bildirilir ki, qeyd olunan islahatlar çərçivəsində Aydın Əliyevin də sədr postundan kənarlaşdırılması reallaşa bilər. Çünki artıq onun dəyişdirilməsi, yeni kadrla əvəzlənməsinin vaxtı çatıb. Deyilənlərə görə, hazırda komitənin əməkdaşlarının bir qismi məhz həmin günü, yəni Aydın Əliyevin tutduğu vəzifədən kənarlaşdırılmasını səbirsizliklə gözləyirlər. Görünən odur ki, onların özlərinin bu posta namizədləri var və həmin şəxsin komitə sədri olmasını arzulayırlar». Bu arada, bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin yaxın qohumu, eyni zamanda katibəsi olan Şaciyə adlı xanımla bağlı mətbuatda olduqca ilginc bilgilərin yayımlandığını vurğulayan mənbə bildirir ki, adıçəkilən şəxs Aydın Əliyevin himayəsi sayəsində külli miqdarda sərvətə sahib olub: «Deyilənlərə görə, Aydın Əliyevin baldızı olan Şaciyə adlı xanım Azərbaycan, Gürcüstan və Türkiyədə biznes imperiyası yaradıb. Şaciyə xanım Bakıda ən prestijli gözəllik salonlarının, tort mağazalarının, restoranların sahibəsidir. Qeyd olunur ki, o, Aydın Əliyevin köməkliyi və birbaşa dəstəyi ilə xaricdən Bakıya gətirilən su və bir sıra ərzaq məhsullarının monopolistinə çevrilib. Şaciyə xanım Aydın Əliyevin xeyir – duası ilə ölkəyə gətirilən məhsullara «krişalıq» edib. Deyilənlərə görə, paytaxtın ən məşhur məkanlarından olan «Fayton», «Elbara», «Hoologans Pub» və «De Luxe» restoranları, o cümlədən «Peony art Baku» toyların və nişanların təşkili, «Shaddy» tort mağazası Şaciyə xanıma məxsusdur. Bundan başqa, onun şəhərin mərkəzində fəaliyyət göstərən 10-a yaxın gözəllik salonunun, turizm şirkətlərinin, həmçinin Türkiyə və Gürcüstanda bir çox şirkətinin olduğu deyilir». Mövzu ilə bağlı Gundelik-Baku.com-un əldə etdiyi digər məlumatda isə qeyd olunur ki, Dövlət Gömrük Komitəsinin sədri əlində olan imkanlardan yararlanaraq yaxın adımlarını, tanışlarını müxtəlif məsul vəzifələrə təyin etdirməyə nail olub. Belə ki, sahiyyə nazirinin müavini Abbas Vəlibəyovla Aydın Əliyevin arasında “qohumluq körpüsü” və isti münasibətlərin olduğunu iddia edən məlumatlı şəxsin sözlərinə görə, komitə sədrinin əmisi oğlu Faiq Əliyevin oğlu Abbas Vəlibəyovun qızı ilə ailə qurub: «Deyilənlərə görə, qohumlar ölkəyə dərman idxalı ilə bağlı da “ortaq dil” tapıblar və nazir müavini bu istiqamətdə xeyli qazanc əldə edib. Aydın Əliyevin əmisi oğluna gəlincə, hazırda Kooperasiya Universitetində fəlsəfədən dərs deyən Faiq Əliyev 20 il əvvəl Dövlət Gömrük Komitəsinin sədrinin vasitəsi ilə Azərbaycana Rusiya universitetlərindən birinin filialını gətizdirib. Ölkədə imkanlı ailələrin övladlarının hərbi xidmətdən yayınması üçün bu cür təhsil ocaqları xüsusi «əhəmiyyət» daşıyır. Lakin o illər təhsil naziri olan Misir Mərdanov Faiq Əliyevin təhsil ocağına lisenziya verməyib. Nəticədə isə həmin filialın fəaliyyətini davam etdirmək mümkün olmayıb. Deyilənlərə görə, həmin dönəmlər bu məsələ ətrafında ciddi qalmaqal yaşanmışdı və həmin söz-söhbətlər az qalmışdı ki, Aydın Əliyevin kreslosunu laxladacaq qədər böyüsün. Ancaq o, çətin də olsa, məsələni səngitməyi bacarıb. Görünən odur ki, bu dəfə Dövlət Gömrük Komitəsinin sədrinin bəxti gətirməyəcək və referendumdan sonra istefaya göndəriləcək». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.