2 saylı Dəri Zöhrəvi Dispanserindən “şübhəli” sənədlər

2-09-2016, 13:19           
2 saylı Dəri Zöhrəvi Dispanserindən “şübhəli” sənədlər
Arif Hasilovun təmsilçisi onlara qarşı irəli sürülən ittihamları təkzib etmək üçün göstərdiyi sənədlərin surətini bizə verməkdən imtina etdi

Qəzetimizin 11.08.2016-cı il tarixli sayında “2 saylı Dəri Zöhrəvi Dispanseri həkimlərsiz qalıb” sərlövhəli tənqidi yazı dərc olunmuşdu. Redaksiyamıza daxil olmuş məlumatlar əsasında hazırladığımız bu materialda Bakı şəhər 2 saylı Dəri Zöhrəvi Dispanserinin fəaliyyətndə müşahidə olunan nöqsanlardan bəhs olunmuşdu. Bu xüsusda aldığımız açıqlamalarda bildirilirdi ki, dispanserin baş həkimi Arif Hasilov tərəfindən tətbiq olunan yarıtmaz idarəçilik üsulları hazırda dispanserdə rüşvətxorluq və korrupsiya hallarının artmasına şərait yaratmışdır. Buna görə də, 2 saylı dispanserə müayinə və müalicə məqsədilə müraciət edən əksər xəstələr bu fikirdədilər ki, yaşı artıq çoxdan 60-ı ötmüş Arif Hasilov, hazırda tutduğu vəzifənin tələb kimi irəli sürdüyü meyarlara qətiyyən cavab vermir. Həmçinin, aldığımız məlumatlarda vurğulanır ki, Səhiyyə naziri Oqtay Şirəliyev özü bir vaxtlar məhz Arif Hasilovun rəhbərliyi altında çalışıb. Bu səbəbdən də indi bu baş həkimin bir çox özbaşınalıqlarına yuxarı instansiya tərəfindən göz yumulur. Belə ki, aldığımız məlumatlarda Arif Hasilovun özünün dispanserin fəaliyyətində elə də aktiv iştirak etmədiyi qeyd olunur. Açıqlamaya görə, baş həkim rəhbərlik etdiyi müəssisəyə həftə ərzində 1-2 dəfə gəlir. Bundan başqa isə, bu yolverilməz tendensiya bəzi həkimlərə də sirayət etmişdir. Belə ki, mənbənin bizimdovr.az-a verdiyi açıqlamaya görə, 2 saylı Dəri Zöhrəvi Dispanserinin iki həkimi, Təranə Nəsibova və Lalə İsgəndərova artıq üç ildir ki, Türkiyədə yaşayırlar. Buna baxmayaraq, hər iki həkimin adları dispanserin ştat cədvəlində qeyd olunub. Ötən yazıda biz göstərmişdik ki, məsələyə aydınlıq gətirmək məqsədilə əməkdaşımız Arif Hasilovla telefon əlaqəsi saxlamışdır. Baş həkim bildirmişdir ki, Lalə İsgəndərova hal-hazırda dispanserdə işdədir. Təranə Nəsibovanın isə, işdən azad olunması barədə əmr verilmişdir. Bundan sonra biz də öz növbəmizdə dəqiqləşdirmə apardıq. Məlum oldu ki, Lalə İsgəndərova həqiqətən də bu yaxınlarda Bakıya gəlib. Amma, sadəcə olaraq sertifikasiya imtahanı vermək üçün. Digər tərəfdən isə, Təranə Nəsibovanın da yalnız üç il işə çıxmadıqdan sonra barəsində əmr verilməsi xüsusi marağımız səbəb olmuşdu.

Sözü gedən məqalənin dərcindən sonra, 2 saylı Dəri Zöhrəvi Dispanserinin baş həkimi irəli sürülən ittihamların ciddiliyini nəzərə alaraq, onları təkzib etmək üçün müəyyən addımlar atıb. Belə ki, bir müddət əvvəl əməkdaşımıza Təranə Nəsibova və Lalə İsgəndərova ilə bağlı iki sənəd təqdim olunub. Bunlardan biri, Təranə Nəsibovanın hələ 2014-cü ildə işdən azad olunması barədə əmrdir. Digər sənəd isə, Lalə İsgəndərovanın Türkiyədə ixtisasartırma kurslarına göndərildiyini təsdiq edən arayışdır. Düşünmək olar ki, bu iki sənəd redaksiyamıza məlumatları təqdim edən mənbənin irəli sürdüyü ittihamları əsassız hesab etməyə yetərlidir. Lakin, bu sənədlərlə bağlı bir məqam bizdə müəyyən şübhələrin yaranmasına səbəb olub. Məsələ bundadır ki, həmin sənədləri əməkdaşımıza təqdim edən şəxs, onları sadəcə göstərməklə kifayətlənib. Əməkdaşımızın hətta bu sənədlərlə yaxından tanış olmaq imkanı belə olmayıb. Həmin sənədlərin surətlərini çıxarmaq istədikdə isə, onları təqdim edən şəxs buna imkan verməyib. Əvəzində isə bildirib ki, surətləri özləri çıxarıb məktubla bir yerdə bizə göndərəcəklər. Lakin aradan kifayət qədər vaxt keçməsinə baxmayaraq, hələ də redaksiyamıza heç bir sənədin surəti təqdim olunmayıb. Bu arada bir məqamı da xatırlamaq yerinə düşər ki, əməkdaşımızla olan telefon söhbəti zamanı, Arif Hasilov həkim Təranə Nəsibovanın hələ 2014-cü ildə işdən azad olunduğunu qeyd etməmişdi. Əksinə, baş həkimin işlətdiyi ifadələrdən bizdə tam əminlik yaranmışdı ki, həkimin işdən azad olunması barədə əmr lap bu yaxınlarda verilib. Məhz bütün bunlar, 2 saylı Dəri Zöhrəvi Dispanserinin rəhbərliyi tərəfindən həmin sənədlərin saxtalaşdırıldığına dair bizdə müəyyən şübhələr yaradıb...bizimdovr.az

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.