Taleyi briliantı qədər bərq vurmayan talesiz qadın, talesiz ana - Tamella Məmmədzadə (2 fəsil)
Bu gün, 00:11
Tamilla xanım, oğlunun vəhşicəsinə ölümünə dərindən sarsıntı keşirir! Ağır, depressiv vəziyyətlərə düşür , xəstə yatır. Özünə gələndə isə düşünür ki, bu qədər dərdlərlə baş-başa , tək mübarizə edə bilməyəcək. Atası yox, anası yox, bacı-qardaşı yox, övladı, həyat yoldaşı yox... ağlayanda gözünü siləcək bir doğması yox idi. Amma evində bir qulluqçusu vardı. Dərdini, sevincini həmişə onunla paylaşırdı. Ona evinin qulluqçusu kimi yox, bacısı kimi hörmətlə, izzətlə evinin, qəlbinin qapılarını açmışdı.
Nəhayət, bir gün Tamilla xanım yenidən həyata sarılmaq üçün ikinci dəfə bəxtini sınayır. O vaxt sənət yoldaşları da anlayırdı ki, bu əslində ərə getmək, ailə qurmaq yox, tənhalığın və dərdin əlindən baş götürüb qaçmaqdır. Tez bir zamanda fikirlər təsdiqləndi. Tamella xanımın baladan ürəyi elə yanmışdı ki, qorxudan ikinci dəfə övladı olmasını istəmədi. İki dəfə hamilə qalsa da, hər iki hamiləliyinə könüllü olaraq son qoydu.
Dərdli vaxtı etdiyi bu hərəkətin acısını isə 1-2 il keçməmiş anladı. İndi də maraqsız keçən ömrü üçün Allahdan övlad istəyirdi. Olmayacağını da anlayandan sonra əri ilə qərara alırlar ki, övladlığa uşaq götürsünlər. Əvvəl əri tərəfin qohumlarından yeni doğulmuş bir oğlan uşağı götürürlər. Evə azacıq rəng qatıldı. Bundan ürəklənən Tamella xanım dörd yaşlı qızı öz uzaq qohumlarından övladlığa götürür. Balacalar az da olsa Tamella xanımın da, ərinin də fikrini dərddən, kədərdən yayındırır, onunların üzlərinə çoxdan unutduqları təbəssüm, gülüş qondurur.Hər iki uşağın varlığı, Tamella xanıma ana deməsi onun dərdini unutdurmasa da azaldırdı, xəfiflədirdi. Həyat yoldaşı Tamella xanımın xoşbəxt olması, gülümsəməsi üçün əlindən gələni edirdi. Tamella xanım yoldaşının bu çabalarını gördükcə onu çox istəməyə, sevməyə başlayırdı...
Uşaqlar evə gələndən tam 6 ay Tamella xanım xeyli dəyişmişdi, həyata ayaq uyğunlatmağa çalışırdı ki... Qəflətən bu həyat yoldaşı da dünyasını dəyişir.
Yoldaşının ölümünə ürəkdən kədərlənən Tamella xanım yenə yaşam gücünü itirməyə, dərdlərin məngənəsinə düşməyə başlayır. İki az yaşlı uşaqla tənhalığın içərisinə düşür və dörd yaşlı qızcığazı ailəsinə verir. Bu da kiçik itki deyildi. Bala kimi qoynuna sıxıb saxladığı qızcığazı əlindən beləcə getdi.
Tamella xanım bütün istəyini o balaca oğlan körpəsinə salmışdı. Onu əzizləyəndə, layla çalanda sanki körpə Çingizini yenidən qucağına alırdı. Deyilənə görə uşağa arabir çaşaraq Çingiz balam deyirmiş....
Briliantlı, imkanlı Tamella xanımın bu çarəsiz halından ilk istifadə etməyə çalışan da elə bala bildiy körpənin sahibləri olur. Oğlanın qohumları Tamella xanımın uşağa olan düşkünlüyünü görüb, uşağı onun evindən tez-tez oğurlamağa başlayırlar , ondan küllü miqdarda pul tələb edip, pulu artıqlaması ilə aldıqdan sonra isə geri qaytarırdılar.
"Qazanclı" olduğunu görüb uşağı dəfələrlə oğurlayan qohumları bir gün Tamella xanım polisə şikayət edir. Uşağın qohumları ilə çəkişmələr başlayır. Bu mübarizələrdən sonra yorulan bəstəkar uşağı geri qaytarır. Rəsmi şəkildə onun anası olmaqdan imtina edir. Amma bütün var-dövlətini uşağın adına keçirdiyi sənədə toxunmur və bu haqda heç kimə heç nə demir.
Yorğun, dərdli, çarəsiz və tənha Tamella xanım 60 yaşında belə günə qalacağını ağlına da gətirməzdi.
Həmin vaxt həyat yoldaşını itirmiş ailə dostu Məcid adlı bir kişi onunla ailə qurmaq istəsə də Tamella xanım yaşına görə belə fikirə düşmür. İstəyir ki, bu dəfə səyahətlərə çıxsın, xaricə gəzməyə getsin, dərdlərini bu yolla özünə unutdursun... Onu da bacarmır.Urəyindən qalxmır....
Ömrünün son illərində çox ağlayır, özünü bədbəxt hiss edirmiş. Çox az hallarda dərdlərini qızı kimi saxladığı, toy edib köməklik göstərdiyi qulluqçuna danışır. Yuxarda qeyd etmişdim, qəlbən mərhəmətli və sadə olan Tamella xanım evinə gələn qonaqlara, həmkarlarına qulluqçusunu sınmasın deyə qohumu kimi təqdim edirdi. Onunla çox nəzakətli davranır, nə köməyə ehtiyacı olarsa, qeyri şərtsiz qarşılığını gözləmədən yardım edərdi. Maddi və mənəvi cəhətdən dəstək olardı.
Tamella xanım bir axşam çağı pəncərənin önündə durub, qaranlığa baxaraq için-için sızladığı vaxt qapının zəngi çalınır. O qapıya tərəf tələsir. Qapı açılanda qulluqçusu ilə qulluqçunun həyat yoldaşı mənzilə girirlər. Tamella xanım onların gəlişindən o qədər sevincək olur ki, ... axı ən kədərli anında bu gəliş onu kədərin əlində almışdı. Necə sevinirsə, qonaqları zala keçirdikdən sonra mətbəxə çay tədarükü etməyə özü gedir. Çay dəmləyir, stəkanları dəsmalla qurulayır, qənd qabına soyuducudan şokaladları çıxarıb düzür. Bu anda ailə dostu Məcid kişi zəng edir. Danışmaq imkanının az olduğunu , evində qonaqları olduğunu Məcid kişiyə deyən Tamella xanım qulluqçusunun onlarda olduğunu da vurğulayır. Amma təbii ki, 1 dəqiqəlik telefon danışığından qonaqların xəbəri olmur.
Amma Tamella xanım çay dəsgahı qura-qura qulluqçusuna "nə yaxşı gəldin?" deyir. Qulluqçunun əri cavab verir ki, oğlum xəstədir, ona kömək üçün həkimlərə zəng vurub tapşırmaq lazımdır. Yəqin ki, Tamella xanım üçün bu ilk tapşırıq deyildi deyə raşılaşdı.
Əlindəki sinidə çay dəsgahı mətbəxdən qonaqlar əyləşənn zala keçən Tamella xanım, qulluqçunun ərinin əlindəki qalın bel remenini (toqqa) görəndə, "onu niyə əlində tutmusan" deməyə imkan tapmadı. Qolu güclü, xeyli də cavan olan qulluqçunun əri tələsik remeni müğənninin boğazına keçirib, briliantların və pulun yerini soruşur.
60 yaşını haqlamış, dərdin , kədərin çoxluğundan olan-qalan gücünü də itirmiş Tamella xanım özünü müdafiə etməyə gücü çatmır və gözləri ilə paltar dolabını işarə verir. Yəni ki, istədikləriniz ordadır. Kişi qadını buraxıb dolaba tərəfə getmək istəyərkən qulluqçu israrla ərindən Tamella xanımı remenlə boğub öldürməyi tələb edir. Əri tərəddüd edəndə isə qulluqçu deyir, o, oğlunu öldürən adamı həbs etdirdi, bizi də həbs etdirəcək, öldür. Bundan sonra iş icra edilir.
Beləliklə, bəstəkar Tamella Məmmədzadə bir soyuq, şaxtalı qış gecəsində- 1997-ci ilin 14 yanvarında vəhşicəsinə boğularaq öz evində öldürülür.
Tamella xanımın nəşi 3 gün morqda qalır. 4-cü gün uzaq qohumları onun nəşini oğlunun qəbrinin yanında dəfn edirlər.
Beləcə, dünyadan bir Tamella keçdi... heç vaxt unudulmayacaq, heç vaxt yada salınmayacaq....Təzada bax....
Əntiqə Rəşid Aslan
TEREF