HƏMAS şənbə günü azad ediləcək girovların adlarını açıqlayıb
Bu gün, 15:23
HƏMAS militant qrupu şənbə günü Qəzzada 15 aydan çoxdur davam edən döyüşləri dayandırmaq üçün tərəflər arasında atəşkəs razılaşması çərçivəsində dördüncü belə mübadilədə azad ediləcək növbəti üç girovun kimliyini elan edib. İsrail məlumatı təsdiqləyib.
Girovlar arasında 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı həyat yoldaşı Şiri və iki balaca oğlu, Ariel və Kfirl birlikdə Kibbutz Nir Ozdan qaçırılan 35 yaşlı Yarden Bibas var. Ailəsinin taleyi naməlumdur.
Bundan əlavə həyat yoldaşı Aviva Sigel ilə birlikdə Kibbutz Kfar Azadan girov götürülən Şimali Karolina ştatının Çapel Hill şəhərindən olan ABŞ-İsrail vətəndaşı, 65 yaşlı Kit Siegel də azad ediləcək. Aviva Siegel 2023-cü ilin noyabrında qısa-müddətli atəşkəs zamanı azad edilib.
Üçüncü girovun militantlar tərəfindən iki uşağı ilə birlikdə Kibbutz Nir Ozdan qaçırılan 54 yaşlı fransız-israilli Ofer Kalderon olduğu müəyyən edilib. Onun keçmiş həyat yoldaşı Hadas da girov götürülüb. İki uşaq və Hadas Kalderon 2023-cü ildə baş tutan girov mübadiləsi zamanı azad edilib.
Həmas ABŞ, Britaniya və digər Qərb dövlətləri tərəfindən terror qruplaşması kimi tanınıb.
HƏMAS cümə axşamı üçü İsrail və beşi Tailand vətəndaşı olmaqla, səkkiz girovu azad edib. Daha sonra elə həmin gün İsrail 110 fələstinli məhbusu, o cümlədən israillilərə qarşı ölümcül hücumlara görə ömürlük həbs cəzası çəkən 32 məhbusu azad edib.
Atəşkəs razılaşmasına əsasən, 423 mindən çox fələstinli Qəzzanın şimalına qayıdıb. İsrail ordusu 2023-cü ilin oktyabrında İsrail-HƏMAS müharibəsinin ən erkən mərhələlərində onlara ərazini tərk etməyi əmr edib.
Cümə günü Cenevrədə keçirilən mətbuat konfransında BMT-nin Dünya Ərzaq Proqramı Qəzzaya humanitar yardımın çatdırılması səyləri haqqında yeni məlumatları paylaşıb. Proqramın fələstinli ərazi üzrə direktoru Antuan Renard jurnalistlərə bildirib ki, agentlik atəşkəs razılaşması 19 yanvarda başlayandan bəri Qəzzaya 32 min metrik tondan çox ərzaq tədarük edib.
O deyib ki, bu rəqəm dekabrda tədarük ediləndən iki dəfə, oktyabrda tədarük ediləndən isə üç dəfə çoxdur. Renard Dünya Ərzaq Proqramının artıq 300,000 insana yardım çatdırdığını bildirib.
Bu arada isə Misirin xarici işlər naziri Bədr Abdelatti cümə günü Livana səfəri zamanı İsrail qoşunlarının Livanın cənubundan tamamilə çıxarılmasına çağırıb.
Abdelatti Livan Prezidenti Cozef Aun ilə danışıqlardan sonra müxbirlərə deyib ki, “Misir İsrailin, Livanın suverenliyi və ərazisinin bir qarışını da əlindən almadan ölkənin cənubundan, tam şəkildə çıxarılmasının zəruriliyini təsdiqləməkdə çox maraqlıdır.”
Noyabrın 27-də elan olunan və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəsə əsasən, İsrail qüvvələri yanvarın 26-dək Livanın cənubundan, Hizbullah militant qrupu isə Litani çayının şimalına geri çəkilməli idi.
İsrail qüvvələri hələ də ondan çox kənddə qalmağa davam edir. Birləşmiş Ştatlar və Livan bazar günü atəşkəsin şərtlərinin əldə olunması üçün son möhlət tarixinin fevralın 18-dək uzadıldığını elan edib.
Atəşkəs başlayandan bəri İsrail Livanın cənubunda demək olar ki, hər gün əməliyyatlar, o cümlədən hava hücumları həyata keçirib. Onlar Hizbullahı silah daşımağa cəhd etməklə, atəşkəsin şərtlərini pozmaqda ittiham edib.
İsrail Müdafiə Qüvvələri sosial media hesablarına yerləşdirdiyi bəyanatında doyüş təyyarələrinin cümə axşamı Hizbullah terror təşkilatının Livanın Bekaa bölgəsində “İsrailin daxili cəbhəsi və IDF qüvvələri üçün təhlükə yaradan” hədəflərinə qarşı bir neçə hücum həyata keçirdiyini bildirib.
IDF-nın bəyanatında deyilir ki, hədəflər arasında “silahların inkişafı və istehsalı üçün yeraltı infrastrukturu və Suriya-Livan sərhədində tranzit infrastrukturu olan” hərbi obyekt var ki, IDF-ın bildirdiyinə görə, Hizbullah oradan silahları tranfer etməyə çalışıb.
IDF həmçinin İsrail Hərbi Hava Qüvvələrinin cümə axşamı İsrail ərazisi üzərində Hizbullahın kəşfiyyat dronunu ələ keçirdiyini və onun atəşkəs razılaşmasını pozduğunu bildirib.
Bəyanatda deyilir ki, “IDF Livanda atəşkəslə bağlı əldə edilmiş anlaşmalara sadiq qalmağa davam edir və bu cürterror planlarının həyata keçirilməsinə icazə verməyəcək.”