Trampın Rusiya və Çinlə nüvəsizləşdirmə danışıqlarına dəstəyi ümidləri artırıb
Bu gün, 17:34
Silahlara nəzarət tərəfdarları ümid edirlər ki, ABŞ prezidenti Donald Trampın nüvəsizləşdirməyə dair verdiyi yeni sözlər Rusiya və Çinlə silahların azaldılması ilə bağlı danışıqlara səbəb olacaq.
Bir həftə əvvəl İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda çıxış edən Trampın sözlərinə görə, ABŞ-ın ruslar və çinlilərlə nüvəsizləşdirmə və yekun razılaşmalar üzrə danışıqları “mümkündür”.
Tramp qeyd edib ki, birinci müddətində Rusiya prezidenti Vladimir Putinlə mövzunu müzakirə edib.
"Biz iki ölkənin nüvəsizləşdirilməsindən danışırdıq və Çin də gələcəkdi. Prezident Putin nüvə silahlarının azaldılması ideyasını çox bəyəndi və mən hesab edirəm ki, biz dünyanı yolumuzu izləməyə məcbur edə bilərdik”.
ABŞ-ın sabiq prezidenti Co Bayden Peruda keçirilən APEC sammitində Çin prezidenti Si Cinpin ilə görüşərək nüvə silahının istifadəsi ilə bağlı qərarların insanların nəzarətində qalması barədə razılığa gəlib. Bu konsensus Çinin dörd ay əvvəl Amerikanın Tayvana silah satışına etiraz olaraq Vaşinqtonla nüvə silahlarına nəzarət danışıqlarını dayandırmasından sonra müsbət addım kimi qiymətləndirildi.
Böyük bir irəliləyiş 1987-ci ildə ABŞ və Sovet İttifaqı arasında Ortamənzilli Nüvə Qüvvələr Müqaviləsi (INF) ilə baş vermişdi. Növbəti il müqavilə tam qüvvəyə minmişdi. 1991-ci ilə qədər təxminən 2700 raket söküldmüşü. Bu, ilk dəfə idi ki, iki nüvə fövqəldövləti bu kimi silahların artımını məhdudlaşdırmaq əvəzinə, onların sayının azaldılmasına nail olmuşdu.
İllər keçdikcə amerikalılar və ruslar nüvə silahı üzərindəki inhisarlarını itirməyə başlayıb. Doqquz ölkə hazırda nüvə arsenalına malikdir. Baxmayaraq ki, İsrail heç vaxt belə silahlara malik olduğunu etiraf etməyib.
ABŞ və Rusiyanın hər birində 5000-dən çox nüvə başlığı var ki, bu da dünyanın ümumi sayının 90%-ni təşkil edir. Silahlara nəzarət tərəfdarlarının fikrincə, bütün ölkələrin nüvə silahlarının birləşmiş qlobal gücü dünyanı dəfələrlə məhv edə bilər.
2010-cu ildə ABŞ Prezidenti Barak Obama və Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən imzalanmış hazırkı Strateji Silahların Azaldılmasına dair Yeni Müqavilə (START) yerləşdirilmiş strateji nüvə başlıqlarının və çatdırılma sistemlərinin sayına məhdudiyyətlər qoyur, eyni zamanda onların yerində yoxlama və məlumat mübadiləsini də nəzərdə tutur.
Müqavilənin müddəti 2026-cı ilin fevral ayının əvvəlində başa çatır.
Moskvanın 1990-cı ildən bəri nüvə zəncirvari reaksiyasına səbəb olan hər hansı bir test keçirdiyi məlum deyil. İki il sonra Birləşmiş Ştatlar artıq nüvə silahlarını sınaqdan keçirməyəcəyini elan edib, baxmayaraq ki, subkritik simulyasiyalar davam edir. Digər nüvə dövlətləri də eyni addımı atıb, lakin Şimali Koreya son dəfə 2017-ci ildə nüvə sınağı həyata keçirib.