Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir
20-07-2024, 10:12
Ötən ilin 12 noyabr tarixində “İstanbul NS” klinikasında vəfat edən iş adamı, uzun illər “Natavan” trikotaj fabrikinin rəhbəri olmuş Böyükağa Şükürovun yaxınları onun ölümündə şübhəli məqamların olduğunu iddia edir.
Mərhumun qardaşı Qabil Şükürov “Qafqazinfo”ya müraciət edərək B.Şükürovun ölüm səbəbinin tam araşdırılmasını istədiklərini deyib.
O düşünür ki, qardaşının vəfatı ilə bağlı onlara verilmiş məlumat və görüntülər uzlaşmır:
“Qardaşım çox sağlam insan idi. 2014-cü ildə Mərkəzi Gömrük Hospitalında ürək əməliyyatı keçirmişdi, damarı dəyişdirilmişdi və səhhətində ondan sonra hər hansı şikayəti olmamışdı. Ötən il noyabrın 12-də mən Türkiyədə olarkən yeznəm günorta vaxtı qəfil zəng elədi ki, Böyükağa vəfat edib. Həmin gecə bilet alaraq təcili Bakıya gəldim.
Lakin gələndə məlum oldu ki, qardaşımı heç Bakıdakı bacılarımın belə xəbəri olmadan dəfn ediblər. Ayın 13-də qardaşımgilin həyətində yas mərasimi ilə bağlı toplaşanda mən sorğu-sual etməyə başladım ki, qardaşım harada, hansı səbəbdən vəfat edib. Mənə ilk olaraq dedilər ki, Böyükağa Mərkəzi Klinikada əməliyyat zamanı vəfat edib. Sonra həmin klinikaya getdim, orada dedilər ki, bu tibb müəssisəsində belə bir əməliyyat və ölüm hadisəsi baş verməyib”.
Q.Şükürovun sözlərinə görə, ona daha sonra qardaşının Mərkəzi Gömrük Hospitalında vəfat etməsini deyiblər:
“Lakin həmin xəstəxanada da deyilən məlumatı təkzib etdilər. Son 3 ayın tarixçələrini çıxardılar və məlum oldu ki, Böyükağa Şükürov adlı xəstə qəbul edilməyib. Bundan sonra başqa bir dövlət xəstəxanasının adı çəkildi, orada da qardaşımın olmaması üzə çıxdı. Qardaşımın ölüm kağızını əldə etdikdə onun Nərimanov rayonu ərazisində yerləşən “İstanbul NS” klinikasında vəfat etməsi məlum oldu.
Qardaşımın bəzi ailə üzvləri tərəfindən onun harada vəfat etməsinin gizlədilməsinin səbəbini heç cürə başa düşə bilmirdim. Ölüm kağızında qeyd edilmişdi ki, vəfat etmə səbəbi bağırsaq keçməzliyi olub və bundan çox şübhələndim. Xəstəxanada belə bir diaqnozdan insan itkisi çox nadir hallarda ola bilər”.
Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı vəkil tutub və ölüm hadisəsini araşdırmağa başlayıb:
“Vəkilim “İstanbul NS” klinikasında olanda oranın hüquqşünası bildirib ki, guya Böyükağa ilə qonşu olub və qardaşım daim orada müalicə alıb. Sonra sorğu verib cavab aldıq və məlum oldu ki, ölümdən əvvəlki 3 ayda qardaşım həmin klinikaya bir dəfə də olsun, müraciət etməyib. Şübhəli məqamları görüb məsələnin tam araşdırılması və ölüm səbəbinin müəyyən edilməsi üçün Nərimanov Rayon Prokurorluğuna müraciət etdik.
Həmçinin xəstəxanadan kamera görüntülərinin çıxarılmasını tələb etdik. Lakin günlər keçməsinə baxmayaraq, prokurorluq xəstəxanadan kamera görüntülərini əldə edə bilmədi. Əvəzində dedilər ki, ölüm hadisəsi zamanı mobil telefon vasitəsilə lentə alınmış videolar mövcuddur. Həmin kadrlarda isə ayrı-ayrı geyimlərdə olan şəxslər, harada olması bilinmədiyi formada nəsə edirlər və heç nə anlaşılmır”.
Qabil Şükürov qardaşının ölüm səbəbinin dəqiqləşdirilməsi və işə hüquqi qiymətin verilməsi üçün dövlət qurumlarına müraciət edib, qəbullarda olub:
“Lakin geridə qalan 9 ay müddətində heç bir konkret addım atılmayıb və zaman həqiqətlərin ortaya çıxmasının əleyhinə işləyir. Təyin olunan ilk ekspertizada xəstəlik tarixçəsində olan məlumatlar rəyə köçürülüb, əməli addım atılmayıb. Biz də rəydən şikayət etdik. Bundan sonra təkrar hərbi ekspertizaya göndərildi və iş çox uzadıldı. Məlum oldu ki, “İstanbul NS” klinikası ölüm rəyini 4 ay sonra yazıb, halbuki ölümdən dərhal yazılmalı idi.
Hərbi ekspertiza ölümün həkim səhlənkarlığından baş verməsinə rəy verib. Birinci klinikaya cinayət işi açılsın, iş araşdırılsın, həqiqətlər ondan sonra üzə çıxar, günahkarlar qanun qarşısında cavab verər. Konkret olaraq həkim səhlənkarlığı təsdiqləndiyi üçün o istiqamətdə cinayət işi açılaraq iş araşdırılmalıdır. Bundan sonra qardaşım Böyükağa Şükürovun hansı səbəbdən, hansı şəraitdə ölməsi və ya bəlkə də öldürülməsi üzə çıxacaq”.