Bələdiyyə sədrinə qarşı şok ittihamlar - MÜRACİƏT
23-07-2024, 10:04
Kürdəmir sakini Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinin əməkdaşlarını da saxta akt tərtib etməkdə günahlandırır
Kürdəmir rayonu, Şüşün kənd sakini İbrahimli Pərviz Tahir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya!
Ölkəmizdə 4-cü hakimiyyət olaraq, Sizin dəstəyinizə ehtiyacım var. Səsim cənab Prezidentimizə çatmır. İnanıram ki, ucqar bir kənddə baş vermiş qanunsuzluqlar sizin sayənizdə aradan qaldırılacaq. Kəndimizin barbar Bələdiyə başçısı və onun özlərini qanundan üstün hesab edən havadarları axır ki, qanunlarımızın məngənəsindən canını qurtara bilməyəcək.
Kürdəmir rayon, Köhünlü bələdiyyəsinin sədri Azər Ağayevin özbaşınalıqları barəsində lazimi qurumlara məlumat vermişdim. Bildirmişdim ki, Köhünlü Bələdiyyəsinin elə üzvləri var ki, illərdir iclaslarda iştrak etmir və özləri də kənddə yaşamır.
Həmçinin bildirmişdim ki, Azər Ağayev Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının qanununun tələbinə əməl etmir və seçicilərə hesabat vermir. O, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq, müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırmır.
Bununla yanaşı, bələdiyyəyə məxsus 100 hektarlarla torpaq sahəsi nəyinsə müqabilində qanunsuz olaraq, hərrac nəticələri və icarə müqavilələri olmadan istifadəyə verilib. Məktub ünvanlayaraq aşağıdakıları xahiş etmişdim.
1. Kürdəmir rayon, Köhünlü kəndi ərazisində olan bələdiyyə torpaqarının sahə ölçüləri və yerləşmə yerləri barədə məlumat təmin edilin.
2. Köhünlü Bələdiyyəsinin ərazisində qanuni icarə müqaviləsi olan torpaqlar barəsində seçicilərə məlumat verilsin.
3. Köhünlü Bələdiyyəsinin ərazisində qanunsuz istismar olunan 100 hektarlarla torpaq sahəsinin qanunsuz istismar olunmasına dair Cinayət Məcəlləsinin 188-ci maddəsinə uyğun hüqquqi addım atılsın.
4. Qeyri-qanuni istismar olunan torpaqlar dövriyyəyə qaytarılaraq hərraca çıxarılsın.
5. Torpqaların qeyri-qanuni istifadəyə verilməsinə görə korrupsiya faktı araşdırılsın.
10.07.2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinin əməkdaşları torpağa baxış keçirərək, akt tərtib ediblər. Qeyd edim ki, baxış zamanı torpaqlara dair heç bir sənəd təqdim edilmədi. Həmçinin, ölçülər aparılan zaman əmlak mütəxəssisləri ərazilərə dair sənəd aşkar edə bilmədilər. Lakin mənə akt təqdim edilərkən tərtib edilən aktın tam qanunsuz və saxta faktlarla dolu olduğunu gördüm. Qarşı tərəf akta imza atmayacağım təqdirdə aktın surətini əldə edə bilməyəcəyimi dedi. Bu faktı əmlak mütəxəsissinin üzərindəki video müşahidə cihazından da təyin edilə bilər. Aktı əldə etmək üçün imza atdım və qarşı tərəfə tərtib edilən aktdan şikayət edəcəyimi bildirdim. Tərtib edilmiş aktda olan qanunsuzluqları bir-bir qeyd etmək istərdim.
1. Aktda 15 hektar torpaq sahəsinin 26 avqust 2007-ci ildə Bələdiyyə qərarı və eyni tarixli icra müqaviləsi ilə Rüstəmov Zəmanət Fətalı oğluna icarəyə verildiyi qeyd edilib. Burdan belə çıxır ki, şəxsin icarə müqaviləsi 2032-ci ildə bitir. Halbuki, qeyd edilən ərazinin 22 hektarı 906012001114 nömrəli çıxarışla 1 avqust 2024-ci il tarixində hərraca çıxarılıb. Bu fakt tərtib edilən aktın saxta olmas barəsində əsaslı dəlildir.
2. Aktda qeyd edilib ki, 19.30 hektar torpaq sahəsi Zülfiqarov Hüseyn Ədalət oğlunun icarəsindədir. Halbuki, 906012001064 nömrəli torpaq sahəsi 11 oktyabr 2023-cü tarixində hərraca çıxarılıb və ölçüsü aparılan yerdə yerləşmir və tamamilə başqa adama məxsusdur.
3. Yuxarıda göstrilən faktlar Alıyev Etibar Alı oğlunun və Şahverdiyev Həsrəd Murad oğlunun istifadəsində olan torpaq sahələrinə də aiddir.
4. Ölçülən torpaq sahəsinin ümumi ölçüsü 120 hektar olduğu halda yuxarıda qeyd edilən sənədlərdə 68.34 hektar sahə barəsində məlumat var. Qalan torpaq sahələri barəsində heç bir məlumat yoxdur.
5. Mənim təqdim etdiyim digər sahələr haqqında mılumat akta daxil edilməyib.
Bütün faktlar göstərir ki, Kamil Həsənli təsir dairəsinə düşüb və ədalət prinsiplərini unudub. Qeyd edim ki, ölçü aparan zaman Bələdiyyə sədri torpaq sahələrinin sənədi olmadığını görərək, “konsert” verdi. Səsini başına ataraq məni “provikasiya”ya çəkməyə cəhd etdi. Bu səbəbdən də qanunsuz istismar olunan digər torpaq sahələrini əmlak mütəxəssislərinə təqdim edə bilmədim. Bunu nəzərə alaraq, aşağıdakıları xahiş edirəm:
1. Xahiş edirəm ki, ədalətin bərpası üçün əraziyə Bakıdan əmlak mütəxəssisləri göndərilsin.
2. Bələdiyyəyə məxsus bütün torpaq sahələrinin sənədləri yoxlanılsın.
3. Təkrar ölçü aparılan zaman Kürdəmir RPŞ-dən içtimai asayişi qorumaq üçün polis dəvət edilsin.
4. Tərəfimdən təqdim edilmiş koordinatlarla ölçü zamanı təqdim edilmiş 906013033032, 906013033033, 906013033034, 906012000745, 906012000746, 906012001064 çıxarışlardakı koordinatların uyğunluğu yoxlanılsın.
5. Media qurumları bütün ölçü prosesində iştrak etsinlər.
Həmçinin, aktda qeyd edilib ki, Kürdəmir rayon, Köhünlü kəndi ərazisində olan bələdiyyə torpaqarının sahə ölçüləri və yerləşmə yerləri barədə məlumat təmin edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinə rəsmi müraciət ünvanlamalıyam.
Hörmətli Ucar Ərazi Şöbəsinin rəhbərliyi!
Sizdən rəsmi şəkildə xahiş edirəm ki, yuxarıda qeyd edilən torpaqarın sahə ölçüləri və yerləşmə yerləri barədə məlumat verilməsi üçün rəsmi tələbimi icra edəsiniz.
Bununla yanaşı aktda qeyd edilib ki, Köhünlü Bələdiyyəsinin ərazisində qanuni icarə müqaviləsi olan torpaqlar barəsində məlumat verməsi üçün Köhünlü bələdiyyəsinə rəsmi müraciət etməliyəm.
Hörmətli Azər Ağayev!
Sizdən xahiş edirəm ki, Köhünlü Bələdiyyəsinin ərazisində qanuni icarə müqaviləsi olan torpaqlar barəsində mənə rəsmi məlumat verəsiniz”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.