Sahil Babayevin işçiləri sol ayağı 20-25 sm gödək olan şəxsin ömrünü gödəltmək istəyirlər -FOTOLAR+VİDEO
12-08-2024, 15:04
Məlumdur ki, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxslər hesab olunurlar. Eyni zamanda, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən müayinədən keçirildikdən sonra, müvafiq rəy çıxarılması yolu ilə əlil hesab olunur.
Belə şəxslərdən biri də Tovuz rayonu, Qovlar şəhəri, Sevil Qazıyeva küçəsi-36 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Pənahov Rəhman Arif oğludur. Bu günlərdə Rəhman Pənahov tərəfindən qerar.az xəbər portalının redaksiyasına video-müraciət daxil olub və bu şəxs həmin video-müracətində qeyd edir ki, “Mənim sol ayağımda anadangəlmə ciddi problemim var.
Yəni, sol ayağım sağ ayağıma nisbətən təqribən 20-25 sm gödəkdir və bundan əlavə, sol ayağımın diz nahiyəsində də ciddi problemimvar.
Bir sözlə, sol ayağımda anadangəlmə şikəstliyim var və belə bir səbəbdən də, ilk dəfə olaraq mənə 2005-ci ildə həkim komissiyasının qərarı ilə 2-ci qrup əlillik dərəcəsi verdilər. Üç il keçdikdən sonra, yəni 2008-ci ildə həkim komissiyası 2-ci qrup əlillik dərəcəmi ləğv edib, mənə 3-cü qrup əlillik dərəcəsi verdilər. Əslində belə bir qərarın qəbul olunması mənə qarşı göstərilən haqsızlıq oldu. Bu gün də 3-cü qrup əlilləm və buna görə dövlətdən cəmi 135 manat pensiya alıram. Hal-hazırda himayəmdə üç azyaşlı övladım var və beş nəfərdən ibarət ailə üzvlərimi heç cür dolandıra bilmirəm. Buna əsas səbəb, sol ayağımda anadangəlmə əmələ gələn şikəstlik problemimin olmasıdır.Faktdır ki, sol ayağım sağ ayağıma nisbətən təqribən 20-25 sm gödək olduğundan normal yeriyə bilmirəm ki, hansısa sahədə əmək fəaliyyəti ilə məşğul olub ailəmi dolandıram.
Qeyd edim ki, həkim komissiyası sol ayağımda əmələ gələn şikəstliyimlə bağlı düzgün qərar qəbul etmədiyindən, bu günə kimi bir çox dövlət qurumlarına, o cümlədən ƏƏSMN-nə yazılı şikayət ərizələri göndərmişəm. Son anda da heç bir nəticəyə nail ola bilməmişəm. Mən heç cür başa düşə bilmirəm ki, 2005-ci ildə həkim komissiyasının qərarından sonra sol ayağımda şikəstliyim aradan qalxdımı ki, komissiya 2008-ci ildə 2-ci qrup əlillik dərəcəmi ləğv etdi və mənə 3-cü qrup əlillik dərəcəsi verdilər. Bu nə yanaşmadır, hələ də başa düşə bilmirəm”.
Bəli, 3-cü qrup əlill Rəhman Pənahovun redaksiyamıza göndərdiyi video-müraciətə diqqət yetirdikdə bəlli olur ki, həqiqətən də həkim komissiyası bu şəxsə qarşı olduqca haqsızlıq edib. Yəni, bunu ümumi müşahidələrimiz və düşüncələrimiz əsasında dilə gətiririk. Video-müraciətdən görünür ki, Rəhman Pənahovun sol ayağı sağ ayağına nisbətən xeyli gödək olduğundan o, normal yeriyə bilmir. Bu da onu söyləməyə əsas verir ki, bu şəxsin hansısa sahədə əmək fəaliyyəti ilə məşğul olub ailəsini dolandırması ciddi problemlərin varlığından xəbər verir. Düşünürük ki, 3-cü qrup əlill Rəhman Pənahovla bağlı hazırladığımız bu məqalənin yayımlanmasından sonra, ƏƏSMN-nin rəhbər şəxsləri bu şəxsə qarşı qol qoyulan haqsızlığın aradan qaldırılması yöndə lazımi qərarlarını verəcəklər. Yəni, bu şəxsin əlillik dərəcəsi qanunamüvafiq qaydada təmin olunacaq.
Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.
Qerar.az