Separatçı necə müstəqil Azərbaycan tarixinin bilicisinə çevrildi?

19-08-2024, 13:14           
Separatçı necə müstəqil Azərbaycan tarixinin bilicisinə çevrildi?
Anar İskəndərov kimi keçmişi ləkəli şəxslərə YAP-ın parlament seçkilərində üstünlük verməsi müəmmalıdır

Növbədənkənar seçkilər yaxınlaşdıqca, artıq rəsmi olaraq namizədliyi təsdiq edilmiş deputatlığa namizədlərin də kimliyi bəlli olur. Ölkənin cənub bölgəsindən hakim partiyanın arxalandığı namizədlərin, demək olar ki, əksəriyyəti dəyişməyib. AzToday.az xəbər verir ki, onların arasında 2020-ci ildəki növbədənkənar parlament seçkiləri zamanı Yeni Azərbaycan Partiyasının (YAP-ın) siyahısında peyda olan “sürpriz-namizəd”lər də öz yerlərini qoruyub saxlayıblar.

Belə ki, 2020-ci ildə hakim partiya yeni “alim”lər cəlb etməyə başlayanda ağına-bozuna baxmadan keçmişi ləkəli şəxsləri də öz siyahısına daxil etdiyi Anar İsgəndərov kimilər görmədikləri günlərini növbəti dəfə yaşamağa hazırlaşırlar.

Ona görə ki, vaxtilə Bakı Dövlət Universitetinin tarix fakültəsində ağzı günə yatan Anar İsgəndərovun üstünə düşən “ay işığı”nın onu aydınlatmağa başlaması da ölkəmizdə Azərbaycan tarixinin tədqiqi ilə məşğul olan tarixçi alimləri də şoka salmışdı. Onun tarix fakültəsinə dekan seçdirilməsinə müqavimət göstərən əsl tarixçilərin əksəriyyəti Anar İsgəndərovun dekan olmasına ciddi-cəhdlə qarşı çıxış etmişdilər. Hansısa yollarla 1999-cu ildən BDU-nun mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri vəzifəsini daşıyan Anar İsgəndərovun yeni sevdaya düşməsinin qarşısını almaq istəyənlərin güclü faktları və arqumentləri də vardı. Həmin şəxslər öz etirazlarını onunla əsaslandırırdılar ki, A.İsgəndərov vaxtilə separatçı “Talış-muğan respublikası”nın ilk iclasında “maarif naziri” seçilmiş birisi olub, bu xam xəyallara inanaraq təxribata ortaq olan şəxsdən nəiniki dekan, heç ölkə vətəndaşı da olmayacağı şəksizdir.

Separatçı “Talış-muğan respublikası”nın “maarif naziri” kimi tanınan şəxsin Bakı Dövlət Universitetinin tarix fakültəsinə rəhbərlik etməsinin təkcə BDU üçün deyil, ölkəmiz üçün biabırçılıq olduğunu deyən tarixçilər əslində haqlı idilər. Onların müqaviməti nəticə verdi və Anar İsgəndərov elə mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri vəzifəsindəcə qaldı.

Amma tarixçilər düzgün saydığını, YAP-dakılar başqa cür saydılar... 1993-cü ildə “Talış-muğan respublikası”nda ona nazir vəzifəsi verilməsini təkzib edən Anar İsgəndərovun həmin vaxt Lənkəranda kolleclərə qəbul imtahanı həyata keçirən əsas iki şəxsdən biri olub. Lənkəran Dövlət Universitetinin ilk rektoru Hacıbaba Əzimov bununla bağlı dəfələrlə açıqlamalar verib. İsgəndərov 2019-cu ildə dekan ola bilməsə də, 2020-ci ilin fevralında keçirilən seçkilərdə Milli Məclisin, 2021-ci ildə YAP-ın VII qurultayında İdarə Heyətinin üzvü seçilməyə nail oldu.

Onun özünün 1973-cü ildən bəri Bakı Dövlət Universitetinin tarix fakültəsi ilə bağlı olduğunu iddia etməsinə gəlincə, Anar İsgəndərov həmin ildə ali məktəbə daxil olub. Dissertasiya müdafiəsi isə keçid dövründə, 1989-cu ildə baş verib, amma müstəqil Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etməyən, əksinə “qara ləkə” hesab edilən mövzuya həst olunub: “Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı”. Azərbaycanda sovet hakimiyyətindən bəhs edən mövzu ilə tarixçi alim kimi ortaya çıxan Anar müəllim müdafiə etdiyi mövzuya sadiq qalıb ki, Azərbaycanın müstəqilliyinə qarşı xəyanət kimi qəbul edilən və tariximizdə “qara ləkə” olan vaxtilə separatçı “Talış-muğan respublikası”na ümid bağlayıb. Həmin vaxt özünü siyasi xadim, alim hesab edən bir çoxları kimi A.İsgəndərovun da arzusu suya düşdü. Amma nədənsə A.İsgəndərov həmin sudan quruca çıxıb, izini itirmək üçün gedib tarixi mənbəşünaslığın dalınca və bu dəfə türk-müsəlman soyqrımını araşdırmağa baş qoşub. Separatçının son illər əzrində necə müstəqil Azərbaycan tarixinin bilicisinə çevrilməsi, YAP-ın Anar İsgəndərov kimi keçmişi ləkəli şəxslərə üstünlük verməsi doğrudan da müəmmalıdır və dəhşətlidir.

Çox təəssüf ki, 1 sentyabr növbədənkənar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyası onun namizədliyini Lənkəran kənd 78 saylı seçki dairəsindən verib. YAP-dakı başbilənlər unutsalar da, ölkəmizin cənubundakı seçicilərin Vətənə xəyanət edən, müstəqil Azərbaycanı qaranlıqlara qərq etmək istəyən və Rusiyadan birbaşa dəstək alan Ələkrəm Hümmətovun dəstəsinin üzvündən imtina etməyə tam haqları çatar. Çünki müstəqil Azərbaycan dövlətinin maraqlarına zidd fəaliyyətdə bulunmuş Anar İsgəndərovun xalqımızı parlamentdə təmsil etməyə zərrəcə haqqı yoxdur!

Nazim Əlizadə

AzToday.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.