Fidail Rəhimovun oğlu maliyyəçi Elnur Rəhimovu parlamentə kim və necə “daşıyır?” - “Bakı Tikiş Evi”ndən Milli Məclisə “TRAMPLİN”
19-08-2024, 17:03
Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə “qələbə”si öncədən proqnozlaşdırılan bir sıra namizədlərlə bağlı ortaya xeyli suallar çıxır.
2020-ci ilin fevralında keçirilmiş növbədənkənar seçkilər nəticəsində formalaşan VI çağırış Milli Məclis də gözlənildiyi kimi, özünün səalhiyyət müddətini sona qədər davam etdirmədi. Prezident İlham Əliyevin iyunun 28-də imzaladığı müvafiq Sərəncama uyğun olaraq, parlament vaxtından əvvəl buraxıldı və sentyabrın 1-nə yeni seçkilər təyin olundu. Təbii, erkən seçkilərə start verildikdən sonra bütün diqqətlər başda hakim partiya olmaqla, siyasi qüvvələrin, o cümlədən, müstəqil siyasətçilərin seçki hazırlıqlarına yönəldi. Eyni zamanda, təyin olunan seçkilərin ölkə parlamentarizmi tarixində yeni mərhələnin başlanğıcı olaraq təqdim edilməsi bu mühüm siyasi kampaniyaya marağı daha da artırırdı. O baxımdan, namizədlərin irəli sürülməsinə start verildikdən sonra partiyaların kimləri “döyüş”ə cəlb etmələri istiqamətində müzakirələr vüsət aldı.
Sözsüz ki, bu sırada ilk növbədə 1995-ci ildən sonra keçirilmiş bütün parlament seçkilərində parlament çoxluğuna sahiblənən Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısı bu müzakirələrin episentrini təşkil edirdi. Bu, bir tərəfdən YAP-ın hakim partiya olması ilə əlaqədar idisə, digər tərəfdən Milli Məclisin yeni tərkibinin əhəmiyyətli dərəcədə yeniləcəyinə dair gözləntilərlə şərtlənirdi. O baxımdan, parlamentin tərkibində gözlənilən yeniliklər YAP-ın deputatlığa namizədlər korpusunun tərkibi ilə əlaqələndirilirdi. Qısaca demək olar ki, bu gözləntilər təsəvvür edilən miqyasda doğrulmadı. Çünki YAP-ın parlament karyeraları hələ ötən əsrdən başlayan veteranlarının yeni siyahıda da yer alması həm birmənalı qarşıalanmadı, həm də bəhs olunan gözləntiləri yetərincə zəiflətdi. Yəni belə hesab edildi ki, hakim partiyanın stajlı deputatları yenə namizəddirlərsə, onların növbəti dəfə mandat almamaları istisnadır.
Lakin YAP-ın 1 sentyabr seçkilərində namizədliyini irəli sürdüyü fərdlərin içində yenilərin olmadığını söyləmək də imkan xaricindədir. Hər halda, nəinki cəmiyyətdə, hətta media cameəsində belə adını kimsənin eşitmədiyi bəzi fiqurlar hakim siyasi təşkilatın namizədləri qismində mübarizəyə qoşulublar. Doğrudur, onlardan bir çoxunun “növbətçi namizəd” olduqları iddia edilsə də, həmin şəxslərin YAP-ın deputatlığa rəsmi namizəd statusu qazanmalarının özü də üstündən sükutla keçiləcək məsələ deyil.
Cəmiyyətdə adı eşidilməyən, jurnalistlərin belə tanımadığı YAP-ın deputatlığa namizədləri arasında Elnur Fidail oğlu Rəhimovun adı xüsusi seçilir. Əslində, burada “seçilir” sözü bəlkə də yerinə düşmür – artıq deyildiyi kimi, onun hər hansı ictimai obrazı mövcud deyil. Amma onun adını ictimai diqqətə yönəldən ciddi bir amil var – o, “Bakı Tikiş Evi” ASC-nin rəhbəri Fidail Rəhimovun oğludur. Həm də sadəcə oğlu deyil, eyni zamanda, atasının maliyyə məsələləri üzrə müavinidir. Bununla belə, xarici ölkədə təhsil almaq və tanınmış iş adamının oğlu olmaq YAP-ın namizədlər siyahısına düşmək üçün nə qədər yetərli ola bilər? Axı son məlumatlara əsasən, hakim partiyanın üzvlərinin sayı 700 min nəfəri çoxdan keçib. Təsəvvür edin, onların arasında Elnur Rəhimova siyasətdə master-klass keçə biləcək yüzlərlə, minlərlə, lap on minlərlə hazırlıqlı insan var. O zaman “Bakı Tikiş Evi”ndə gəlir-çıxar məsələləri ilə məşğul olan birinin YAP-ın namizədlər korpusuna daxil edilməsi nə dərəcədə təbii görünür? Cavab özlüyündə aydındır.
Bundan başqa, Elnur Rəhimovun atası Fidail Rəhimovun rəhbəri olduğu “Bakı Tikiş Evi” ASC-nin də cəmiyyətdəki reputasiyası müsbət deyil ki bu amilin onun namizədliyinə təsirindən danışmaq mümkün olsun. Əksinə, son illərdə məktəbli formalarının istehsalını monopoliyaya götürən, o məhsullara istədiyi qiyməti qoyaraq valideynləri soymaqdan çəkinməyən bir şirkətin belə məsələlərdə pozitiv rolu ola bilməz.
Ona görə də Elnur Rəhimovun YAP-ın namizədlər syahısına salınmasında “qüdrətli gizli əl”in rolu haqqında fikir yürütmək olar. Bəli, rəqiblərindən biri uzunmüddətli deputat Ziyad Səmədzadə olsa da, YAP-ın namizədi olması onun mandat almaq şansını artırır. Ancaq mandat qazansa belə, fövqəladə nə baş verəcək ki? VI çağırış Milli Məclisin deputatı olan və namziədliyi yenə irəli sürülən, Nurlan Həsənovdan fərqli nə edəcək? O da xaricdə təhsil almışdı, “yeni təfəkkür” sahiblərindən hesab olunurdu. Amma mətbuata ilk açıqlamasındaca Azərbaycanla Almaniya arasında “möhtəşəm” müqayisə apararaq, özünü ömürlük gülüş hədəfinə çevirdi.
Görək, Elnur Rəhimov mandat alacağı təqdirdə Azərbaycanı hansı ölkə ilə müqayisə edəcək?
www.yenicag.az