İki xəstəxananın bir "şərikli xəstə"sinin dramı...
20-08-2024, 16:18
Sabunçu rayon sakini Vüsalə Əliyeva adlı xanım redaksiyamıza müraciət edərək, Modern və Memorial hospitalın ona və ailəsinə çox böyük maddi və mənəvi ziyan vurduğunu bildirib.
Vüsalə xanım "DogruXeber.az"a ünvanladığı ərizəsində yazır ki," Ötən ilin noyabr ayında 19 yaşlı qızım Leyla Məhərrəmlinin sağrı nahiyəsindəki anadangəlmə xalında ağrılar yarandığı üçün "Modern" hospitala müraciət etdik. Orada xalı USM müayinəsi etdilər və bizi Elvina Səlimova adlı həkim-proktoloqun yanına göndərdilər. Elvina Səlimova müayinə cavabına baxdı və bildirdi ki, "Xalı götürmək lazımdır".
Elə həmin gün Elvina xanım özü mənim qızımı təcili yardım otağına aparıb neştərlə xalı açdı.
Qeyd edim ki, qızım ağrı hiss etdiyi üçün ona ardıcıl 9 ədəd novakain iynəsi tətbiq edildi. Hətta, buna rəğmən ağrını güclü hiss etdiyi üçün Leyla huşunu itirdi. Belə olan halda bəzi dərman preparatları ilə onu ayıldıb, yenidən əməliyyatı davam etdirdilər. Yara açıldıqdan sonra məlum oldu ki, xalın altında kütlə var imiş. Elvina Səlimova onu mənə verib, Memorial hospitalda əkdirib, bədxassəli olub-olmadığını aydınlaşdırmağımı məsləhət gördü.
Biz belə də etdik.
Amma, bir neçə gün gün sonra Memorial hospitalın verdiyi cavab övladıma da, mənə də, bütün ailəmə də vurulan ən ağır, sarsıdıcı zərbə oldu.
Cavabda qızımın xərçəng xəstəsi olduğu yazılırdı.
Bu cavab deyildi, ailəmizi mənəvi olaraq məhv edən yazılı material idi...
Xəbərin şoku ilə bir müddət özümüzə gələ bilmədik.
Sonra, bir neçə fərqli xəstəxanalarda qızım müayinə edildi və məlum oldu ki, sən demə Elvina Səlimovanın bizi göndərdiyi Memorial hospital yanlış diaqnoz veribmiş.
Amma, nə yazıq ki, qızıma bu yanlış diaqnoza görə Leylaya hüceyrə iynəsi belə vuruldu, bəzi müalicələr, lazımsız müayinələr, şüalı aparatlar və sair tətbiq edildi. İndi qızım da, özüm də o, zaman yaşadığımız travmanın təsiri səbəbilə əsəblərimizi sakitləşdirmək üçün müalicə alırıq."
Bəli, bu, müraciətçinin ironiya ilə" qəssabxana" adlandırdığı iki özəl xəstəxananın - Modern və Memorial hospitalların bir gənc qızın və ailəsinin ömrünə "balta vuran" yanlışı idi və nə yazıq ki, bu hadisə sözügedən hospitalda yaşanan yeganə yanlışlıq da deyilmiş. Özünü Vüsalə Əliyevaya hospitalın direktoru kimi təqdim edən Füzuli adlı şəxs ona giley edən xanımla söhbəti zamanı, artıq ikinci dəfə eyni hadisənin baş verdiyini deyib.
Bu isə o, deməkdir ki, hələ özlərinin etiraf etdiyinə görə, artıq ikinci insana yaşarkən ölümü dadızdırıblar.