Hektarlarla torpaq sahələri Həsənovların əlində necə cəmləşib?- Cəlilabadda qazilər şikayətçidir FOTO

20-08-2024, 15:28           
Hektarlarla torpaq sahələri Həsənovların əlində necə cəmləşib?-
Cəlilabadda illərdir ki, torpaq sahələri qanunsuz olaraq məmur və qohumları tərəfindən zəbt edilib. Onlar bu torpaqların bir qarışını belə nə şəhid ailələrinə, də qazilərə verməyə razı olurlar. Redaksiyamıza müraciət edən rayonun Maşlıq kənd sakini Qarabağ vetranı Sarvan Xudaverdiyev və Muğan kənd sakini Qarabağ əlili Bəxtiyar Qürbətov də bu özbaşınalıqdan şikayətçidirlər. Onlara illərdir ki, əkib-becərmək üçün torpaq ayrılmır.

Sarvan Xudaverdiyevin iki oğlu isə 44 günlük Vətən müharibəsi iştirakçısıdır: “Bütün bunları icra başçısının qəbulunda olanda onun diqqətinə çatdırdım. O, da mənə torpaq verilməsi üçün bələdiyyə sədri Vasif Həsənova göstəriş verdi. Binadan çıxandan sonra heç elə bil icra başçısı bələdiyyə sədrinə belə bir tapşırıq verməmişdi. Heç vecinə də almadı və çıxıb etdi”.

Qarabağ əlili Bəxtiyar Qürbətov da eyni halla üzləşdiyini deyir: “Keçmiş bələdiyyə sədri mənə 10 hektar torpaq ayırmışdı. Torpağın icarə müddətini uzatmaq üçün müraciət etsəm də Muğan bələdiyyəsi bundan qəsdən imtina etdi. Vasif Həsənov torpağı əlimdən ala-ala gətirib 3 hektarda saxladı. Mən də icra başçısının qəbulundə oldum. Tapşırıq verdi, amma yenə bələdiyyə sədri tapşırıqları qulaqardına vurdu”.

B.Qürbətov deyir ki, o, bundan sonra ölkə başçısına teleqram ünvanlayıb: “Buna görə məni icra hakimiyyətinə çağırıb dedilər ki, “yekə kişisən, niyə prezidentə teleqram vurursan. Problemimi həll etmək əvəzinə, onlar mənə buna görə irad bildirirlər. Bir sözlə, prezidentə etdiyim müraciətləri də bir qırağa qoydular”.

B.Qürbətov deyir ki, o, bu il üç hektar torpaq sahəsindən yabanı otu biçərkən bələdiyyə sədri ilə əlbəyaxa olub: “İcra nümayəndəsi Rövşən Həsənov dedi ki, “atamın sahəsindən şikayət var, o, otu biçməyəcəksə, sən də biçməyəcəksən. Beləcə davamız düşdü, bələdiyyə sədri Vasif Həsənov da mənə mane olmağa çalışdı. Əlbəyaxa olduq, heç əlil olduğuma belə hörmət qoymadılar. Əraziyə polis çağırdılar. Polislər çox sağ olsun ki, əlil olduğumu görüb geri qayıtdılar”.

Hektarlarla torpaqlar qohum olan Həsənovların əlində necə cəmləşib?

Cəlilabad rayon Muğan kənd bələdiyyəsi və icra nümayəndəliyi bacanaq olan Həsənovların nəzarətindədir. Bələdiyyə sədri Vasif Həsənovun atası Rasif Həsənov uzun illər Muğan bələdiyyəsinin sədri və Muğan kənd icra nümayəndəsi işləyib. 2013-cü ildə R.Həsənov bələdiyyədə işlədiyi müddətdə 2010-cu ildə ilkin sənədləşmələr aparmadan 12 min 770 manat məbləğində pul vəsaitini qanunsuz olaraq mənimsədiyi üçün ona Baş prokurorluq tərəfindən cinayət işi açılıb. Bu linkə tıklamaqla tanış ola bilərsiniz: (https://genprosecutor.gov.az/az/post/1117 ). 2021-ci ildə Rasif Həsənov tərəfindən özünə 2240 manat məbləğində artıq əmək haqqı yazılması nəticəsində ümumilikdə 6331 manat məbləğində bələdiyyə büdcəsində ziyan vurulmasına dair əsaslı şübhələr müəyyən edilmişdir. Baş Prokurorluq tərəfindən ona ikinci dəfə cinayət işi açılıb. Bu linkə tıklamaqla tanış ola bilərsiniz: (https://genprosecutor.gov.az/az/post/4332 ). Amma hansısa sehirli əllər Rasif Həsənovu bu cinayət işindən xilas edə bilib. Təsəvvür edin ki, indi bu şəxsin oğlu Vasif Həsənov Muğan bələdiyyəsinin sədridir.

Muğan kənd icra nümayəndəsi Rövşən Həsənov isə Rasif Həsənovun həm bacısı oğlu, həm də bacanağıdır. B.Qürbətov deyir ki, hər yay ot biçini vaxtı Rasif Həsənov sahələrdə olur. Adama sual verərlər ki, sən əgər bələdiyyədə işləmirsənsə, bu yerlərdə torpağın yoxdursa, sahələrdə nə gəzirsən. Təsəvvür edin ki, Maşlıq kəndinin otlaq sahəsi bu şəxslərin qohumları və yaxınları tərəfindən zəbt edilib.

Rasif və Rövşən Həsənovların Rusiyada yaşayan qayınları Fərail və İntizam və üç il öncə dünyasını dəyişən qayınatası Əşrəf Şahbazov 75 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt edib. Onların bu sahəsinə Uzuntəpə kənd sakini Fariz Nəsirov nəzarət edir. İcra nümayəndəsi Rövşən Həsənovun atası Allahverdi Həsənov 25, Nəsirov Tural 15, Hüseynov Tahir 5, Hacı Xudu adlı şəxs 5, Zeynal adlı şəxs (Uzuntəpə) 10, Kamran adlı şəxs (Uzuntəpə) 10, Maşlıq sakini Vahid Əliyev 15, Maşlıq kənd sakini Məhərrəmov Həmzəxan 25, Alxas adlı şəxs 40, bələdiyyə sədri Vasif Həsənovun atası Rasif Həsənov isə 110 hektar örüş sahəsini zəbt edərək öz nəzarətində saxlayır.

Hazırda icra nümayəndəsi Rövşən Həsənovla məhkəmə çəkişməsi davam edən Muğan kənd sakini Tərlan Ağayev dəhşətli faktları açır və sənədlərlə sübut edir:

“Mənim şikayətim əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsi tərəfindən icra nümayəndəsi Rövşən Həsənovun atası Həsənov Allahverdi Xosu oğlunun qanunsuz zəbt etdiyi torpaq sahəsinin 16.69 ha örüş sahəsində biçin işləri apardığı üçün akt tərtib edildi. Əraziyə Muğan bələdiyyəsinin sədri Vasif Həsənov çağırılsa da o, müxtəlif bəhanələrlə monitorinqdə iştirak etməkdən imtina etdi. Bu sənəddə də qeyd olunub”. T.Ağayev qeyd edib ki, həmçinin icra nümayəndəsi Rövşən Həsənovun əmisi Babayev Əyyar Xosu oğlu barəsində də 3.24 ha örüş sahəsini zəbt etməsi və həmin sahədən ot biçilib daşınması faktı aşkar faktı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət tərkibi halı yaradır. Bu şəxs barəsində də akt tərtib edildi”. T.Ağayev deyib ki, ekspert rəyiylə birlikdə akt tərtib olunub, aidiyyatı üzrə Cəlilabad İcra Hakimiyyətinə, Prokurorluğuna və Polis şöbəsinə göndərilsə də, təəssüf ki, heç bir tədbir görülməyib. Araşdırma qrupu
REDAKSİYADAN:Adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq!
Bələdiyyə sədri Həsənov Vasif redaksiya ilə əlaqə saxlayaraq yazıların böhtan olduğunu və şikayətçilərin onlara şər atdığını dedi.Bu adamlar 3 ildir torpaqdan rüsumuz zadsız istifadə edirlər, birində 2 hektar, o birində isə 3 hektardan çox torpaq sahəsi var. Burada ot biçirlər. Hər il 700-800 bağlma ot götürürlər burdan. Daha neyləməliyik onlar üçün Bəyəm kənddə tək qazilər onlardır?
Onuda qeyd edim ki, onlar torpaqların hərracı zamanı ərizə vermişdilər, lakin hərrac qabağı ərizələri geri götürdülər. Əgər düz adamlardılarsa hərracda iştirak edəydilər.Amma etmədilər.
Birdə bizim bələdiyyə məsələmizə başçıənın nə dəxli var? Burda başçılıq heç nə yoxdur.
Qeyd: Bütün narazı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
TEREF














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.